KÖŞƏ

Zahid Rza

Kimdir qıl verəni fəndgir azların?..

19 mart 2021 17:19
1715

Sözün doğrusu, ölkəmizdə hər bayramqabağı, eləcə də bayram günlərində təl’batın yüksək olduğu ərzaq mallarının qiymətinin özünü sahibkar adlandıran bəzi işbazlar tərəfindən süni şəkildə artırılması sanki ənənə halını alıb. Çox təəssüf ki, bu il də Novruz bayramı ərəfəsində bəzi işbazlar tərəfindən qiymətlərin süni şəkildə artırılması müşahidə olunur. Şübhəsiz, qiymət artımı əhalinin sosial vəziyyətinə mənfi təsir edir, vətəndaşların Novruz ovqatını təlx edir, insanların bayramını necə deyərlər, “qarabayrama” çevrir. Ən əsası isə belə süni bahalaşma ailələrin “büdcəsini” iflic edir. Birmənalı demək olar ki, bir qrup işbaz ünsürün bu cür cirkin əməlləri hökumətin əhalinin sosial rifah halını yaxşılaşdırmaq siyasətinə kölgə salmaqdan, onu sabotaj etməkdən başqa bir şey deyil.

Burada diqqətçəkən məqamlardan biri də odur ki, ölkədə əməkhaqlarının artırılması ilə bağlı dövlət başçısı tərəfindən imzalanan sərəncamların mürəkkəbi qurumamış istehlak mallarının da qiymətində artım müşahidə edilir. Bu isə mütəxəssislərin təbirincə desək, obyektiv yox, subyektiv qiymət artımıdır.

Təbii ki, baş verən qiymət artımları əhalinin aztəminatlı təbəqəsinin dolanışığına mənfi təsir göstərir. Odur ki, aidiyyəti qurumlar, xüsusilə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən süni qiymət artımına qarşı ciddi ölçülər götürülməli, buna şərait yaradanlar qanun qarşısında cavab verməlidirlər. Çünki ölkə başçının əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımları, bu sahədə əldə olunan nailiyyətləri beş-on işbazın varlanmaq hərisliyinə qurban vermək olmaz. Bu məsələlərə cavabdeh olan qurumlar öz vəzifələrini doğru-dürüst yerinə yetirməli, istehlak bazarına nəzarəti artırmalı, tez-tez monitorinqlər keçirməli, süni qiymət artımına qarşı mübarizəni gücləndirməli, bahalanmanın qarşısını ən sərt şəkildə almalıdırlar. Ən əsası isə süni şəkildə qiymətləri qaldıranlar və iri mağazalarda, marketlərdə etiketdə bir qiyməti, kassa-nəzarət aparatının yaddaşında isə başqa qiyməti saxlamaqla alıcılar üçün yanlış təsəvvür yaradan, vətəndaşın cibinə girən “ticarətçilər” ciddi şəkildə cəzalandırılmalıdırlar.

Məlum olduğu kimi, ölkəmizdə hər il bayramqabağı Kənd təsərrüfatı Nazirliyi tərəfindən daha çox tələb olunan məhsulların ucuz qiymətə təklif edildiyi yarmarkalar keçirilir. Ancaq məsələ yalnız bayramqabağı ilə bitmir, bəs qalan günlər necə olsun? Təqvim yalnız bayram günlərindən ibarət deyil axı…

Sonda onu deyək ki, qiymətləri süni şəkildə artıran, bununla da vətəndaşın cibinə girən bəzi işbaz “biznesmenlər” deyəsən unudurlar ki, axı hər şeyin bir həddi var. Bir biznes etikası və sosial məsuliyyət, insaf, mürvət, vicdan, izzəti-şərəf, mizan-tərəzi deyilən bir anlayış, Tanrının haqq divanı var. Gözünü varlanmaq hərisliyi örtən, öz şəxsi mənafeyini hər şeydən üstün tutan, nəyin bahasına olursa olsun varlanmaq eşqi ilə yaşayan bu naxələflər, antipodlar Məşhər günündə qurulacaq haqq-ədalət divanını da yaddan çıxarmamalıdırlar. Nəhayət, cəhənnəmin qır qazanında yanmaqdan qorxmalıdırlar.

Hərdən düşünürsən ki, görəsən bunlarda Allah qorxusu yoxdurmu? Bəlkə bunları Tanrı yaratmayıb. Böyük şairimiz Məmməd Araz demişkən, “Kimdir qıl verəni fəndgir azların? Kimdir yaradanı yaramazların?”..