Günel Eyyubova |
44 günlük Vətən müharibəsinin başlandığı gündən rəşadətli ordumuzun ardıcıl qələbələrindən sonra artıq hər kəs həyəcanla Şuşa müjdəsini gözləyirdi. İkinci Qarabağ müharibəsinin 43-cü günündə nəhayət ki, Azərbaycan xalqının bu arzusu reallaşdı. Beləliklə də, 2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan, həm də coğrafi baxımdan mürəkkəb relyefə malik Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə kimi qiymətləndirildi. Həmçinin Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək çağdaş tariximizə Zəfər Günü kimi yazıldı.
Bir faktı xatırlatmaq yerinə düşərdi ki, Şuşa noyabrın 8-də azad edilsə də, onun ətrafında döyüşlər bir neçə gün əvvəldən aparılırdı. Ekspertlər bildirirlər ki, Şuşanın azad edilməsi üçün, ümumiyyətlə, şəhərin ətrafının, strateji baxımdan vacib yüksəkliklərin, oraya gedən yolların azad edilməsi uğrunda 10 gündən artıqəməliyyatlar aparıldı. Məsələn, Daşaltı və bu kimi əməliyyatlar aparılmasaydı Şuşanın azad edilməsində problemlərlə qarşılaşa bilərdilər. Bu döyüş haqqında Rusiya mediasında dərc edilən bir məqalədə bu fikirlər yer alırdı: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”. Şuşa əməliyyatı üçün seçilən taktika dünya hərb tarixində tamamilə yeni idi.
Müharibənin sona çatmasından az sonra Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoydu. 2021-ci il 14 yanvar tarixindən Prezidentin Şuşaya ilk səfərindən etibarən bu unikal diyarımızın bərpasına başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksək gərginlikli xətlər çəkildi, yarımstansiya tikildi və s. daha böyük layihələr həyata keçirildi.
Bu millət Şuşa həsrəti, Cıdır düzü, xarıbülbül nisgili ilə 30 ilə yaxın yaşasa da, amma o sevgini bir an unutmadı, ölkə başçısına, Prezident İlham Əliyevin yürütdüyü siyasətə güvəndi, arxalandı. Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda deyilir ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Bu il aprelin 22-23-də Dünya Azərbaycanlılarının V Qurultayının bu unikal şəhərdə keçirilməsi sözün əsl mənasında tarixi hadisədir. Qurultayda geniş nitq söyləyən Prezident İlham Əliyev diqqəti Ermənistanın təcavüzkar, terrorist siyasətinə yönəldərək bəyan etdi ki, bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir: “Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı. Siz, indi buraya gələn qonaqlar müharibədən ilyarım keçəndən sonra gəlirsiniz. Əgər müharibədən dərhal sonra gəlsəydiniz, görərdiniz ki, nə vəziyyətdədir. Hələ də dağılmış vəziyyətdədir. Ancaq Şuşa bərpa olunur, Şuşa dirçəlir və Şuşanın dirçəlməsi ilə bağlı gedən işlər çox genişmiqyaslıdır və bu haqda sizə məlumat veriləcək”.
Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd edib ki, biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Ölkə başçısı bu cür qüvvələrə messaj ünvanlayıb: “Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırmışıq. İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər”.