KÖŞƏ

Vəli İlyasov

Ölməz Kaşşeyə bənzəyən Paşinyan şou göstərir

01 mart 2021 17:59
1700

Ermənistanda hakimiyyət uğrunda dartışmalar gərginləşərək yeni mərhələyə keçib. Üzübərk Paşinyan vəzifədən getmək istəmir, ətrafındakılar isə onu oradan hələlik kürüyüb bayıra ata bilmirlər. Ayağa qalxmış hərbi və mülki qiyamçılar baş nazirin əleyhinə birləşməni genişləndirirlər. Deyilənlərə görə, bir neçə gün əvvəl avtomobil kortejində gedən Paşinyana atəş açaraq onu yaralayıblar. Ancaq ölməz Kaşşeyə oxşayan Paşinyan hələ bütün tələlərdən salamat çıxa bilir. Nəhayət, iş o yerə çatıb ki, ölkənin prezidenti də qiyamçıların cərgəsinə qoşulub.

Ermənistan prezidenti Armen Sarkisyan qiyamçı Baş Qərargah rəisi, general Onik Qasparyanın istefa fərmanını imzalamayıb. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən baş qərargah rəisi vəzifəsində qalıb.

Prezident Armen Sarkisyanın fərmanı geri qaytarmaq qərarından təxminən bir saat öncə Rusiya müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqarşak Arutyunyanla telefonda danışıb və bu, ağalarının  Qasparyanı son anda xilas etdiyini deməyə əsas verir. Lakin Nikol heç kəsin qarşısında geri çəkilmir və lazımi tədbirləri görməyə çalışır.

Ermənistan konstitusiyasına görə, baş nazir Nikol Paşinyan fərman layihəsini yenidən prezidentə təqdim edə bilər, prezident isə iki gün ərzində cavab verməlidir: ya fərmanı imzalamalıdır, ya da layihə Konstitusiya Məhkəməsinə göndərilməlidir. Prezidentə hücuma keçən Paşinyan ona xəbər göndərib ki, əgər fərmana imza atmasa qiyamçı generallara dəstək vermiş hesab olunacaq. Generalitet isə baş nazir Paşinyanın istefasını inadla tələb edir.
Artıq Paşinyan fərmanı yenidən göndərdiyini rəsmi şəkildə elan edib və bu, mübarizənin yeni mərhələsinin başlanması deməkdir.

Şübhəsiz ki, baş nazir  bu müddətdə prezidenti müxtəlif yollarla razı salmağa çalışacaq. Çünki fərmanın konstitusiya məhkəməsinə getməsi qərarın Onik Qasparyanın xeyrinə çıxması ehtimalının güclü olması deməkdir. Xatırladaq ki, Nikol Paşinyanın konstitusiya məhkəməsinin keçmiş hakimiyyətin dövründən qalan hakimləri ilə ədavəti var. Çünki onlar əvvəllər Paşinyanı qəbul etmədiklərini, yalnız  Serj Sarkisyan hakimiyyətini tanıdıqlarını  nümayişkaranə bildiriblər.

Baş nazir şübhəsiz ki, qarşıdakı müddətdə Onik Qasparyana qarşı təzyiqi artıracaq, ona qoşulan qiyamçı generalları da Baş Qərargah rəisinin ətrafından müxtəlif yollarla uzaqlaşdırmağa çalışacaq. Böyük ehtimalla şəkkak  prezident Armen Sarkisyan ikinci fərman layihəsini də imzalamayacaq və qərarı konstitusiya məhkəməsinin öhdəsinə buraxacaq. Bu, olacaqsa, Nikol Paşinyanın tərəfdarlarının konstitusiya məhkəməsinin binasını mühasirəyə alacağını, hakimlərə təzyiq göstəriləcəyini və digər şouları da görə biləcəyik.

Dediyimiz kimi, qarşıdurma məzmunca yeni və daha kəskin mərhələyə keçir...