KÖŞƏ

Vəli İlyasov

Qərbə quyruq bulayanlar...

16 mart 2021 17:52
1491

Erməni millətçiləri İrəvan küçələrinə çıxıb Rusiyaya qarşı etiraz edirlər. Onlar qışqıraraq “Biz Qərbin yanındayıq” deyirlər. Ermənistanda antiRusiya ritorikasının güclənməsinin Paşinyan hakimiyyətinə Moskvadan isə hansı cavablar veriləcəyi hələlik məlum deyil. Ermənilər 44 günlük müharibədə acı məğlubiyyətin günahını həm də vassalı olduqları Rusiyanın onlara lazımi məqamda dəstək verməməsində görürlər. Ancaq düşünmürlər ki, həmişə olduğu kimi, bu dəfə də Rusiya Ermənistanı tamamilə məhv olmaqdan xilas etdi.

Göstərmək lazımdır ki, İrəvandakı etirazlara səbəb Qarabağdakı erməni silahlı qruplaşmalarının  Qırmızı  Bazar qəsəbəsində gizlənmiş dəstəsinin oradan  çıxarılması olub. Bu haqda erməni mənbələri yazır ki, erməni silahlı qruplarının qəsəbədən çıxarılma prosesi Rusiya sülhməramlılarının komandanı, general Rüstəm Muradovun,  “burada mən də varam” demək istəyən, Qarabağda hələ də ora-bura vurnuxan baş separatçı, müharibə canisi Araik Arutyunyanın və Ermənistan milli təhlükəsizlik xidməti nümayəndəsinin iştirakı ilə həyata keçirilib.

Bildirilir ki, Qırmızı Bazar vasitəsilə Şuşaya gedən əsas yolun Azərbaycan Ordusuna təhvil verilməsinə hazırlıq gedir. Azərbaycan hərbçiləri müharibədən sonra bölgədən Şuşaya getmək üçün bu yoldan istifadə ediblər. Lakin erməni terrorçularının komandirlərindən Mikael Arzumanyan yoldan istifadənin qarşısını almaq üçün orada postlar qurdurub. “Bu yaxınlarda Xankəndidəki görüşdə Azərbaycanın nümayəndəsi terrorçu Mikael Arzumanyanın ümumiyyətlə, “ordudan” qovulmasını tələb edib, ardınca o, Ermənistan Müdafiə Nazirliyi tərəfindən  “vəzifəsindən” uzaqlaşdırılıb,” - deyə erməni mənbələri qeyd edirlər. Ermənilərin əksəriyyəti aksiyalarda açıq şəkildə bildirirlər ki, revanşizm lazım deyil, ölkədə həyatın sabitləşməsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlər qaydaya salınmalı, ərazi iddialarına son qoyulmalı və Gümrüdə dislokasiya olunan Rusiya hərbi bazası Ermənistandan çıxmalıdır.

 İrəvan küçələrində artıq vətəndaş qarşıdurması baş verməkdədir. Bunun silahlı variantının, yəni vətəndaş müharibəsinin ortaya çıxıb-çıxmayacağı hələlik sual altındadır. Hazırda işğalçı ölkədə tam şəkildə dərk edilir ki, Qarabağ Ermənistan üçün itirilib. Ölkə iqtisadi,siyasi və hərbi böhran içindədir. Qərbpərəst ermənilər düşünürlər ki, belə bir məqamda xilaskar nüans ölkənin Qərblə münasibətlərinin güclənməsidir. Əslində sosial və texnoloji yardımlar, edilən köməklər demoqrafik böhranın qarşısını almağa hesablanıb. Ermənistanlı mütəxəssislər də etiraf edirlər ki, pandemiyadan sonra sərhədlər açılan kimi ən azı 200 min insan ölkəni tərk edəcək. Bu qarşıdurmanın sonunda siyasi mühacirlər və onların ailələri də Ermənistandan gedəcəklər. Çünki mövcud mühitdə onlar üçün nə siyasi, nə də ictimai gələcək olacaq. Təkcə bu il yox, gələn il də bu qədər insan Ermənistanı tərk edə bilər. Bu fakt da  istisna edilmir. O zaman Ermənistanın 2 milyonluq əhalisinin sayı daha da azalacaq. Ölkənin əhalisi 1 milyon və ya  milyon yarım qalacaq.

Bu cür vəziyyətdə olan bir ölkə revanşist addımlara istiqamətlənə bilməz.  Hazırda ermənilərin gündəmində olan ən əsas məsələ  Ermənistanın bir dövlət kimi mövcud olaraq qalmasıdır, Qısaca desək, çar Rusiyasının himayədarlığı ilə  qədim Azərbaycan torpaqlarında süni surətdə qondarılan Ermənistan adlı dövlətin gələcəyi indi təhlükə altındadır. Onlar Qərbə quyruq bulamaqla bu təhlükədən yaxa qurtarmağa can atırlar, amma köhnə ağa buna imkan verərmi? İndi ermənilər bu suala cavab tapmaq üstündə baş sındırırlar.  Ancaq bu dəfə öz başlarını...