KÖŞƏ

Vəli İlyasov

Makronun və ermənipərəst senatorların əyri-üyrü sifətləri

30 noyabr 2020 22:04
1662

Bildiyimiz kimi, Fransa Senatı özünün əsl sifətini göstərərək qondarma “Artsax” rejimini tanıdı və hökumətə tövsiyə etdi ki, “dqr”in müstəqilliyini tanısın. Orada bir sürü fransız senatora diktə edən beş-on  ermənipərəst senator hökumətə “ağıllı” məsləhətlər də verib. Tövsiyə xarakterli həmin kağız parçasında  Azərbaycan və Türkiyə əleyhinə qarayaxmalar öz əksini tapıb. Aşkar yalan və uydurma ittihamlar üzərində uydurulmuş bu sənəd həm də Azərbaycanı "son hərbi əməliyyatlar nəticəsində tutduğu əksər ərazilərdən öz qoşunlarını dərhal çıxarmağa" çağırır. Bununla ürəyi soyumayan ermənipərəst senatorlar Fransa hökumətindən tələb ediblər ki, "ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Qarabağda sərhədlərin 1994-cü ilin mayında atəşkəslə bağlı imzalanmış müddətsiz üçtərəfli anlaşmaya uyğun olaraq bərpası üçün bütün lazımi addımları atsın"...

Gülünc tövsiyədir və onu qəbul edənlərin səviyyəsizliyini nümayiş etdirir. Otuz il əvvəl Ermənistan Azərbaycan ərazilərini müharibə yolu ilə işğal edəndə, minlərlə günahsız azərbaycanlını vəhşicəsinə qətlə yetirəndə, bir milyondan çox soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salanda Fransa hökuməti və Senatı lal və kar idi. Otuz illik erməni işğalını və törədilən vəhşilikləri susub izləyən erməni sevgililərin yalnız indi dilləri açılıb. Özü də ağızlarını elə açıblar ki, ətrafı üfunət bürüyüb.

Politoloqların qənaətinə görə, bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur. Lakin belə yanaşmaların separatizmin tüğyan etdiyi müasir dünyadakı analoji münaqişələrə və gələcək sülhyaratma proseslərinə mənfi təsiri ola bilər.

Siyasətçilər belə hesab edirlər ki, əslində Fransa Senatına nə Dağlıq Qarabağda yaşayan ermənilərin taleyi, nə də ki, Qarabağ münaqişəsində kimin qalib, yaxud məğlub olması o qədər də maraqlı deyil. Bu dairələr üçün əsas olan öz ölkəsinin bölgədəki hərbi-geosiyasi və geoiqtisadi marağına meydan açmaqdır. Bu isə mümkün deyil, çünki Azərbaycan dostunu-düşmənini artıq yaxşı tanıyır.

 Fransanın Xarici İşlər Nazirliyi guya manevr edərək ölkəsini təmsil edən senatorların tələm-tələsik belə bir kəskin və subyektiv qərar verməsindən dərhal narahat oldu və açıqladığı bəyanatda XİN rəsmisi “Senatın “dqr”in müstəqilliyi”ni birtərəfli tanımasının nə Ermənistana,  nə də Fransanın özünə hər hansı bir fayda verməyəcəyini” xüsusi vurğuladı. Görünür, Fransanın diplomatiya idarəsi prezident Makronun erməniləri açıq dəstəkləməsinin ardından, indi də Senat üzvlərinin erməni diasporuna yarınmaq və Cənubi Qafqazdakı proseslərdən kənarda qalmamaq təşəbbüsünə qoşularaq belə absurd qərar qəbul etməsinin hələ dünyada bir çox ciddi nəticələrə yol açacağının fərqindədir.

Aydın görünür ki, Azərbaycan Silahlı Qüvvələrinin  44 günlük II Qarabağ müharibəsinin gedişində qazandığı rəşadətli qələbə ermənipərəst dairələri çox narahat etməkdədir.  Şübhəsiz, Azərbaycanın cavabı özünü çox gözlətməyəcək və yəqin ki,  Fransa ilə bütün əlaqələri yenidən gözdən keçirmək lazım gələcəkdir.  Hələlik Azərbaycan Milli Məclisinin etiraz bəyanatı qəbul edilərək Fransa dövlətinə rəsmən verilib. BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun üzvü olan və beynəlxalq sülhyaratma prosesində “tərəfsiz vasitəçi” missiyasını öz üzərinə götürmüş Fransa adlı ölkənin Makron kimi prezidentinin müharibənin gedişində açıq-aşkar işğalçı Ermənistanı dəstəkləməsi, sonra da bu ölkənin Senatının belə bir ədalətsiz və absurd qərar qəbul etməsi yəqin ki, dünyada gələcəkdə separatçı hərəkatlara və milli-etnik müharibələrə rəvac verəcək. Belə qərəzli qərarlar heç zaman izsiz qalmır və dünyada mövcud olan kövrək sülhü və dövlətlərarası nizamı pozur, xalqlar arasında bir-birinə düşmənçilik, inamsızlıq və nifaq salır.

Artıq xeyli müddətdir ki, müsyö Jordan demiş “Parij dağılır”, hökumətə etiraz edənlərin sayı 130 mini ötüb. Makron hökuməti etirazçıları buzlu suya və polis dəyənəyinə, yumruq və təpiklərə “qonaq” etməkdən utanmayaraq bunu “demokratiya ” adlandırır. Ermənistan Azərbaycanda məğlub olduqdan sonra gündəlik qayğıları ilə məşğul olduğu halda Makron ortaya düşüb ona vəkillik edir, necə deyərlər, “İt əl çəkdi, motal əl çəkmədi.”

Bütün bu baş verənlərin fonunda ermənipərəst Fransa senatorlarının və Emmanuel Makronun əyri-üyrü sifəti açıq göründü.