KÖŞƏ

Zahid Rza

AXC öz xəyanəti ilə torpaqlarımızın işğal altına düşməsində günahkardır

26 noyabr 2020 19:32
1667

Azərbaycan, Rusiya prezidentlərinin  və Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları birgə Bəyanat işğalçı ölkənin kapitulyasiyası ilə nəticələndi. Ermənistan Ağdam rayonunu boşaltdı, Eyni zamanda Kəlbəcər rayonu da Azərbaycana qaytarıldı. 

Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib. Ölkəmizin başçısı xalqa müraciətində bildirib ki, Kəlbəcər rayonunun işğal altına düşməsində o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsi məsuliyyət daşıyır: “1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır."   

Danılmaz həqiqətdir ki, o zaman Şuşanın təhvil verilməsində, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsində, Kəlbəcərin işğal edilməsində AXC-Müsavat hakimiyyəti günahkardır. Bu gün sosial şəbəkələrdə yalanları, iftiraları və tarixi təhrif etməsi ilə ikrah doğuran o vaxtkı müdafiə naziri “əgər Şuşa əldən getsə, başıma güllə vuracağam” deyirdi. Şuşa xəyanətkarlığın qurbanı oldu, erməni quldurları tərəfindən işğal olundu, ancaq bu sözləri deyən  o müdafiə nazirinin heç ruhu da incimədi.

O illərdə müstəqilliyini yenicə elan etmiş Azərbaycan ağır, gərgin günlərini yaşayırdı. Qarabağ və ətraf rayonlar od içində yanırdı. 1992-ci ildə iqtidarda olanda bu bədnam qüvvələr ölkənin inkişafı, torpaqların mühafizəsi naminə bircə addım atmadılar, ən ağır günlərdə insanların çağırışına, fəryadına cavab vermədilər, bununla da torpaqlarımızın zəbt olunmasına şərait yaratdılar. İnsanlar nə edəcəyini bilmirdi. Dinc əhali çaş-baş qalmışdı. Əliyalın, köməksiz, təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə üz-üzə qalan vətəndaşlarımız tamamilə ümidsiz və çarəsiz vəziyyətdə idilər.

Məhz o illərdə, Azərbaycanın müstəqilliyi, suverenliyi təhlükə altına düşdüyü bir vaxtda, ermənilərin Qarabağda at oynatdığı bir zamanda AXC-nin başı paytaxt Bakıda hakimiyyət davasına qarışmışdı. 1992-ci ildə ölkədəki faktiki hakimiyyətsizlikdən istifadə edərək silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu bir il ərzində ölkəni tamamilə uçuruma sürükləmişdi. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn bu  savadsız, naşı qaragüruhçu qüvvələrin respublikanın idarəçiliyini zəbt etməsindən sonra  müstəqilliyimiz təhlükə altına düşmüşdü.

Qaragüruhçu,  Ermənistanı zəlil günə qoyan sorosçu Nikol Paşinyan kimi meydan və küçələrdən gələrək iqtidarı zəbt edən AXC-Müsavat hakimiyyəti əslində ölkədə talançılıqla məşğul idi. Hamımızın yaxşı xatırladığı kimi məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. “Cəbhəçilərin” birillik hakimiyyəti dövründə ölkədə anarxiya, xaos, hərc-mərclik baş alıb gedirdi. Qanunsuz silahlı birləşmələr, quldur dəstələri meydan sulayırdılar. Hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan, diletant “rəhbər”lərin səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Ən dəhşətlisi isə o idi ki, məhz həmin illərdə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi. Çünki o zaman vahid komandanlıq olmadığına görə ordu ayrı-ayrı şəxslər tərəfindən idarə olunurdu. Xalq Cəbhəsinin rəhbərliyində olan, yüksək vəzifə tutan hər bir şəxsin tabeliyində başıpozuq hərbi dəstələr var idi.  Hakimiyyətin yuxarı eşalonunda təmsil olunanlardan dövlət katibi, parlament sədri, müdafiə və daxili işlər nazirləri xalqın maraqlarına uyğun gəlməyən mövqelər sərgiləyir, onların başıpozuq dəstələri arasında tez-tez silahlı qarşıdurmalar baş verirdi.  Artıq hamıya bəlli idi ki, AXC-Müsavat hakimiyyəti Azərbaycanı uçuruma aparır.

İş o yerə çatmışdı ki, o zamankı ölkə başçısı 1993-cü ilin mayında keçirdiyi müşavirədə bütün dövlət strukturlarında korrupsiya və rüşvətxorluğun baş alıb getdiyini bildirmişdi. Prezident Ə.Elçibəyin üzünü müşavirədəki dövlət məmurlarına tutaraq “Bizim sayəmizdə bu respublika dağılır, niyə bu respublikanı dağıdırsınız?” deməsi də hamımızın yaxşı yadındadır.

Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində  xalq ümidini ulu öndər Heydər Əliyevə bağladı, onun dövlət idarəçiliyini ələ almasını istədi, dünya şöhrətli siyasətçini Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994-95-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Qısa müddətdə ölkədə milli birlik və həmrəylik bərpa olundu. Cəbhədə vəziyyət dəyişdi. Uğurlu Horadiz əməliyyatı aparıldı.

Hamımız  yaxşı bilirik ki, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyündən qalan ağır mirasdır. Xüsusilə 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün xəyanətkar siyasəti torpaqlarımızın terrorçu ermənilər tərəfindən işğal edilməsinə əlverişli şərait yaratdı. Bu gün hər birimiz tariximizi dərindən öyrənməli, 1992-93-cü illərin həqiqətlərini  idrak etməli, reallıqlardan çıxış edərək hadisələrə düzgün qiymət verməyi bacarmalıyıq.