KÖŞƏ

Zahid Rza

Məğlub Ermənistanın qaranlıq perspektivləri

02 dekabr 2020 16:30
2629

Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qələbəsi münaqişə ətrafında yaradılmış geostrateji vəziyyəti kökündən dəyişdi. Azərbaycan yeni reallıq yaratdı, status-kvo ləğv olundu, respublikamızın suverenliyi və ərazi bütövlüyü təmin edildi. Rəşadətli ordumuz işğalçı Ermənistan ordusunun yenilməzliyi haqqında 27 il müddətində yaradılmış mifi 44 gündə dağıtdı. Düşmən ölkənin silahlı qüvvələri diz çökdürüldü və Ermənistan kapitulyasiyaya məcbur edildi. Bütün dünya ölkəmizin qüdrətini, Ali Baş Komandanımızın qətiyyətini, xalqımızın sarsılmaz birliyini bir daha gördü. Düşmənə bütün sahələrdə unuda bilməyəcəyi tarixi dərs verildi. Hazırda  məğlub Ermənistan ağır böhran içindədir. Bu ölkə bütün sahələrdə naməlum, qeyri-müəyyən istiqamətə yönəlib. Ermənistan iqtisadiyyatı tənəzzülə uğrayıb, respublikada siyasi qeyri-sabitlik, xaos, anarxiya hökm sürür, perspektivlər aydın deyi, maliyyə sektorunda acınacaqlı vəziyyət yaranıb, ölkə ərzaq qıtlığı ilə üz-üzə qalıb.

Noyabrın 10-dan sonra Ermənistanda siyasi ab-hava daha da ağırlaşıb. Əhalinin baş nazir Nikol Paşinyan hökumətinə inamı plundus səviyyəsindən də aşağı enib. Məğlub ölkənin baş naziri hətta tərəfdarlarının ümidini itirib. Bu gün Ermənistanda həddindən artıq antipaşinyan atmosferi formalaşıb. Mitinqlər, küçə yürüşləri bütün ölkəni cənginə alıb. Ermənistan cəmiyyətindəki kütləvi psixoz artıq sərhəd tanımır. Özünü "demokrat" kimi qələmə verən Paşinyan ölkədə əsl diktatura rejimi qurub. Respublikada totalitar rejim hökm sürür. Söz və ifadə, sərbəst toplaşmaq azadlıqları kobud şəkildə pozulur,  mövcud rejim müxalifətə qarşı daha sərt, daha amansız repressiyalarını davam etdirir. Mətbuata  ən sərt şəkildə senzura tətbiq olunur.  

Bu gün Ermənistanda sosial-iqtisadi gərginlik pik nöqtəsindədir. Aclıq, səfalət və müharibədə acı məğlubiyyət ölkədə miqrasiya prosesini təhlükəli həddə çatdırıb. Son vaxtlar işsizlərin 20 faizdən çoxu iş axtarmaq ümidi ilə xarici ölkələrə üz tutub. Ölkədə yaşanan demoqrafik problem müharibə zamanı düşmənin ordusunun şəxsi heyətlə təminatı prosesinə də öz güclü təsirini göstərdi. Məsələ ilə bağlı Ermənistanın prezidenti Armen Sarkisyanın bugünlərdəki etirafları bunun əyani təsdiqidir. Ermənistan korrupsiya risklərinin çox yüksək olduğu 17 ölkə arasındadır. Beynəlxalq təşkilatların işğalçı ölkədə korrupsiya faktları ilə bağlı hesabatında bildirilir ki, bu ölkədə korrupsiya halları ötən il nəinki  azalmayıb, əksinə, daha da artıb. Bu yaxınlarda Ermənistanın "İravnuk” qəzeti yazıb ki,  müdafiə sahəsindəki korrupsiya nəinki ordu quruculuğuna, bütövlükdə  ölkə iqtisadiyyatına mənfi təsir edib: "Müdafiə, milli təhlükəsizlik və daxili işlərlə bağlı parlament komissiyaları çox güclü deyil. Biz büdcə və hesabatların nə dərəcədə yaxşı idarə olunduğunu bilmirik. Faktiki olaraq Müdafiə Nazirliyi lazımi nəzarət olmadan istədiyi büdcəni əldə edə bilir, öz vasitələrindən istədiyi kimi istifadə edir. Daxili auditlə bağlı heç bir məlumat yoxdur. Əsgərlər lazımi informasiyalar əldə edə bilmirlər, onların arasında təbliğat aparmaq mümkün deyil. Öz seçimlərini ya komandirlərin təlimatı ilə, ya da bilmədən edirlər”. Sosial-iqtisadi vəziyyətin pisləşməsi işğalçı ölkədə cinayətkarlığın artmasını getdikcə sürətləndirir. Artıq erməni sosioloqlar kriminallaşan erməni cəmiyyətinin məhv olması prosesinin daha da tezləşməsinin qaçılmaz olduğu barədə həyəcan təbili çalırlar.

Əslində Ermənistanda bu gün  bir çox sahələr, xüsusilə gəlirli sahələr, vergi daxilotmaları hesabına deyil, erməni diasporlarının ianəsi və xaricdən alınan borcların hesabına fəaliyyət göstərir. Bütün bunlar ölkəni xaricdən daha çox asılı vəziyyətə salmaqla yanaşı, eyni zamanda sosial-iqtisadi problemlərin miqyasını daha da genişləndirir. Yeri gəlmişkən, Ermənistana diaspor təşkilatlarından maliyyə axını da ciddi azalıb. N.Paşinyanla Rusiyadakı erməni lobbisi arasında dərin uçurum səbəbindən şimaldan gələn yardımlar azalıb. Rusiyada işləyən erməni miqrantların köçürmələri də kəskin şəkildə aşağı düşüb.  ABŞ-da koronavirusun daha da geniş yayılması bu ölkədən də daxil olan yardımlara təsirsiz ötüşməyib.

 Pandemiyanın iflic etdiyi Ermənistanda müşahidə edilən iqtisadi kollapsdan bəhs edən nüfuzlu nəşrlərin, tanınmış ekspertlərin açıqlamalarından aydın görünür ki, bu ölkənin iqtisadiyyatı fəlakətli vəziyyətdədir. Cari  ilin nəticələrinə əsasən, respublikada ÜDM-in azalma dərəcəsi iqtisadi tənəzzül kimi ikirəqəmli ola bilər. Həmçinin ölkədə milli valyutanın devalvasiyası, əhalinin gəlirlərinin azalması, yoxsulluq faizinin artımı gözləniləndir. 2020-ci ilin sonuna kimi erməni milli valyutasının miqyaslı devalvasiyası riskləri mövcuddur. Eyni zamanda, Ermənistan Milli Bankının imkanları çox məhduddur. Hazırda Mərkəzi Bankın ehtiyatları təxminən 6 aylıq idxalın dəyərinə bərabərdir. Beynəlxalq təşkilatlar qeyd edirlər ki, Ermənistanın investisiya cəlbediciliyi nəinki çox aşağıdır, həm də  investisiyaların siyasi riskləri həddindən artıq yüksəkdir.

 Təbii ki, bütün bunlar məğlub Ermənistana yalnız qaranlıq prespektivlər vəd edir.