KÖŞƏ

Vəli İlyasov

ABŞ vassal Ermənistana dəstək verməz

04 fevral 2021 17:02
2584

Tarix boyu onun-bunun arxasında daldalanıb başqalarına namərdlik etmək ermənilərə xas olan xüsusiyyətdir. Ermənistanın biabırçı məğlubiyyəti ilə yekunlaşmış 44 günlük müharibədə də bu ənənə dəyişmədi. Rəsmi İrəvan düşünülməmiş təxribatları ilə  Rusiyanı Azərbaycana qarşı müharibəyə cəlb etməyə çalışdı. Ancaq həmin təxribatçı cəhdlərin hamısı uğursuzluqla nəticələndi.

ABŞ-da Tramp hakimiyyətinə heç cür yol tapa bilməyən ermənilər indi kursu dəyişərək Co Bayden administrasiyasına yol axtarırlar.  Rəsmi İrəvan ABŞ-ın yeni prezidenti Co Baydendən kömək  umur. Erməni siyasi dairələri hesab edirlər ki, guya Cənubi Qafqazda mövqeləri sarsılmış Ağ Ev Ermənistana birmənalı dəstək verməkdə maraqlıdır. Bununla da Ermənistanı yenidən dirçəltmək və Dağlıq Qarabağla bağlı “cəhənnəmə göndərilmiş və gorbagor olmuş”  status-kvoya geri dönmək mümkün ola bilər. Ona görə də Bayden administrasiyasının öz səlahiyyətlərinin icrasına başlaması Ermənistanda bəzi siyasi dairələri bir qədər ruhlandırıb.

Son günlərdə erməni siyasətçiləri və politoloqları davamlı olaraq müxtəlif Ağ Ev təmsilçilərinin ünvanına komplimentlər yağdırır və onlara açıq-aşkar yaltaqlanırlar. Xüsusilə də ABŞ-ın yeni dövlət katibi Antoni Blinken Ermənistan cəmiyyətində qızğın təbliğ edilməkdədir. Guya yeni dövlət katibi bütün fəaliyyətini məhz ermənilərin qondarma problemlərinə həsr etmək niyyətindədir. Ancaq bunlar boş xülyalardır, onları  həvəsləndirən ciddi səbəblər yoxdur. Düzdür, seçki ərəfəsində və ondan sonra ABŞ-ın yeni dövlət katibi Antoni Blinken Ermənistanı məmnun edə biləcək cəmisi bir neçə cümlə işlədib. Sonda isə Türkiyənin "çətin tərəfdaş" olduğunu söyləyib. Ancaq ABŞ-ın yeni dövlət katibinin cəmisi bir neçə cümləsi ilə dünyanın superdövlətinin  bütün xarici siyasətini məhz erməni faktoru üzərində quracağına ümid bəsləmək sadəlövhlük və siyasi sarsaqlıqdır.

Qeyd edək ki, adətən seçki ərəfəsində deyilən fikirlər daxili auditoriya üçün nəzərdə tutulur. Səlahiyyətlərin icrasına başlandıqda isə hər şey dəyişir, reallıqlar ön plana keçir. Xatırladaq ki, əvvəllər də yeni seçilən hər bir ABŞ prezidenti seçki ərəfəsində qondarma "erməni soyqırımı"nı rəsmən tanıyacağını vəd edib. Ağ Evə gəlib fəaliyyətə başladıqdan sonra isə vədlərin heç birisi xatırlanmayıb. Ermənilər unudurlar ki, ABŞ müstəqilliyi olmayan vassal Ermənistana dəstək verməz. ABŞ prezidentləri isə erməniləri neçənci dəfə aldadaraq axmaq vəziyyətə salıblar. Lakin nədənsə kor tutduğunu buraxmadığı kimi, ermənilər də ələ salındıqlarını,  bir alət kimi istifadə olunmalarını başa düşmək istəmirlər.

Vurğulamalıyıq  ki, ABŞ üçün hər hansı xalqın və dövlətin problemləri qətiyyən önəm daşımır. Ağ Ev üçün tək bir hədəf var ki, o da ABŞ-ın dövlət maraqlarının təmin edilməsidir. Bu baxımdan, rəsmi İrəvanın ABŞ-ın yeni dövlət katibinin dilindən erməniləri məmnun edən bir neçə kəlmə eşidərək dərhal ümidlənməsi tamamilə yersizdir.

Birincisi, Bayden administrasiyası artıq fəaliyyətə başlayıb və indi artıq reallıqlarla üz-üzə qalıb. İndi vədləri yerinə yetirməkdən  daha çox ABŞ-ın beynəlxalq siyasət məkanında olan maraqları hər şeydən önəmli hala gəlib. ABŞ-ın beynəlxalq maraqlarında Ermənistan kimi kiçik, vassal və faydasız ölkənin hansı önəmi ola biləcəyi isə ciddi suallar doğurur. İkincisi, yaxın gələcək üçün Ağ Evin kifayət qədər ciddi problemləri var. Bayden administrasiyası böyük ehtimalla ilk növbədə həmin problemlərin həllinə daha çox vaxt ayırmaq məcburiyyətində qalacaq. Xüsusilə də koronavirusla mübarizə ön planda durur. Eyni zamanda, Bayden administrasiyası ABŞ cəmiyyətində dərin parçalanmanın mövcud olmasından narahatdır. Son vaxtlar ABŞ-da baş verən narazılıqlar lazımi tədbirlərin görülməsini tələb edir.

Göründüyü kimi, superdövlətin qarşısında həllini gözləyən xeyli problem var və bunların fonunda ABŞ Ermənistan toplumuna diqqət və vaxt ayırmağa ehtiyac görmür.