KÖŞƏ

Günel Eyyubova

Ermənistanda kim kimi yoracaq?

16 mart 2021 00:38
2048

Ermənistanda daxili siyasi vəziyyət gərginləşməkdə davam edir. Baş nazir Paşinyan və müxaliflərin lideri danışıqlarda orta mövqeni tapa bilmirlər. Prezident Armen Sarkisyan isə hər iki tərəflə danışıqlar aparacağını və bu zaman maksimal neytral mövqe nümayiş etdirəcəyini bildirir.  Yəqin ki, erməni prezident az aşım, ağrımaz başım deyib, bitərəf mövqe sərgiləməyi seçib. Görünür, A. Sarkisyan Paşinyanı dəstəkləyərsə, müxaliflərin qəzəbinə tuş gəlməkdən çəkinir. Paşinyanla münasibətləri korlamağı düşünmür. Beləliklə də Ermənistan prezidenti məsuliyyəti başqa institutların üzərinə atır.

Bir neçə gün öncə Ermənistan prezidenti “Çiçəklənən Ermənistan ” (“Процветающая Армения”) fraksiyasının liderini qəbul edib. Ermənistan  KİV-nin məlumatına görə, görüşdə ölkədəki mövcud vəziyyət və onun həlli yolları, daxili siyasi böhrandan çıxmaq üçün variantlar müzakirə edilib. Bu çərçivədə vəziyyətdən çıxış yolu olaraq siyasi qüvvələr arasındakı dialoqun və erkən seçkilərin keçirilməsinin vacibliyi vurğulanıb. Lakin hələ də üfüqdə dialoq - filan görünmür…

Ölkə vətəndaşları isə vəziyyətin tez zamanda düzəldilməsini tələb edirlər. Onlar artıq aqressiyalarını cilovlaya bilmirlər. Nəticəsiz mitinqlərdən yorulduqlarını, hətta müxalif mövqe nümayiş etdirənlərin həbsini belə istəyənlər az deyil. Sorğu zamanı gənc ailələr Ermənistanı tərk edəcəklərini, həyatlarının cəhənnəmə çevrildiyini, övladlarını da bu cəhənnəmdə yaşatmaq istəmədiklərini söyləyirlər. Təxminən 3 milyon əhalisi olan Ermənistan İkinci Qarabağ müharibəsini tam məğlubiyyətlə başa vurduqdan sonra ölkədə iqtisadi, siyasi böhran erməniləri ölkəni tərk etməyə məcbur edir. Son məlumatlara görə, cari ilin sonuna qədər ölkəni 200-400 min nəfər tərk edəcək. Siyasi şərhçi Aşot Tevadyan monoetnik ölkələrinin demoqrafik fəlakətlə qarşı-qarşıya olduğunu açıqlayıb. Tevadyan söyləyib ki, Ermənistandan köçənlərin 90 faizi Rusiyaya üz tutur. Şübhəsiz, bu, Ermənistan üçün yenilik deyil. İşğalçı ölkənin təbiəti və insanları dəyişkən olsa da siyasi və iqtisadi vəziyyət illərdir ki, eynidir.

“Al Arabiya”ya müsahibə verən Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Paşinyan tərəfdarlarını onu satqınlıqda ittiham etdiyini deyib. Bir qədər əvvəl “Qraparak” qəzeti də baş nazirin  xarici işlər nazirinin işindən narazı olduğunu da yazmışdı. 

Ermənistanda hamı bir-birindən narazıdır. Sadə erməni vətəndaşlar da ölkədə yaxşı heç nəyin baş vermədiyini deyirlər. Onlar yüksək çinli məmurları tribunadan çıxış etməyə son qoymağa çağırırlar: “Artıq bəsdir bir az da xalqı fikirləşin”. Ən miqyaslı tənqidlər isə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın və üçünçü prezidenti , eyni zamanda, baş naziri olmuş Serj Sarkisyanın ünvanına səsləndirilir. Fikrimizcə, haqlı olaraq onların apardıqları “siyasətin” Ermənistanı bu günə saldığı düşünülür. Rəyi soruşulan ermənilər heç müxalifətçilərin də xalqı düşünmədiyini, onların da kreslo davası apardıqlarını söyləyiblər.

Ermənistanda hələ də İkinci Qarabağ müharibəsindəki məğlubiyyətlərinin səbəbkarı axtarılır. Heç kəs günahı öz üzərinə götürmək istəmir. İndiyə qədər 1500-ə qədər cinayət işi açılıb, 180 hərbi qulluqçu həbs edilib ki, onlardan da 12-si komandirdir.

“Nikol Paşinyan və Araik Arutyunyanın rəhbərlik etdiyi erməni xalqı məğlub olmağa məhkum idi”.  Bu fikri “Siyasi İqtisadiyyat” («Политэкономия» ) araşdırmalar institutunun rəhbəri Andranik Tevanyan öz “Facebook” səhifəsində yazıb. “Kapitulyasiya necə doğuldu?” başlığı altında yazdığı yazıda A. Tevanyan  Paşinyan zamanında atəşkəsə razı olsa idi kapitulyasiyanın olmayacağına əminliyini yazıb: “Ancaq o “Qazanacağıq” şüarı altında qalib Azərbaycan Ordusunu nəzərdə tutaraq düşmənin Şuşaya yaxınlaşmasına icazə verməyi üstün tutdu”.  Daha sonra isə yazır ki, N.Paşinyanın və A.Arutyunyanın rəhbərlik etdiyi erməni xalqı məğlub olmağa məhkum idi. “Bunun bir çox səbəbi var – savadsız idarəetmədən ta psixologiyaya qədər”. “Rossiya 24”ə açıqlama verən A.Tevanyan etiraz mitinqlərinin “non-stop” rejimdə davam edəcəklərini söyləyib. O, qeyd edib ki, siyasi elita, xalq baş nazirin istefasını tələb edir. “Yalnız gözlənilən istefadan sonra yeni hökumət formalaşdırıla və növbəti ildə seçkilər keçirilə bilər”, deyə o, qeyd edib.

Gözləyək, görək bu canfəşanlıqlar Ermənistana nə verəcək?!