KÖŞƏ

Vəli İlyasov

Milli Qəhrəman adın mübarək, igid qazimiz!

14 dekabr 2020 17:25
1550

Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə kəşfiyyatçı İbad Hüseynova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Haqqında sğhbət açdığımız İbad Hüseynov 1970-ci ildə Xocavənd rayonunda dünyaya gəlib. Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman İbad Hüseynov Rusiyanın Amur vilayətindəki hərbi hissələrdən birində  qulluq edirdi. Burada o, Sovet dövlətinin rəhbəri Mixail Qorbaçovun 1990-cı il yanvarın 20-də Bakıya xaincəsinə qoşun yeritdiyini və çoxlu sayda günahsız soydaşlarımızın öldürüldüyünü eşidəndə rahatlığını itirib Vətənə qayıtmağa can atır. Azərbaycandan olan digər hərbçilərlə birlikdə onların da Vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Nəticədə rəhbərlik İbad Hüseynovu və aclıq aksiyasında iştirak edən dörd nəfər əsgər yoldaşını dörd ay əvvəl tərxis etməli olur.

Vətənpərvər soydaşımız doğma Xocavənd rayonuna qayıtdıqdan dərhal sonra yerli özünümüdafiə dəstəsi yaradır. Həmin dövrdə Dağlıq Qarabağ münaqişəsinin kəskin mərhələsi başlamışdı. Ermənilərin xaricdən gətirdikləri  terror qrupları yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqları ilə seçilirdilər.

Ermənilərdə regionda yerləşən sovet ordusundan və ya xaricdən alınmış silah- sursat, maddi təchizat və hərbi texnika vardı. Bütün Qarabağ əhalisində olduğu kimi, Xocavənd rayonu əhalisinin də müdafiə üçün silah-sursatının çatışmadığına baxmayaraq qorxmaz  İbad kəşfiyyat-diversiya dəstəsi yaradır və gözlənilmədən erməni tərəfə keçərək onları məhv edir. Baş çavuş İbad Hüseynov düşmənin silah-sursatını ələ keçirərək dəstəsini gücləndirirdi.

Erməni tərəfinin danışıqlarını radiostansiya vasitəsilə izləyəndə məlum olur ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə Suriyadan “Abo” ləqəbli məşhur erməni terrorçusu və təcrübəli səhra komandiri gəlir. Azərbaycanlılar bu ləqəbin Monte Melkonyana məxsus olduğunu bilmirdilər. Ancaq onu Abo kimi tanıyır və bilirdilər ki, ermənilər Abonun əmrlərinə danışıqsız tabe olur və ona hörmət edirlər. Sonralar məlum oldu ki, o, bir neçə Yaxın Şərq müharibəsində vuruşub, Avropada, Suriyada və İraqda terror dəstələrinə rəhbərlik edib. Həmçinin o da  məlum idi ki, Abo Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Qaradağlı qırğınında, Xocalı soyqırımında amansızlığı ilə fərqlənib. Digər yaşayış məntəqələrində də Abo qətliamlarda erməni quldur dəstələrinə rəhbərlik edib. Əsir tutulmuş azərbaycanlıların ağlagəlməz işgəncələrə məruz qoyulmasına özü göstərişlər verib.

İgid İbad günahsız azərbaycanlıların tökülmüş qanı üçün şəxsən Abodan qisas almağı özünə söz verir və terrorçunun bütün hərəkət planları və əməliyyatları haqqında məlumatlar topmağa başlayır və onu məhv etməyə hazırlıq görür. Eyni zamanda Abo da ermənilər qarşısında  lovğalanaraq İbadı əsir götürməyə və onu cəzalandırmağa söz vermişdi. Nəhayət, rəqiblər çay kənarında qarşı-qarşıya gəlirlər. Abo hiylə işlətməyə çalışsa da İdad onun şirnikdirici təkliflərinə uymur və əlbəyaxa döyüşdə Abonu məhv edir. 

Yadımızdadır ki, Abonun öldürülməsi Ermənistanda matəm kimi qeyd edildi, Azərbaycan torpağında göstərdiyi şərəfsizliklərinə görə ona Ermənistanın milli qəhrəmanı adı verildi və İrəvanda Monte Melkonyanın meymuna oxşayan heykəli qoyuldu. Bununla murdar ürəkləri soyumayan ermənilər kəşfiyyatçı İbad Hüseynovun başı üçün külli miqdarda pul mükafatı da  təyin etdilər. Çünki o, hər yerdə erməni yaraqlılarına ciddi zərbələr vurmaqda davam edirdi.

26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başını, əllərini və ayaqlarını ağır zədələyir və o, koma vəziyyətinə düşür. İyirmi səkkiz  gün komada qalır. Moskvadan gəlmiş məşhur cərrah onun vəziyyətininin ağır olduğunu görüb heç nəyə zəmanət vermədiyini açıqlayır.  İbad  qoltuq ağaclarında gəzməli olur və xəstəxanalarda müalicə alır. İgid döyüşçünün müharibə zamanı aldığı zədələrə görə sağ ayağı və sağ qolu uzun zaman hərəkətsiz qalır. Ancaq möhkəm iradəli İbad Hüseynov uşaqlıqdan idmanla məşğul olduğu üçün qismən öz sağlamlığına qayıdır. Hospitaldan çıxdıqdan dərhal sonra o cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır. İgid kəşfiyyatçı 9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə  "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir. Atəşkəs illərində əfsanəvi kəşfiyyatçının döyüş yolları barəsində “Xüsusi təyinatlı İbad” çoxseriyalı bədii filmi də çəkilib və onun döyüş xidmətləri heç vaxt yaddan çıxmayıb.

Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev I Qarabağ müharibəsinin qazisi, baş çavuş İbad Hüseynova Azərbaycanın Milli Qəhrəmanı fəxri adının verilməsi ilə bağlı Fərman imzalayıb. Bu xoş xəbəri igid qaziyə çatdıranda sevincinin həddi-hüdudu olmayıb. Yalnız həyəcan keçirərək pıçıltı ilə qısaca: “Mən bilirdim, inanırdım ki...” kəlmələrini söyləyib.

Adına yaraşan gözəl mükafatın mübarək, qəhrəman qazimiz!