Vəli İlyasov |
Azərbaycan lideri İlham Əliyevin qəzəb, təəccüb, nifrət və yumor dolu, qısa müddətdə çox populyarlaşan bu sualını indi Ermənistanın baş nazirinə Rusiya politoloqları verməyə başlayıblar. Lakin Nikol Paşinyandan səs-səmir yoxdur, cavab gəlmir. Özgə vaxtlar dil-dil ötən bu məxluq indi dilini udub. Bəlkə Paşinyan nə azərbaycanca başa düşür, nə rusca? İnsandır, ola bilər. Məsələ ondadır ki, bilməsə belə ətrafındakılar artıq ermənicəyə çoxdan tərcümə edərək ünvanına çatdırıblar. Əsl məsələ ondadır ki, Paşinyan üç dildə səslənən bu suala heç bir dildə cavab verə bilmir. Çünki özündən müştəbehlərin hamısının sonu həmişə belə olur, patronları qurtaranda danışmağa söz tapmırlar.
Noyabrın 10-dan sonra Ermənistanda mərəkə elə qarışıb ki, Paşinyan nə üzə çıxa, nə də ona meydanlarda qışqıra-qışqıra verilən saysız-hesabsız suallara cavab tapa bilir. Həmişə döşünə döyən, özünü qalib ölkənin başçısı kimi aparmağa çalışan Ermənistan baş nazirinin başı indi özünə qarışıb, gəmisinə su dolan siçan kimi hər tərəfə qaçır ki, xilas yolu tapsın, ancaq o yol yoxdur, kəsilib. Hələ də bir xalq kimi formalaşmamış erməni kütlələri ayağa qalxaraq onu istefa verməyə çağırır. Ancaq lal olmuş dövlət başçısı həm də karlaşıb, sanki dördbir tərəfində çalınan qulaqdeşən zurna səslərini eşitmir. Çünki bu zurna Cıdır düzündə çalınan zurnadan deyil.
Nikol o günə qalıb ki, özü ayaqüstə ola-ola ermənilər yığışıb yerinə adam da tapıblar. Bu, “Qarabağ klanı”nın üzvlərindən biri, əvvəllər baş nazir, müdafiə naziri və bir çox vəzifələrdə işləmiş Vazgen Manukyandır. Xatırladırıq ki, bu, həmin Manukyandır ki, Azərbaycanın zəif durumundan istifadə edərək silahlı erməni quldur dəstələrinə hücumları təşkil edir, dinc və günahsız soydaşlarımızı amansızlıqla soyqırımına məruz qoyurdu. Bədnam general əsir tutduqları azərbaycanlılara ağır işgəncələr verilməsinə və onların təhqir edilməsinə başçılıq edənlərdən biridir. Bu gün müharibə canilərindən biri kimi o da həbsə alınıb müttəhimlər kürsüsündə oturmalıdır. Ancaq o, dövlət başına gəlmək, Azərbaycana qarşı köhnə işğal planlarını yenidən işə salmağa çalışır. Düşünmür ki, Azərbaycan vaxtilə onun işğal etdiyi Azərbaycan deyil. Əgər hakimiyyətə köhnə iddiaları ilə gəlsə, onu da Nikol Paşinyanın aqibəti gözləyəcək. Hələlik Paşinyan hakimiyyət kreslosundan bərk yapışıb. Hədə-qorxular, təhdidlər, hökumət və parlament binalarına, baş nazir iqamətgahına edilən hücumlar, etirazçıların “istefa” çağırışları ona kar etmir. “Yeddi oğul istərəm” adlı filmimizdəki Gəray bəy demişkən: “Paşinyanın canı it canıymış.”