KÖŞƏ

Günel Eyyubova

“Böyük Qayıdış” və mina təhlükəsi

28 fevral 2022 22:57
4761

Dövlət başçısı İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşündə  qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtmalarını gecikdirən başlıca problemdən bəhs edib

30 il düşmən tapdağı altında qalan torpaqlarımız Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı nəticəsində çox qısa zamanda erməni işğalından azad olundu. Zəfər qazanmağımızdan bir ildən artıq vaxt keçməsinə baxmayaraq erməni faşistlərinin basdırdıqları minlərlə minalar can almaqda davam edir.  Bu barədə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara məlumat verib. Ermənistan tərəfi isə bu gün də minalanmış sahələrin tam xəritəsini təqdim etməkdən boyun qaçırır. Bu da hərbçilərin, həmçinin mülki əhalinin faciəvi ölümü ilə nəticələnir.

Qeyd edək ki, ölkə ərazisində minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli Fərmanı var. Mütəxəssislər bildirirlər ki, hal-hazırda bütün minatəmizləmə əməliyyatları Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin inkişaf planlarına əsasən həyata keçirilir. Əsas üstünlük verilən ərazilər isə  infrastrukturun bərpasına xidmət edən ərazilərdir. İşğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. ANAMA-dan aldığımız məlumata görə, ötən il 6 000 ha ərazinin təmizlənmə öhdəliyi qarşısında Agentliyin minaaxtaranları 6 201 ha ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləyərək aidiyyəti üzrə təhvil veriblər. Nəticədə 4 880 ədəd piyada əleyhinə mina, 2 335 ədəd tank əleyhinə mina və 11 205 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib. Adıçəkilən Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə ötən həftə (21.02.2022 - 26.02.2022) icra olunan əməliyyatlar nəticəsində isə Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 33 piyada əleyhinə mina, 24 tank əleyhinə mina və 266 Partlamamış Hərbi Sursat  aşkarlanıb və bildirilib ki, 94,8 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi həm də yenidənqurma işinin vacib hissəsidir. Çünki infrastruktur layihələrinin icrası, məktəblərin və digər iaşə məntəqələrinin işləməsi üçün ərazilərin təhlükəsiz hala gətirilməsi lazımdır. Fevralın 23-də Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələri ilə görüşündə Ümumrusiya Dövlət Teleradio Yayımları Şirkətinin baş direktoru Oleq Dobrodeyevin “ İlham Heydər oğlu, mən Sizdən bunu soruşmaq istərdim. Mənim yəqin ki, ən ağır xatirələrimdən biri 1990-cı illərin əvvəllərində Bakıda olanda yüz minlərlə qaçqın barədə idi, praktik olaraq bütün şəhər, şəhərin bütün mərkəzi. Əlbəttə, Siz xatırlayırsınız. Mənim sualım belədir. Artıq 30 ildən çox müddət keçib. Aydındır ki, bu, ağlasığmaz ağrı, faciədir, lakin Siz haqlı olaraq dediniz, ən ağrılı odur ki, bu, hər bir konkret insanın üzərindən keçir. Onlar indi hansı fəallıqla geriyə qayıdırlar” sualına cavab olaraq bəyan etdi ki, hələ ki, qayıtmağa yer yoxdur, çünki birincisi, hər şey dağıdılıb və ikincisi, hər yer minalanıb: “Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Müharibə başa çatandan sonra ilk aylarda Vladimir Vladimiroviç Putinin çağırışlarına baxmayaraq, baş nazir Paşinyan onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı. Bu, yalan idi və biz bilirdik ki, minalanmış sahələrin xəritəsi var. Bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, bəli, belə xəritələr mövcuddur, lakin onları bizə verməkdən imtina edirdilər. Əslində, bununla beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və barələrində danışdığınız qaçqınları ölümə məhkum edirdilər. Çünki insanlar 30 il gözləmişdilər, hamının qarşısını almaq, hər yolda blok-postlar qurmaq da mümkün deyildi. Yəni, dolayı yollar var, insanlar keçir, gedirlər, öz evlərinin heç olmasa xarabalığını axtarıb tapmaq istəyirlər və həlak olurlar”.

Prezident İlham Əliyev bir daha xatırlatdı ki, minalanmış sahələrin xəritələri yekunda bizə təhvil verildi, lakin onların dəqiqliyi 25 faiz təşkil edir: “Yəni, əslində, yararsızdır. Bu, başlıca problemdir ki, niyə biz artıq indi insanları qaytara bilmirik. Buna baxmayaraq, biz indi pilot layihəni icra edirik, yəqin ki, bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində həyata keçiriləcək, ilk olaraq, təqribən 200 ailə artıq bu ilin yazında oraya qayıdacaq. Sadəcə, müqayisə üçün deyim ki, biz Livanın ərazisinə bərabər ərazini bərpa etməliyik. Həmin ərazidə heç nə yoxdur, yəni, sözün əsl mənasında, hər şey dağıdılıb. Ağdam şəhərində 30-40 min insan yaşayırdı, orada xarabalıqdan başqa heç nə yoxdur. Daşları daşıyıb aparıb, satıblar. Başdaşılarını sındırıb, aparıb və satıblar. Yəni, misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq. Bütün bunlar beynəlxalq ictimaiyyətdən gizlədilib. Əfsuslar olsun ki, işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu bunu görməməyi üstün tutub.

Beləliklə, bizim qarşıda böyük işlərimiz var – su, işıq, qaz, yollar, minalar, evlər. Biz başlamışıq, biz ötən il 1 milyard 300 milyon dollar ayırmışdıq, bu il isə eyni vəsaiti bərpa işlərinə ayırmışıq. Pilot layihə icra olunur, lakin bu, vaxt aparacaq. Deməliyəm ki, bununla paralel olaraq, işğal dövründə biz qaçqınlar üçün fəal şəkildə evlər tikirdik, hər il təxminən 5-6 min ailəni, təqribən 30 min insanı yerləşdirirdik. Yəni, onlardan təqribən 70 faizi normal yaşayır. Biz Bakıda, Sumqayıtda, Gəncədə və bir çox şəhərlərdə evlər tikirdik. Lakin onların 30 faizi hələ də uyğunlaşdırılmayan binalarda, yataqxanalarda, uşaq bağçalarında və ağır şəraitdə yaşayır. Buna görə də, ilk növbədə, bu kateqoriyadan olan insanlar geri qaytarılacaq. Artıq bizim tərəfimizdən Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq. “Yaşıl enerji” prinsipi əsas götürüləcək”.

Xatırladaq ki, 2021-ci il aprelin 19-da Prezident İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə bu konsepsiyaların tətbiqi böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev qeyd etdiyimiz görüşdə bildirdi ki,   Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq: “Bu insanlar çox gözləyiblər, bu səbəbdən onlar Azərbaycanda mümkün olan ən yaxşı şəraitdə yaşamalıdırlar. Mən konkret müddət deyə bilmərəm, hətta onlarla görüşlərdə deyə bilmərəm, onları yanılda bilmərəm. Biz bu prosesi sürətləndirmək üçün hər gün, hər saat hər şey edirik. Lakin bizə, əlbəttə ki, kömək lazımdır, məhz minalardan təmizlənmə baxımından, hətta maliyyə yardımı deyil, texniki yardım lazımdır. Sadəcə, biz fiziki cəhətdən çatdıra bilmirik. Bizim Minatəmizləmə Agentliyimiz var, Müdafiə Nazirliyində bir neçə batalyonumuz var, FHN qrupu var. Lakin fiziki baxımdan çatmır, çünki bu, çox ləng prosesdir. Buna görə də biz beynəlxalq strukturlara kömək üçün müraciət etmişik. Lakin əfsuslar olsun ki, artıq bir il üç ay keçib, hələ də müraciətimiz cavabsız qalıb”.