Günel Eyyubova |
Və ya antimilli ünsürlərin bitib-tükənməyən mərəzi
«Qobusnamə»də yazılır ki, ürəyi möhkəm, beyni küt olan adamların səsi gur, mühakiməsi dayaz, hay-küyü çox, xeyri az olur. Lakin bizim dağıdıcı müxalifətə baxdıqca görürük ki, məlum siyasətbazların xalqa nəinki az xeyri, heç bir xeyri yoxdur. Əgər bu illər ərzində onlardan xeyir gəlməyibsə, demək bundan sonra da onlardan nə isə lazımlı bir hərəkət gözləməyə dəyməz.
Müxtəlif üsullarla dövlətçiliyə qarşı çıxan, Azərbaycanın uğurlarına kölgə salmaq istəyən və bu yolla öz şəxsi maraqlarını güdən təxribatçı qüvvələr, məqsədlərinə çatmaq üçün bir qrup parazit “dəniz ulduzlarını” alət kimi istifadə edirlər. Heç bir etimad göstərilməyən radikal müxalifət liderlərinin “həmfikir ovu”na çıxması onların əsl xislətinin nə olduğunu göstərir. Çox təəssüf ki, psixoloji cəhətdən travmalı uşaqlıq keçirən gənclər bu tora daha tez düşürlər. Və beləliklə, ömrünün ən gözəl illərini radikal müxalifət “lider”lərinin əhatəsində keçirirlər. Xub, bəs nə əldə edirlər? Heç bir şey, sadəcə yaşaya biləcəkləri gözəl gənclik illərinin üzərindən qara xətt çəkirlər.
Onlar sadəcə anlamırlar və ya anlamaq istəmirlər ki, “büt” zənn edib sitayiş etdiyin öz mənafeyini düşünən bir xəyanətkardır. Amma yox, bataqlıqda boğulmaq sənə zövq verirsə, əlbəttə, heç kəs qarşını ala bilməz. Əbəs yerə bəslədiyin kin və nifrətin səni sonsuz boşluqda məhv edəcək.
Keçək özünü müxalifətin ağsaqqalları və ağbirçəkləri sayanlara... Vətən savaşından - İkinci Qarabağ müharibəsindən qalibiyyətlə çıxdıq. Xarici hərbi ekspertlər, siyasi şərhçilər Azərbaycanın uğurlu müharibə planından ürəkdolusu danışdı, KİV-lər yazdı. Döyüşdə istifadə olunan ən müasir texnikalar, hərbi sursatlar heyrət doğurdu. Bu qədər uğurdan, nailiyyətdən bir kəlmə yazan, sevinclə, səmimiyyətlə danışan radikal müxalifətçi gördünüzmü? Görmədiniz! Niyə? Cavabı özünüz yaxşı bilirsiniz. Ancaq gəncləri, özləri kimi vətən xainlərini dövlətə, hakimiyyətə qarşı provokasiyaya çəkirlər. Uzaqdan baxana döyüş asan görünər. Müxalifət düşərgəsinin ən “sayılıb-seçilən” üzvlərindən xəbər almaq lazımdır ki, bu neçə ildə Vətən üçün nə etmisiniz? Məsələn, bu qədər inkişafdan, uğurdan yəni biri sizi qane etmədi? Niyə həmişə ağzınız əyridir? Əgər özünə professor deyən, yaxud özünü radikal müxalifət partiyasının lideri kimi təqdim edən şəxslər, ancaq siyasi şou ilə, ölkə başçısına böhtan atmaqla illərini keçirirsə, yazıq onlara züy tutanlara...
Azərbaycan xalqından, geniş ictimaiyyətdən heç bir dəstək ala bilməyən antimilli ünsürlər süni ajiotaj, təxribat xarakterli informasiyalar yaymaqla, ictimai rəyə təsir göstərməyə çalışırlar. Siyasi spektrdə heç bir real nəticə əldə edə bilməyən dağıdıcı müxalifətçilər birhüceyrəlinin belə olmayan ağlına gələ biləcək axmaq fikirlər uydururlar.
Antimilli ünsürlər bilməlidirlər ki, başıpozuq adamları əməllərinə alət etməklə sosial dayaq formalaşdırmaq olmaz. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti sağlam təfəkkürə və milli şüura malikdir. Onlar ölkənin maraqlarının nədən ibarət olduğunu bilir, respublikada və dünyada gedən siyasi, iqtisadi prosesləri izləyir və düzgün analiz edərək, doğru nəticələr çıxarırlar.