KÖŞƏ

Elçin Zaman

Şərtləri qalibər diktə edir

02 dekabr 2020 17:11
2488

Azərbaycanı Cənubi Qafqazda yenilməz güc sahibinə çevirən 44 möhtəşəm gün 

Artıq 30 illik həsrətdən,  nisgildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını  kəsdi. Bütün elimizə, obamıza qələbə ərməğan etdi, yurdundan didərgin düşən yüzminlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkdi, yurda qayıdış ümidlərini dirçəltdi. Qalib Sərkərdəmiz işğaldan azad edilən Vətən torpaqlarına başı dik, üzüağ, qürurlu bir qəhrəman kimi qədəm qoydu...

Barbar Ermənistan son 30 ildə elə məkrli planlar qurmuşdu ki, onlar güman edirdilər ki, daha Azərbaycan xalqı bu torpaqlara qayıtmayacaqdır. Elə bilirdilər ki, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən çıxarıb ata biləcəklər. Buna görə də işğal etdiyi bütün yurdlarımızı viran etmiş, daşı daş üstündə qoymamışdı. Təbiətimizə qənim kəsilmiş, çaylarımızı qurutmuş, meşələrimizi yandırmış, qiymətli ağaclarımızı kəsib məhv etmişdi. Bu illər ərzində bütün yeraltı-yerüstü sərvətlərimizi talayaraq qəsb etmiş, maddi-mədəni abidələrimizə sahib olmağa çalışmışdılar. Doğma torpaqlarımızda Azərbaycan xalqından heç bir nişanə qalmaması üçün ağlagəlməz vəhşiliklərə əl atmışdılar.

Amma yanılmışdılar, cılız ağılları ilə anlaya bilməmişdilər ki, Qarabağ Azərbaycandır! Azərbaycan Ordusunun bir-bir azad etdiyi yurdlarımızın çəkiliş kadrlarına baxdıqca, o viranə qalan yurdlarımızı gördükcə insanlar dəhşətə gəlirdi. Ancaq bu gün dağılan məscidlərimizdən ucalan azan səslərini eşitdikcə ruhumuz dincəldi, ümidlərimiz dirçəldi, güvənimiz artdı.

Bəli,İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq hərbi qələbəsi nəinki ölkəmizin tarixinin, bütövlükdə dünyanın ən mühüm hadisələrindən biri oldu. Bu savaşın ən böyük özəlliyi, əlbəttə ki, öz haqq işi uğrunda mübarizə aparan xalqımızın üzləşdiyi beynəlxalq təzyiqlərə, ikili standartlara baxmayaraq, ərazi bütövlüyünü təmin etməsidir. Digər tərəfdən, 44 günlük döyüşlərin nəticəsi olaraq Ermənistanın 30 ildən artıq davam edən işğal siyasətinə son qoyulması müasir dünyada bu tip problemlərin həlli ilə bağlı ən gözəl nümunədir.

Beynəlxalq hüquqla müəyyən edilmiş prinsiplər, öhdəliklər olduqca mükəmməldir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı, onun qlobal münasibətlər sistemindəki hüquqları bu prinsiplərin əsas hissəsini təşkil edir. Ən əsası bu prinsiplər bütün dövlətlər üçün eynidir, hüquqlar və öhdəliklər baxımından heç birinə fərq qoyulmur.

Lakin reallıq ondan ibarətdir ki, bəzən beynəlxalq hüquq ya icra olunmur, ya da böyük dövlətlərin maraqlarına xidmət edir. Məsələn, 1993-cü ildə BMT-nin Ermənistanın işğalçı qoşunlarının Azərbaycandan çıxarılmasını tələb edən 4 qətnaməsi qəbul olunsa da, sonrakı dövrdə onların heç biri yerinə yetirilmədi. Daha dəqiq desək, bu sənədlərə səs vermiş beynəlxalq ictimaiyyət onu icra etməyi Ermənistandan tələb etmədi. Halbu ki, ondan əvvəl də, sonra da bu cür qətnamələrin elə beynəlxalq təşkilatların qərarları ilə məcburi şəkildə yerinə yetirilməsinə dair faktlar var və hansı ki, bu zaman xüsusən Qərb dövlətləri ədalətin təmin olunmasını yox, əsasən öz siyasi və iqtisadi maraqlarını güdüblər.

Azərbaycanla Ermənistan arasında 28 il idi ki, nəticəsiz qalan sülh danışıqları beynəlxalq hüququn normalarının yerinə yetirilməməsi baxımından ən böyük müasir tarixi ədalətsizlik idi. Lakin Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, bu ədalətsizliyi təkbaşına, Qərbin köməyindən istifadə etmədən də yoluna qoymaq mümkündür. Eyni zamanda, bu qələbə ilə sübut edildi ki, Qərbin ədalətinə güvənmək olmaz.

Bir sözlə, Azərbaycan kimi böyük olmayan bir dövlətin öz haqq işini yoluna qoyması bu gün analoqu olmayan bir hadisədir. Ölkəmizin bu uğurunda həm hərbi gücümüz, həm də Prezident İlham Əliyevin uzaqgörən siyasi-diplomatik gedişləri əsas rol oynayıb. Belə ki, sülh danışıqlarının ilk günündən Azərbaycan bu prosesə sadiq qalmaqla yanaşı, həm də hərbi imkanlarını müasir çağırışlara uyğun olaraq davamlı şəkildə artırıb. Və bu gün ortaya çıxan həqiqətlər respublikamızın nə qədər düzgün mövqe tutduğunu göstərir. Məlum idi ki, Ermənistan heç vaxt işğal etdiyi rayonları qaytarmaq istəməyib. İşğalda olan rayonlarımızda həyata keçirilən qanunsuz məskunlaşdırmalar, kommunikasiya xətlərinin çəkilməsi, onların adlarının dəyişdirilərək erməniləşdirilməsi də bunu təsdiq edir.

Buna görə Prezident İlham Əliyevin ötən 17 ildə daha çox diqqət yetirdiyi məsələ ordu quruculuğu idi. Ölkə rəhbəri müdrik və uzaqgörən siyasətçi kimi proseslərin nəticəsini əvvəlcədən görürdü. Lakin taleyüklü məsələdə uğur qazanmaq üçün uyğun şərait yetişməli və ya doğru zaman seçilməli idi. Bu mənada ötən 17 ildə danışıqlar prosesinə sadiq qalan cənab İlham Əliyev həm də problemin güc yolu ilə həlli istiqamətində gedişləri xüsusi diqqət mərkəzində saxladı. Dövlət büdcəsində hərbi xərclərin ilk pillədə dayanması da Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyindən xəbər verirdi. Bunun nəticəsi olaraq Azərbaycan Ordusu elə bir səviyyəyə gəlib çatdı ki, döyüş imkanları sarıdan dünyanın ən güclü hərbi qüvvələri ilə bir sırada dayandı. Xüsusilə qeyd etməliyik ki, açıq və qətiyyətli siyasət yürüdən Ali Baş Komandan İlham Əliyev məqsədini heç vaxt gizlətməyib, günlərin birində Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad edəcəyini həmişə bəyan edib. Bir neçə gün əvvəl Ağdam şəhərinə səfər edən Prezident, Ali Baş Komandan bu barədə danışaraq deyib: «Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə bizim hərbi xərclərimiz hər il büdcə xərcləri arasında birinci yerdə idi. Mən deyirdim və ya vətəndaşlara izah edirdim ki, bəli, bizim çoxlu başqa məsələlərimiz var, həllini gözləyən problemlər var. Ancaq bizim əsas problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazım olan texnikanı aldıq. Bu texnikanı, müasir silahları Azadlıq meydanında dəfələrlə keçirilmiş paradlarda nümayiş etdirirdik. Biz ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdik. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi».

44 günlük davam edən İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin diktə və şərtləri əsasında başa çatdı. Ermənistanın müharibənin ilk günlərindən bu şərtlərə əməl etməməsi ona tarixinin ən böyük zərbəsini vurdu. 4 rayonun, həmçinin Şuşa şəhərinin döyüş yolu ilə işğaldan azad olunması Azərbaycanın möhtəşəm hərbi zəfəri kimi tariximizi şərəfləndirdi. Mühüm məsələlərdən biri odur ki, ordumuzun uğurlu döyüş əməliyyatları hazırda hərbi baxımdan inkişaf etmiş ölkələrdə öyrənilir, təlimlərlə sınaqlardan çıxarılır.

Noyabrın 10-da Ermənistanın baş naziri N.Paşinyanın imzaladığı kapitulyasiya aktının bəndlərindən ikisi artıq yerinə yetirilib. Ağdam, Kəlbəcər və Laçın rayonları boşaldılaraq təhvil verilib. İndi bu torpaqlarda Azərbaycan bayrağı ucalır. Beləliklə, 44 günlük müharibə qətiyyətli Ali Baş Komandan İlham Əliyevin şərtləri ilə bitdi.

Elçin Zaman,

«İki sahil»