KÖŞƏ

Mənsumə Babayeva

Dövlətimizin uğurlarına qara eynək arxasından baxanlar

13 aprel 2021 23:05
2632

Vətən müharibəsi zamanı minlərlə igid oğullarımızın qanı, canı bahasına işğaldan azad edilmiş torpaqlar 29 il əvvəl məhz indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin qurbanına çevrilmişdi. Məhz AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı nitqində bu məqama toxunan Prezident İlham Əliyevin bəyan etdiyi kimi, onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular: “Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir”.

Yeri gəlmişkən onu da diqqətə çatdıraq ki, AXC - Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Demək olar ki, ictimai-siyasi proseslər nəzarətdən çıxmış, dövlətçilik üçün real təhlükə yaradan qanunsuz silahlı dəstələrin törətdikləri özbaşınalıqların həddi-hüdudu yox idi. Lakin bütün bunların fonunda o vaxt Naxçıvan qorundu, qəhramanlıqla müdafiə olundu. Çünki ulu öndər Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal etsinlər, halbuki, dəfələrlə belə cəhdlər olub. Məhz ulu öndər Heydər Əliyevin qətiyyətindən güc alaraq orada sərhəddə gedən şiddətli döyüşlərdə hərbçilərimiz və mülki vətəndaşlar sinələrini qabağa verərək öz torpaqlarını müdafiə edirdilər. Bununla belə həmin vaxt Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Naxçıvanla bağlı da xəyanətkar planı reallaşdırmağa cəhd göstərdi. Naxçıvan düşmənə qarşı mərdliklə sinə gərdiyi bir vaxtda onlar Bakıdan Naxçıvana hərbi desant göndərirdilər ki, ulu öndər Heydər Əliyevi hakimiyyətdən devirsinlər. Beləcə, torpaqlar əldən gedir, ermənilər kəndlərimizi zəbt edir, onlar isə Naxçıvanda Ulu Öndərə qarşı mübarizə aparırdılar. Göründüyü kimi, bütün bunlar AXC-Müsavat cütlüyünün xəyanətkar əməlləridir.

Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmiz xaosdan, anarxiyadan, parçalanmaqdan, bir sözlə, yox olma təhlükəsindən xilas oldu. Ölkədə sabitlik, qayda-qanun yaradıldı və nizami ordu quruculuğu başlandı.  Bir sözlə, ölkəmiz bütün sahələr üzrə dirçəliş dövrünə qədəm qoydu. Ulu Öndər siyasi kursunu yeni çalarlarla zənginləşdirərək davam etdirən Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik sosial proqramların reallaşdırılması, ən əsası 30 ildən sonra müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunması nəticəsində Azərbaycanın həyatında qarşısında yeni dövr başlayıb.

Göründüyü kimi, 1993-cü ildən bugünədək Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edib, yeni-yeni uğurlara imza atıb. Dövr, zaman dəyişdikcə, qarşıya yeni vəzifələr çıxır. Sadəcə olaraq ölkədə dəyişməyən, ümumiyyətlə, bu haqda belə düşünməyən yalnız  radikal müxalifətdir. Hər zaman ölkəmizin, dövlətimizin uğurlarına qara eynək arxasından baxanlar, hətta İkinci Qarabağ müharibəsi zamanında ordumuza, haqq işimizə şər, böhtan atmaqla özlərinin xəyanətkar xislətlərindən heç zaman əl çəkməyəcəklərini bir daha təsdiqləmiş olurdular.