KÖŞƏ

Vəli İlyasov

Bizə Qələbə sevinci yaşadan gün

11 dekabr 2020 17:44
1913

Otuz ildir bu günü gözləyirdik, nəhayət Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin illər boyu apardığı işlər öz şirin bəhrəsini verdi-Azərbaycan möhtəşəm Zələbə paradı gördü. Fərəhlə qeyd edə bilərik ki, bu, Azərbaycanın son iki yüz ildə qazandığı ilk qələbədir. Vaxtilə bir çoxlarına möcüzə kimi görünən Zəfər paradı ölkə başçımızın Zəfər üçün bütün sahələrdə vacib olan on yeddi illik gərgin fəaliyyətinin nəticəsidir.

Mən paradda nümayiş etdirilən hərbi texnika, müasir silahlar və qoşun növləri barədə danışmayacam.Bu Qələbənin təmin olunmasında ölkə rəhbərimizin fəaliyyəti barədə qısaca da olsa söz açmaq istəyirəm. On yeddi il xarici dövlətlərin başçıları və beynəlxalq təşkilatlarla danışıq aparan Prezidentimiz bütün görüşlərində bildirirdi ki, biz Azərbaycan-ErmənistanDağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyin tərəfdarıyıq, lakin bu baş tutmasa onda torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. Azərbaycanın uzun illər səbir və dözüm göstərməsi Ermənistan rəhbərliyində və ictimaiyyətində tamamilə səhv fikirlər formalaşdırdı. Gəlib-gedən iqtidarlar elə düşünürdülər ki, Azərbaycan gec-tez işğalla barışacaq. Düşünürdülər ki, işğalı uzatmaqla buna nail olacaqlar. Ancaq onlar yanılırdılar və bu səhv düşüncə sonda onları məğlubiyyətə apardı. 2018-ci ildə Ermənistanda hakimiyyəti zorakılıqla ələ keçirən Nikol Paşinyan isə daha uzaqlara gedərək işğalı dərinləşdirmək və genişləndirmək məqsədi ilə “yeni müharibə, yeni ərazilər” kimi sərsəm ideya irəli sürdü.

İş o yerə çatdı ki, Nikol Paşinyan Azərbaycanın qədim Şuşa şəhərinə gələrək yallı oynadı və şəhəri uydurma “dqr”in paytaxtı elan edəcəyini, qondarma rejimin “parlamentini” buraya köçürəcəyini bəyan etdi. Bundan sonra, 2020-ci ilin iyul ayında növbəti Tovuztəxribatı ona hesablanmışdı ki, Ermənistan yeni ərazilərimizi işğal etsin. Bu, artıq Azərbaycanın səbir kasasını doldurdu. Xalqımız ayağa qalxaraq iqtidarla sıx birlik nümayiş etdirdi. Müharibə üçün hər cür hərbi, iqtisadi, siyasi və informasiya hazırlığı aparan Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq sentyabrın 27-də Azərbaycan Ordusuna “İrəli!” komandası verdi. Düşmənin “alınmaz”hesab etdiyi möhkəmləndirilmişmüdafiə istehkamları Ordumuzun ilk sarsıdıcı zərbələri ilə darmadağın edildi, strateji yüksəkliklər ələ keçirildi. Müasir hərbi üsullarla müharibə aparan Azərbaycan Ordusunun gözlənilməz və sarsıdıcı zərbələrinə davam gətirə bilməyən erməni qoşunları silah-sursatı ataraq döyüş meydanından qaçdılar. Ermənistan rəhbərlərinin lovğalıqla ortalığa atdıqlarıməğlubedilməzlik mifi cəmi bir neçə gün ərzində sabun köpüyü kimi əriyib yox oldu. Ermənistan gözlədiyinin əksinə olan başqa bir müharibə ilə üzləşdi və illərlə hazırladığı və yenilməz hesab etdiyi əngəllər sürətlə yenildi.

Dünyanın ən güclü 50 ordusundan biri olan Azərbaycan Ordusu Ermənistan rəhbərlərinin topladıqları otuz illik hərbi arsenalını cəmi 44 gün ərzində məhv etdi. Şuşada və işğaldan azad edilmiş bütün rayon mərkəzlərində Azərbaycanın üçrəngli bayrağı qaldırıldı. Tarixdə deyildiyi kimi, “Qılıncla gələn qılıncla da məhv oldu.”

Dekabrın 10-da həsrətində olduğumuz Zəfər paradı yurdumuzu rövnəqləndirdi, hər bir soydaşımız Qələbəmizi böyük bayram kimi qarşıladı. Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında çıxış edən Prezident İlham Əliyev bildirdi ki, bu meydanda çox paradlar keçirilib, ancaq bu parad Zəfər paradıdır. Yüz minlərlə soydaşımızın böyük coşqu ilə iştirak etdiyi Zəfər paradı ümumxalq bayramına çevrildi. Onu da qeyd etməliyik ki, ən ağır məqamlarda bizə mənəvi dayaq olmuş Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan və Türkiyə Silahlı Qüvvələrinin bir qrupunun -2783 nəfərinin Zəfər paradında iştirak etmələri xalqımız tərəfindən sonsuz minnətdarlıqla qarşılandı. Həmin rəqəm şəhidlərimizin sayını göstərir və qəlbimizi riqqətə gətirən rəmzi məna daşıyır.

Zəfər paradımız həm düşmənlərimizə, həm dostlarımıza, həm də bütün dünyaya Azərbaycanın, həm də onun Silahlı Qüvvələrinin gücünü nümayiş etdirdi.

Zəfər paradımız mübarək olsun! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Prezidenti, var olsun müzəffər Milli Ordumuz!