KÖŞƏ

Günel Eyyubova

Blogger həm də Vətənin təəssübkeşi olmalıdır

02 iyun 2021 01:59
2334

Qabil Məmmədov, Orduxan Teymurxan, Məhəmməd Mirzəli və sair kimi özlərini siyasi blogger, siyasi mühacir adlandıran üzdəniraq vətən xainləri heç bir reallığı əks etdirməyən cəfəngiyyatlar səsləndirdiklərinə görə xalq tərəfindən qınaq obyektinə çevriliblər

XXI əsrdə texnologiyanın inkişafı ilə həyatımızın müəyyən sahələrində yeniliklər baş verdi. İnternet isə artıq uzun illərdir ki, hamıya tanış olan bir məkandır. Günümüzdə sahib olduğumuz istər smartfon, istər noutbuk, istərsə də digər portativ cihazlardan istifadə edən zaman özümüzdən biixtiyar internetə bağlanırıq. İndi xəbərləri televiziyadan izləyən çox az insan tapılar. Gənc nəslin nümayəndələri arasında isə artıq mavi ekran qarşısında əyləşən şəxslərin sayı günbəgün azalmaqdadır. Çünki internetin imkanları olduqca genişdir. “Hörümçək toruna düşən” insan okeanın o tayından baş verənlərdən və ya dünyanın digər ucunda yaşayan yaxınından tutmuş, ev təmirinə qədər hər xırda məqamı, qlobal dəyişikliyi buradan öyrənə bilər.

Rəqəmsal inkişafın sürətlə getdiyi bir dövrdə bu tərəqqidən bəhrələnərək yeni peşələr, yetəri qədər ciddi sayılan məşğuliyyətlər də ortaya çıxdı. Bunlardan biri də “blogger”likdir. Mütəxəssislərin fikrincə, 15 ilə yaxındır yaranan bu sahəyə meyil edənlərin hazırkı sayı dünyada təxminən 2 milyon çatır. Ümumiyyətlə, blogger kimdir? Bu bir peşədirmi?  

Əvvəlcə qeyd edək ki, blogger (vlogger) onlayn şəkildə gündəlik “bloq” “aparan”, mütəmadi olaraq yeni yazılar yazaraq bloquna yerləşdirən, video çəkərək “Youtube” kanalına yükləyən insandır. İndi hər kəs internetdə bir kanal, bloq, səhifə, profil açaraq istənilən mövzuda diskussiya aça, yaza, hətta videolar yerləşdirə bilər. Qısası, blogger ümumi mənada, müxtəlif unikal məlumatları internet vasitəsi ilə onu izləyənlərlə bölüşmək istəyən kəsdir. Lakin burada bir nüans da var ki, bloggerləri kontent menecerləri ilə səhv salmaq olmaz. Bloggerlər sözügedən platformada özlərinin  həyat tərzlərini, səyahətlərini, gözəllik sirlərini, müxtəlif maraqlarını, avtomobillərini, ticari fəaliyyətlərini, siyasi fikirlərini belə bu platformada yayımlayırlar. Göründüyü kimi, mövzu çoxdur. Bu mövzuları kim necə “işləyəcək” və nə qədər obyektiv mülahizələr irəli sürəcək bu artıq hər kəsin öz vicdanına qalıb.

Onu da əlavə etmək lazımdır ki, bəhs edilən məşğuliyyət növü rəsmi şəkildə olmasa da artıq peşə hesab edilir. “Blogger” olmağın sirlərini universitetlərdə və ya kolleclərdə tədris etmirlər. Amma geniş auditoriyaya məhsulunu təqdim edən blogger mütləq bilikli olmalıdır və seçdiyi mövzusunu yaxşı başa düşməlidir.

Gələk maddi təminat məsələsinə. Gündəlik yaşadığı həyatı, subyektiv fikirlərini sosial şəbəkələrə yükləyən şəxs bunları maddi olaraq necə təmin edir? Şəxsi bloqu olan şəxs topladığı kontentin, eyni zamanda, baxış sayına görə maddi cəhətdən gəlirini internet üzərindən də təmin edir. Məsələn, Rusiyanın televiziya aparıcısı Kseniya Sobçak “İnstagram”dakı reklam qazancına görə 2019-cu ildə “Forbes” jurnalının reytinqinə başçılıq edib. Onun bu sosial şəbəkədə reklamdan gələn illik gəliri 1,6 milyon dollar qiymətləndirilirdi.

Bir digər məsələ isə ondan ibarətdir ki, müasir dövrdə fikir və informasiya azadlığı olsa da, bloggerliklə məşğul olan şəxs bəzi texniki bacarıqlara malik olmaqla yanaşı, həm də əldə etdiyi məlumatları düzgün şəkildə təqdim etmək qabiliyyətinə yiyələnməlidir. Əlbəttə, burada həmin şəxsin psixi vəziyyətindən də çox şey asılıdır. Psixikası yerində olmayan şəxs necə mülahizə yürüdə bilər və ya onun fikirləri necə ciddi qəbul oluna bilər ? Məsələn, özünü siyasi blogger kimi təqdim edən şəxs azaddır deyə axmaq və yersiz fikirlər səsləndirə bilməz. İnternetdə yayımlanan hər yazı, hər video da siyasi əxlaq və siyasi mübarizə normaları çərçivəsində olmalıdır. Özünə sivil insan deyən, bu Vətənin suyu, çörəyi ilə böyüyən “siyasi blogger” xalqını, millətini təhqir etməməlidir. İnfluenserin, bloggerin söylədikləri, yazdıqları əgər nəyinsə xatirinə boğazdan yuxarı edilirsə o qeyri-səmimilik kontent tərəfindən dərhal hiss olunur. Necə ki, xarici ölkələrdə oturub Azərbaycan haqqında şər-böhtan tirajlayan Qabil Məmmədov, Orduxan Teymurxan, Məhəmməd Mirzəli və sair kimi özlərini siyasi blogger, siyasi mühacir adlandıran üzdəniraq vətən xainləri heç bir reallığı əks etdirməyən cəfəngiyyatlar səsləndirdiklərinə görə xalq tərəfindən qınaq obyektinə çevriliblər.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?