KÖŞƏ

Vəli İlyasov

Ara, sənin Xankəndidə nə itin azıb?

11 yanvar 2021 15:43
1764

44 günlük Vətən müharibəsində Ermənistanın işğalçı qoşunları müzəffər ordumuzun  ildırım sürətli zərbələri  ilə tarmar olunaraq məğlub edildi.

Artıq 10 noyabrdan-Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında II Qarabağ müharibəsinin yekununa dair üçtərəfli sənədin  imzalanmasından iki ay keçib. Bu müddət anlaşmanın bir sıra bəndlərinin həyata keçməsi ilə yadda qaldı. Lakin reallaşdırılması gözlənilən bir çox mühüm müddəalar, onların həyata keçirilməsini Ermənistan tərəfindən əngəlləyən süni maneələr də var.

Üçtərəfli Bəyanatın zəruri etdiyi ən mühüm məsələlərdən biri ərazimizdə qalmış erməni qanunsuz silahlı qruplarının  tərksilahı ilə bağlıdır. Çünki quldur-terrorçu dəstələr öz mövcudluğunu saxladıqca bölgədə daimi sülhdən danışmağa dəymir.

Təəssüf ki, Ermənistanda xaricdəki havadarlarına arxayın olan və Qərbdəki bəzi məkrli dairələrin qızışdırdığı separatçı ünsürlər hələ də zor  göstərməyə, öz varlıqlarını hansısa şəkildə nümayiş etdirməyə çalışırlar. Guya mifik “dqr” hələ də öz mövcudiyyətini saxlayır, hətta onun öz “ordusu”, “hökuməti”, “nazirləri” var. Quldur dəstələrinə başçılıq edən  Araik Arutyunyan Qarabağda gizli surətdə ora-bura vurnuxmaqla “mən də varam” deyib su bulandırmaqla məşğuldur. Bu kimi ağılsız ideyalara rəvac verən ünsürlər həm İrəvandan, həm də xaricdən təsir göstərərək kapitulyasiya şərtlərini pozmağa cəhd edirlər. Separatçılar imkan düşdükcə Xankəndiyə  “nümayəndə heyətləri” göndərməklə xaricdəki havadarlarına guya “dqr”ə dəstək verdikləri barədə yalançı görüntü yaradırlar.

Bugünlərdə Ermənistanın xarici işlər naziri  Ara Ayvazyanın Xankəndinə etdiyi təxribatçı səfər də, imzaladığı hansısa kağız-kuğuz da sözsüz ki, eyni mərama - guya “ikinci erməni dövləti”nin mövcud olması, Dağlıq Qarabağ konfliktinin bitmədiyi haqda dünyada yanlış rəy yaratmağa xidmət edir.

Ermənistan müharibədə kapitulyasiyaya uğradıqdan sonra Azərbaycan ərazilərində gizlənib təxribat-diversiya hərəkətləri törədən kiçik silahlı dəstələrə dəstək verilməsi də bu məqsədi güdür. Ermənistanın Şirak vilayətindən 62 nəfərin silahlandırılaraq təxribat törətmək üçün gizli yolla Azərbaycan ərazisinə ötürülməsi ermənilərin xam xəyallarından başqa bir şey deyildi və məlum olduğu kimi, onların bu niyyətləri də gözlərində qaldı.

Bir neçə gün əvvəl “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan və həmin partiyadan olan deputat Taron Simonyan Xankəndi şəhərinə gəliblər. Səfər zamanı onlar keçmiş və qondarma “dqr”in oyuncaq “təhlükəsizlik şurası”nın sədri Vitali Balasanyanla görüşüblər. Dediyimiz kimi, bu, Ermənistan siyasilərinin Xankəndiyə gələrək separatçılarla ilk görüşü deyil.  Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki çıxışında Ermənistana xəbərdarlıq edərək rəsmi Bakının buna sərt cavab verəcəyini bildirib.

Edmon Marukyan və digər deputat rəsmi dövlət nümayəndələri olmasalar da, onların Azərbaycan sərhədini pozaraq Xankəndiyə gəlmələri, burada separatizmi körükləmələri cinayətdir.

Bu kimi planlar və hərəkətlər həm gülüncdür, həm də ermənilərin həyasızlıqlarının sonsuz olduğunu göstərir. Boğulmaqda olan və saman çöpündən belə yapışmağa cəhd edən ağılsız iddiaçılar başa düşmək istəmirlər ki, onların qatarı qəzaya uğrayıb.

Aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsini ən çox ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri olan Fransa arzulayır. Ona görə ki, 44 günlük müharibədə “kiçik bacı” Ermənistanın acınacaqlı məğlubiyyəti, Dağlıq Qarabağdakı saxta rejimin de-fakto sıradan çıxarılması, ən əsası, imzalanan kapitulyasiya sənədi nəticəsində rəsmi Paris oyundankənar vəziyyətə düşüb və yeni geosiyasi reallığı həzm edə bilmir. Türkiyəyə və Azərbaycana qarşı sərsəm mövqe tutan ermənipərəst dairələrin əlində oyuncağa çevrilmiş Makron hökuməti son aylarda müxtəlif sarsaq gedişləri ilə özünü axmaq vəziyyətə salıb.

Fransa parlamentinin məlum fitnəkar qətnaməsi, Ermənistanda və Xankəndidə erməniləri Azərbaycana qarşı revanşa kökləmək cəhdləri də Qarabağ trekində Parisin diplomatik fiaskosu ilə birbaşa bağlıdır, nəinki ermənilərə canıyananlıqla. Bu, olsa-olsa “kiçik bacı”dan istifadə etməyə çalışmaqdır.  Vasitəçilik məsələsində daim qərəzli, birmənalı ermənipərəst mövqe tutan Fransa gərək belə ədalətsiz mövqenin nəticələrini ağılla qarşılamağa da hazır olaydı.   Ancaq aydın görünür ki, Makron hökuməti buna hazır deyil və hələ də naftalin iyi verən nimdaş imperiya iddiaları ilə yaşamaqdadır.    Azmış itlərini Xankəndidə axtaran Ara Ayvazyan isə anlamalıdır ki,    başlarının üstündəki dəmir yumruq bir gün onun başına elə dəyə bilər ki, adını da  yadından çıxarar, hələ üstəlik qondarma “artsax” ideyalarını da.  Ara anlamalıdır ki, indiki vəziyyətdə ağıllanmaqdan başqa çarə yoxdur, sonra gec olar. Eyni aqibət quldur dəstəsinin başçısı Araik Arutyunyanı da gözləyir. O, öz başkəsən dəstəsi ilə Azərbaycan ərazisini tezliklə tərk etməlidir. Çünki keçiriləcək antiterror əməliyyatından yaxa qurtara  bilməz. Azərbaycan rəhbərliyi rəsmi surətdə bəyan edib ki, silahlı ermənilərin Qarabağda qalmasına imkan verməyəcək və onlar zərərsizləşdiriləcək. İndi Araik öz taleyini özü seçsin. Necə deyərlər, bu meydan, bu da şeytan...