Vəli İlyasov |
44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizdən çox keçməmiş Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərlər edir.
“Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir.” Martın 15-də Prezident İlham Əliyev bu sözləri birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Füzuli və Xocavənd rayonlarına səfəri zamanı deyib.
Prezident qeyd edib ki, azad edilmiş torpaqların bərpası başlayıb. Füzulidən Şuşaya yol çəkilir- Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlayıb.
Dövlətimizin başçısı bildirib ki, yenə də azad edilmiş torpaqlarda olarkən, bu dağıntıları görərkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq.
Prezidentimizin dönə-dönə vurğuladığı kimi, erməni faşistlərinin xarabaya çevirdikləri yurd yerlərimizdə artıq abadlaşdırma işlərinə start verilib. Hava isindikcə işlərin miqyası daha da artacaqdır. Yerli şirkətlərimizlə bərabər dost xarici ölkələrin iri şirkətlərinin ərazilərimizdə iş görmələri Qarabağın abadlaşdırılmasını sürətləndirəcəkdir. Dünyada böyük maliyyə qurumlarından biri olan Avropa Yenidənqurma və İnkişaf Bankının ərazilərimizin bərpasına külli miqdarda vəsait ayıracağı da gözlənilir. Xatırladaq ki, bu bank hələ Cənub Qaz Dəhlizinin inşasına bir milyard dollar ayırmaqla ölkəmizə öz dost münasibətini bildirmişdi. Həm də bu, bəzi bədxahlarımızın layihənin həyata keçirilməsini əngəlləməyə çalışdıqları bir dövr idi.
Cənnət Qarabağımızın azadlığı özünə qaytarıldığı kimi, xalqımızın qadir əlləri ilə əvvəlkindən də gözəl görkəmə salınacaqdır. Qarabağımız yenidən cənnətməkana çevriləcək, biz o yerləri əvvəlkindən də artıq sevgi ilə vəsf edəcəyik. Bir mahnımızda deyildiyi kimi “Anadır arzulara hər zaman Qarabağ...”