KÖŞƏ

Zahid Rza

Ermənistandan tələb olunmalıdır ki…

08 aprel 2021 23:57
1344

Azərbaycan 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş əraziləri minalardan təmizləmək üçün kifayət qədər ciddi addımlar atır.   Təbii ki,bu ərazilərin partlayıcı maddələrdən tədricən təmizlənməsində əlavə vaxt ilə yanaşı, çoxlu vəsait, kifayət qədər peşəkar mütəxəssis və texniki ehtiyatlar tələb olunur. Çünki Ermənistan ordusu hərbi təyinatı olmayan əraziləri də minalayıb.

Məsələ burasındadır ki, Ermənistan Azərbaycana daha çox ziyan vurmaq üçün beynəlxalq hüquq normalarını pozaraq minalanmış ərazilərin xəritəsini ölkəmizə təqdim etməkdən imtina edir. Buna görə bu təcavüzkar ölkəyə qarşı ciddi beynəlxalq təzyiqlər olunmalıdır. Ekspertlər qeyd edirlər ki, 10 noyabr Bəyanatının imzalanmasında zəmanətçi dövlət kimi iştirak edən Rusiya Federasiyası Ermənistandan minalanmış sahələrin xəritələrinin Azərbaycana verilməsini tələb etməlidir. Həmçinin dünyanın ayrı-ayrı dövlətləri və beynəlxalq təşkilatlar da beynəlxalq hüququn prinsiplərindən çıxış edərək, humanizm ideyalarını dəstəkləyərək Azərbaycan vətəndaşlarının, hərbi qulluqçuların, mülki əhalinin ziyan çəkməməsi üçün Ermənistana təzyiq göstərərək minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi tələbini irəli sürməlidirlər. 

Artıq dünya mediasında, nüfuzlu beynəlxalq nəşrlərdə bu məsələ ilə bağlı məqalələr dərc olunur. Məsələn, Misirin “Əl Masr Əl Yom” nəşrində dərc olunan “Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək istəmir” sərlövhəli məqalədə bu məsələ ilə bağlı Ermənistan sərt tənqid edilir. Rusiyalı hərbi icmalçı Aleksandr Artamonov da “Pravda.ru” şəbəkə nəşrinin “YouTube” kanalında bu mövzuya toxunaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, onun ölkəsi Ermənistanla sülh sazişi imzalamağa hazırdır. Hərbi icmalçı, həmçinin xatırladıb ki, Azərbaycanın hərbi yolla özünə qaytardığı Qarabağ ərazisi bütün beynəlxalq qanunlara və BMT-nin qətnamələrinə görə Azərbaycana məxsusdur: “Hazırda evlərinə qayıtmağı gözləyən 750 min insan oraya qayıda bilmir, çünki minalanmış sahələrin xəritəsi Azərbaycan tərəfinə verilmir və ərazi məskunlaşmaya yararlı deyil: infrastruktur yoxdur, orada hərəkət etmək mümkün deyil, demək olar ki, hər yer minalanıb. Bununla belə, Azərbaycan sülh barədə danışır”.

Prezident İlham Əliyev bir müddət əvvəl yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməməsini cinayət kimi qiymətləndirmək olar: “Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib”.

Xüsusilə qeyd edilməlidir ki, hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslər, o cümlədən mülki əhali, onların həyatına və fiziki toxunulmazlığına hörmət edilməsi prinsipləri də Ermənistan tərəfindən kobud şəkildə pozulur.  Bu ölkə belə avantürist əməlləri ilə “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəları da Ermənistan tərəfindən pozulur. Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. Lakin hazırda Ermənistan bu öhdəliyini pozmaqda davam edir.