KÖŞƏ

Günel Eyyubova

Doğrudanmı qonşu iti qonşuya hürməz?

01 aprel 2021 20:56
2397

Bəs, atalar deyirdilər ki, qonşu iti qonşuya hürməz? Odlar yurdu Azərbaycan da dilənçi Ermənistanın qonşusu deyildimi? Onda Sarkisyan, Koçaryan, Paşinyan, nə bilim boynubükük Mnasakanyan  27 sentyabra qədər niyə vəngildəyirdilər?

Ermənistanın news.am saytı yazır ki: “Martın 31-də Azərbaycan tərəfindən işğal olunmuş “Artsax” ərazilərində daha iki erməni cəsədi tapıldı”. Olduqca qanıb-qandırmayan qonşularımız var. Bütün dünya, ən əsası ermənilərin böyük qardaşları, əsrlərdir qahmarçıları olan Rusiya da rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdı, amma bunlar hələ də gorbagor olmuş artsaxdan danışırlar. Sənin o 2 ermənin nə gəzirdi Azərbaycan torpağında ki, cəsədi də tapılsın?

Meydanda köməksiz, dayaqsız qalan Ermənistan hakimiyyəti indi-indi ayılıb ki, döyüş meydanında rüsvayçı məğlubiyyətlərinin səbəbi paslanmış beyinə sahib olmaları imiş. “Sputnik Armenia” yazır ki, Ermənistan prezidenti A.Sarkisyan 30 illik diplomatik təcrübəsinə əsaslanaraq belə bir qənaətə gəlib ki, baş verən hadisələr başqa ssenari üzrə də inkişaf etdirilə bilərdi. Hətta sözügedən “diplomat” fikrini belə əsaslandırır ki, Azərbaycan həmişə müharibədən bəhs edirdi. Ona görə də Ermənistan Qarabağın müdafiə qabiliyyətini gücləndirmək, daha müasir hərbi infrastruktur yaratmaq və eyni zamanda, Qarabağı iqtisadi cəhətdən daha səmərəli hala gətirmək üçün vaxtında müəyyən addımlar atmalı idi. Baxın, balaca da olsa bir ölkənin prezidentidir və potologiyaları indiyə qədər aşkarlanmayıb. Çox təəssüf! Gəlin, biz xatırladaq... Ermənistanın hərbi məğlubiyyətdən sonra vəzifəsindən azad edilən keçmiş müdafiə naziri David Tanoyan Azərbaycanı yeni müharibə ilə hədələyirdi. O, Amerikada olarkən erməni diaspor təşkilatları ilə görüşü zamanı belə bir sərsəm bəyanat səsləndirmişdi ki, Ermənistan yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşır.

Belə bir deyim var: “Bir məşğuliyyəti 21 gün təkrarlasan beyin ona alışır və onu özünüküləşdirib adi hala çevirir”. İndi təsəvvür edin ki, bu haylar neçə əsrdir torpaqlarımızı erməniləşdirməyə çalışır, abidələrimizi dağıdır, bəzilərini erməniləşdirməyə cəhd edir, alban kilsələrini erməni kilsəsidir adı ilə dünyaya tanıdırlar. Beyn də çaşıb qalıb. Deyir yəqin elə mənimkidir – erməninindir. Binəva Armen Sakisyanın isə 30 illik diplomat təcrübəsi olsa da, bu yolda saç ağartsa da hələ də elə bilir ki, Qarabağ ermənilərindir. Çəpər dibindən səsləri gələnlər bilmirlərmiş ki, onların bir vaxtlar vergül qoyduqları münaqişəyə  Ali Baş Komandan İlham Əliyev 10 noyabr 2020-də nida ilə əvəzlədi və Azərbaycanın bütövlüyü düşmən tapdağı altında inləyən torpaqlarımızın qayıdışı ilə bərpa olundu.