KÖŞƏ

Zahid Rza

Bütün dünya erməni vandalizminə şahidlik edir

12 aprel 2021 23:02
1359

Bəs bütün bunların fonunda susqunluq nə üçündür?

Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində bu tarixi diyarımızda İslam mədəniyyətinə aid olan bütün muzeylər, abidələr, 70-ə yaxın məscid dağıdılıb. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. İnsanlığın üzqarası olan bu vəhşilər zəbt olunmuş Azərbaycan ərazilərində hətta soydaşlarımızın məzarlarını, mərmər daşları, qəbirüstü abidələri qarət ediblər.

Ermənilər 44 günlük müharibə zamanı da mədəni irsimizə qarşı öz cinayətkar əməllərini davam etdirərək münaqişə zonasından təxminən yüz kilometrlərlə uzaqda yerləşən Gəncə şəhərinə raket hücumları edərək dinc insanları öldürüb, tarixi tikililərimizə də zərər veriblər. Onların bu vandal əməlləri nəticəsində XIX əsrdə tikilmiş Gəncə gimnaziyası, IX əsrin İmamzadə məscidi, XIX əsr Aleksandr Nevski Rus Pravoslav kilsəsi kimi digər abidələr də zərər görüb.

Bu gün Azərbaycan təcavüzkar Ermənistanın işğalçılıq, vəhşilik, vandallıq, faşist mahiyyətini beynəlxalq aləmdə ifşa etmək üçün bütün zəruri addımları atır. Artıq beynəlxalq KİV nümayəndələri, xarici diplomatlar, hərbi attaşelər və bu missiyaya daxil olan şəxslər işğaldan azad edilən ərazilərimizdə səfərdə olarkən ermənilərin törətdikləri vandalizmin izlərini gözləri ilə görüblər. Bu günlərdə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun nümayəndələri və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri də Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna və Gəncə şəhərinə səfər ediblər.

Bu səfərlər dünya mətbuatında da geniş işıqlandırılıb. Məsələn, Misirin “Asiaelyom” informasiya agentliyi Türk Şurası rəsmilərinin Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfəri barədə xəbərlər yayıb. Türkiyənin Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “Haber Global” telekanalları, “Sabah”, “Milli qezete” və digər KİV-lər Ağdam və Gəncə səfərlərinin təfərrüatları barədə məlumatları türkdilli oxuculara çatdırıblar.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun Ağdamda gördüyü erməni vəhşiliyindən bəhs edərək deyib: “Buradakı zülmü, əziyyəti və barbarlığı gördük. Bu, bənzəri olmayan bir barbarlıqdır. Burada barbarlıq olan zaman dünyanın, beynəlxalq təşkilatların necə ikiüzlü bir mövqe sərgilədiyini də gördük. Baxın, burada mədəniyyət abidələri tar-mar edilib. Amma özünü dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan qurumlardan heç bir səs çıxmayıb. Ona görə də buradakı mədəniyyət abidələri məhv edilib. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini itirmək üçün məhv edilib. Amma bunu bacarmadılar, bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin, İslamın torpaqlarıdır”.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri nəticəsində artıq Qarabağda yüksək səviyyədə həyata keçirilən bərpa-quruculuq işləri gündən-günə sürətlənir. Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağa hər səfəri çərçivəsində yeni müəssisələrin təməlini qoyur, açılışlar edir, böyük qayğıkeşliklə məscidlərimizi, tarixi-mədəni abidələrimizi ziyarət edir. Ölkəmizin başçısı işğaldan azad edilən rayonlarımızda olarkən Ermənistanın viran qoyduğu yerləri, tikililəri göstərib deyir ki, baxın görün, biz necə bir düşmənlə üz-üzəyik. 2020-ci il mart ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olarkən ölkəmizin başçısı Hadrutda Azərbaycan bayrağını ucaldıb, Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub, Azıx mağarasına baş çəkib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi “İnstagram” səhifəsində azad olunmuş ərazilərə səfərdən paylaşdığı görüntülərdə dövlət başçısı bildirir: “Dırnaqarası “Arsax” dövləti cəhənnəmə getdi. Dövlət idisə, niyə daş-daş üstünə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bura Azərbaycanındır!”.