KÖŞƏ

Günel Eyyubova

Kirli düşüncəlilər

09 mart 2021 18:16
2019

Hər şey bir bütünün parçasıdır. Həqiqəti qəbul etmək həqiqəti dəyişməkdən çətindir. Görürlər, amma gördüklərini inkar edirlər. Söhbət 30 ildən artıqdır kor tutduğunu buraxmayan kimi tutduqlarını buraxmayan dağıdıcı müxalifətdən gedir…

Təəssüf ki, aramızda torpağını, millətini sevənlərlə yanaşı, xalqa arxa çevirənlər, hər addımda onu aşağılayanlar, xarici day-daylarının yanında yerlərini rahlayaraq ağızlarına gələni, gözlərinə görünəni yalandan-palandan danışanlar da var. Onlar artıq Azərbaycan həqiqətlərini yalana çevirməkdə, xalqa böhtan atmaqda püxtələşiblər.

Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Prezident İlham Əliyevin “O vaxt hakimiyyətə gələn AXC-Musavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla , elə bil ki, əkiz qardaşdırlar. Təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı” fikirləri radikal müxalifətin  xətrinə dəyib. Ali Baş Komandan daha sonra qeyd edib :“Antimilli ünsürlərlə, əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər”. Hazırda ölkədə sosial statusundan, vəzifəsindən, yaşından asılı olmayaraq Azərbaycanı sevən hər kəs dövlətin apardığı xarici və daxili siyasəti dəstəkləyir, Prezidenti bütün platformalarda öz etimadını, dəstəyini göstərirlər. Elə sözügedən qurultayda Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması bunu bird aha sübut edir.

Belələrindən fərqli olaraq “5-ci kolon”un nümayəndələri qazanılan uğurlara, hakimiyyətin gündən-günə artan nüfuzuna kölgə salmağa çalışsalar da xalq hər şeyi görür. Yəni sosial şəbəkələrdə bar-bar bağırmaqla, heç bir reallığa söykənməyən şərhlər verməklə nə isə əldə etmək olmaz. Müxalifətin radikal kəsimi ümidini ancaq anti-Azərbaycan dairələrə sığınmaqla bildirir. Nəinki vətəndaş, hətta vətən daşı belə ola bilməyənlərdən bundan artığını gözləmək də yersiz olardı. Bizim dağıdıcılar heç zaman öz gözlərində tiri görməyiblər, amma yan-yörələrində tük axtarışına çıxıblar. Bunu da təbii ki, maddi maraqları baxımından ediblər. Xarici havadarlarından aldıqları  qrantlar bu miskinləri dağıdıcılığa yönəldib. Binəvalar nə qrantlardan keçə bilirlər, nə də Vətənə xəyanətdən usanırlar. Hər il marianetkaların önə çıxanları əməllərinin məqsədi eyni qalmaqla “çevir tatı, vur tatı” deyərək, xarici havadarlarının dirijor çubuğuna uyğun  siyasət yürüdürlər. Bernard Şounun belə bir fikri var: “Axmaq adam pis iş görəndə bu işin onun vəzifəsi olduğunu iddia edir”. İndi onun sözü olmasın radikallar da Nuh deyib, peyğəmbərə iman gətirməyənlər kimi iki ayaqlarını dirəyiblər “inostrannı” day-daylarının tayıcırıq başmaqlarına.

Azərbaycan dövlətinin tolerantlığı, inkişafı və iqtisadi gücü heyrət doğurur. Buna 44 günlük Vətən müharibəsində bütün dünya bir daha şahidlik etdi. Bütün cəbhələrdə Ali Baş Komandanın rəhbərliyi ilə cəsarətlə mübarizə apararaq tam qələbə əldə etdik. Doğru olan həmişə mübarizədən qalib çıxmalıdır və çıxdı da… Əldə olunan qələbələri, qazanılan uğurları söyləmək üçün insan gərək adil ola. Bu isə ölkəmizə qara pərdə arxasından baxan dağıdıcı ünsürlərə sərf etmir, ona görə də “beşinci kolon”un “başbilənləri” dövlətimizi ləkələmək və başqa ölkələrin təsəvvüründə mənfi təəssüratlar yaratmaq üçün əllərindən gələni etməyə çalışırlar.

Bəllidir ki, Azərbaycanın inkişafını həzm edə bilməyən xarici qərəzli dairələrlə əməkdaşlıq edən dağıdıcı müxalifət onların dediklərini yerinə yetirir, xəyanətlərinin qarşılığında isə “dilənçi payı” alırlar. Milli maraqlarımızı satanların ictimaiyyət tərəfindən qəbul olunmaması da onların satqınlıqlarını təsdiqləyir. Çünki onların “siyasi fəaliyyətləri” satqınlıq üzərində qurulub. Sivil mübarizə metodlarından və elementar müxalifətçilik təfəkküründən çox-çox uzaq olan dağıdıcı müxalifət yaramaz məşğuliyyətini sərgiləməkdən çəkinmir. Vətəndaş adına ləkə olan belələri üçün böyük şairimiz Məmməd Araz belə deyib: “Vətən daşı olmayandan  olmaz ölkə vətəndaşı...”