KÖŞƏ

Vəli İlyasov

Ey Nikol, aç qapını, gələk səni öldürək!

02 aprel 2021 21:37
1531

Düşmən ölkəni cənginə almış siyasi, iqtisadi və hərbi böhrandan sui-istifadə etməyə çalışan bir dəstə hakimiyyət hərisi baş nazir Nikol Paşinyanı parlament seçkisi keçirilməsinə məcbur etdi. Onlardan biri, Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan iyunun 20-də baş tutacaq parlament seçkilərinə fəal surətdə hazırlaşır. Bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Koçaryan seçkilərə tək qatılmayacaq. O, özünün tərəfdarı olan nüfuzlu şəxslərin də daxil olduğu böyük seçki siyahısı hazırlamağa başlayıb. Mənbə ikinci prezidentin baş nazir Nikol Paşinyanın qarşısına mümkün qədər güclü siyahı ilə çıxmağı hədəflədiyini qeyd edib. Nəşr bildirib ki, Koçaryanın siyahısında “VivaCell-MTS” mobil operatorunun baş direktoru Ralf Yirikyanın, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərlərindən biri, sabiq müdafiə naziri Seyran Ohanyanın, sabiq Baş Qərargah rəisi, general Yuri Xaçaturovun və baş nazirin sabiq müavini Armen Gevorqyanın və digər vəzifəli şəxslərin adları var.

Qəzet Koçaryanın keçmiş baş nazir Karen Karapetyanla da danışıqlar apardığını bildirib: “Karapetyanın ona hər cür dəstək verəcəyi, ancaq seçki siyahısında yer almaq istəmədiyi iddia edilir”.

“Hraparak” yazır ki, iş adamı Artak Tovmasyanın da Koçaryanın komandasına qatılması istisna deyil. Eyni zamanda, keçmiş ədliyyə naziri Arpina Ovanesyanın da ikinci prezidentin siyahısına daxil ediləcəyi, komandasında üçüncü şəxs olacağı qeyd edilib.

Koçaryanın bu cür hazırlığından belə nəticə çıxarmaq olar ki, eks-prezident baş naziri seçkinin ilk raundunda “nokauta salmağı” planlaşdırır. Hazırlıqdan açıq görünür ki, “at ilxısı, köpək sürüsü” yığan Robert az qala itini də, pişiyini də Nikolun üstünə qısqırdır. Lətifəsi uzaq olsun, bu vəziyyət bizim “O olmasın, bu olsun” filmimizdə Məşədi İbadın Sərvəri hədələdiyi səhnəni xatırlatdı. Robertin planları açıq-aşkar onu deyir ki, ey Nikol, aç qapını, gələk səni öldürək!

Amma Paşinyan da “qabağından yeyən deyil”, Robertin namərdliyini əvvəlcədən bildiyi üçün onu uzun müddət həbsxanada saxladı. Hətta cürət edib Rusiya prezidenti Vladimir Putinin Koçaryanı həbsdən azad etməsi barədəki xahişini də qulaqardına vurdu. Üstəlik Putinin Koçaryanla görüşünə imkan vermədi. O da məlumdur ki, əlaltdan öz hazırlığını görən Paşinyan rəqibləri və daha doğrusu, düşmənləri üçün “bərk qozdur”, onu sındırmaq asan olmayacaq.

Xatırladaq ki, Paşinyan hakimiyyətə gələn gündən təsir və təzyiqlərə məruz qalıb. Təkcə tarixin zibilliyinə atılmış “Qarabağ klanı”nın ona olan hücumlarını və sui-qəsdi xatırlasaq tam təsəvvür yaranar. Lakin Nikol əfsanəvi ölməz Kaşşey kimi indiyədək bütün ölümcül zərbələrdən sağ qurtarıb. Görək iyunda necə olacaq?