KÖŞƏ

Vəli İlyasov

Üç ermənini iki məhkəmə gözləyir...

08 aprel 2021 22:56
1452

Seçkilər yaxınlaşdıqca Ermənistanda daxili siyasi vəziyyət daha da gərginləşir. Hakimiyyət uğrunda mübarizədə baş nazir Nikol Paşinyana qarşı əsasən “ekslər” durur. Onların önündə isə canfəşanlıqla çalışan sabiq prezident Robert Koçaryandır. Özünü erməni toplumunun qarşısında “aydan arı, sudan duru” göstərən Koçaryan Ermənistanı dalana dirəyənlərdən və məğlubiyyətə aparanlardan biri olsa da, indi bütün günahları Paşinyanın üstünə yıxmağa çalışır. O, dəfələrlə deyib: “Sözsüz ki, hazırkı vəziyyətə görə məsuliyyəti Ermənistanın baş naziri daşıyır. Paşinyan erməni xalqı qarşısında düz çöküb üzr istəməli və cavab verməlidir”.

Sonra o, fikrini öz düşüncəsi çərçivəsində izah edərək söyləyib ki, Paşinyan münaqişənin həll vaxtını uzatmağı bacarmadı, bununla da Ermənistanı məğlubiyyətə apardı. Ancaq ondan əvvəlki dövlət başçıları münaqişəni uzun illər müzakirə etməklə vaxtı uzatmağı bacardılar. “Bunun üçün şəxsən o özü məsuliyyət daşıyır. Mən izah edə bilərəm... Bizim artıq Azərbaycanla Dağlıq Qarabağ məsələsinə görə uzun illərdir münaqişəmiz var idi. Bu münaqişə 1988-ci ildən başlayıb. Hansısa həlli nəzərdə tutan danışıqlar prosesi var idi. Ancaq son illər səlahiyyətlilər danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirdilər. Danışıqlar bitən yerdə isə müharibə başlayır”, - deyə Koçaryan müsahibələrindən birində bildirib. Nə qədər qeyri-ciddi olsa da Robert Koçaryan daha sonra diqqətə çatdırıb ki, hazırkı hakimiyyət məsuliyyətli və bir qədər mürəkkəb olan danışıqlardan yayınmaq üçün müharibəyə yol açıb.

Bu, həmin Koçaryandır ki, özünün də dediyi kimi, əsassız ərazi iddialarını on il uzatmağa nail oldu. O, hakimiyyəti dövründə Azərbaycana qarşı özünün qəddar, faşist simasını göstərdi və imitasiya ustası olduğunu etiraf etdi. Ancaq Koçaryan anlamalı idi ki, “həlli nəzərdə tutan danışıqlar prosesi” bir gün səbr kasasını daşdırdıqları Azərbaycan tərəfindən qəbul edilməyəcək və onda Ermənistanın içğalçı ordusu və təcavüzkar siyasət yürüdən başçıları Azərbaycan Ordusuna cavab verməli olacaqlar və belə də oldu.

Xatırladaq ki, “vaxt uzatmaq, torpağı unutdurmaq” kimi eyni ağılsız siyasəti davam etdirən Robert Koçaryan və Serj Sarkisyan belə düşünürdülər ki, işğalı uzatmaqla azərbaycanlılara öz torpaqlarını unutdurmağa nail olacaqlar. Ancaq Azərbaycanda başqa cür düşünürdülər. Ölkə rəhbərliyi  işğala dinc yolla, qansız və müharibəsiz son qoymağa çalışır, ona görə səbr edib bütün mümkün variantlara əl atırdı. Bununla bərabər ordunun modernləşdirilməsi və gücləndirilməsi üçün Ermənistanın dövlət büdcəsi qədər vəsait xərcləyirdi. Ermənistan öz arsenalını köhnəlmiş zay silahlarla dolduranda Azərbaycan ordusunu müasir silahlar və zirehli texnika ilə təmin edirdi. O dövrdə Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsinə çevrilmiş, dünyanın 50 ən güclü orduları sırasına yüksəlmişdi. Ancaq görünür, Robert Koçaryan bu həqiqəti etiraf etmək istəmir. İndi o, yalnız Paşinyanın günahkar olduğunu, təkcə onun cəzalandırılmasını tələb edir. Halbuki Ermənistanın məğlubiyyətinə görə bir yox, İrəvanda üç nəfər cəzalandırılmalıdır-Robert Koçaryanla Serj Sarkisyan müttəhimlər kürsüsündə Paşinyanın yanında durmalıdırlar. Bu üç nəfəri başqa bir məhkəmə də gözləyir. Çünki onların üçünün də əlləri dinc azərbaycanlıların qanına batıb, Azərbaycanın şəhər və kəndlərinin dağıdılıb yandırılmasında, sərvətlərimizin talan edilib Ermənistana daşınmasında, ekologiyamızın məhv edilməsində birbaşa günahları var. Ona görə də hər üçü beynəlxalq məhkəmədə cavab verməlidir.