KÖŞƏ

Zahid Rza

Qarabağ AXC-Müsavat hakimiyyətinin xəyanəti üzündən işğal olunmuşdu

14 aprel 2021 22:49
1317

Ötən əsrin 90-cı illərinin axırlarında Azərbaycanda geniş vüsət alan xalq hərəkatından sui-istifadə edərək hakimiyyəti çevriliş yolu ilə zəbt edən AXC-Müsavat hakimiyyətinin tör-töküntüləri olan, mayası xəyanətkarlıqlarla yoğrulan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların ətrafındakı satqınlar xaricdəki anti-Azərbaycan dairələrlə işbirliyinə girərək ölkəmizə qarşı apardıqları qara piar kampaniyasının sərhədlərini gündən-günə genişləndirirlər. Öz antimilli fəaliyyətləri üzündən xalqın dəstəyini itirən bu xəyanətkar merkantillər çirkin niyyətlərinə nail olmaq üçün ən alçaq vasitələrdən istifadə edirlər. Bu satqın, pozucu və inkarçı dəstənin əsas məqsədi və niyyəti ölkəni həmin 90-cı illərdə olduğu kimi xaos və anarxiya, hərc-mərclik girdabına sürükləmək, necə deyərlər, bulanıq suda balıq ovlayaraq xaricdəki ağalarının tapşırığı və yardımı ilə hakimiyyəti ələ keçirərək Azərbaycanı dağıtmaq, məhvə sürükləməkdir.

Təbii ki, bütün bunlar həmin “bəylər”in xam xəyallarıdır. Öz Prezidentinin ətrafında sıx birləşən, o ağır, qorxunc və qan qoxuyan, aclıq, yoxsulluq, utancdolu günlərin acı xatirələrini heç vaxt unutmayan xalqımız bu başabəla “siyasətçilər”i çoxdan tarixin zibilliyinə göndərib.

1992-ci ildə hakimiyyəti zorla, qeyri-qanuni yolla zəbt edən AXC-Müsavat iqtidarının ölkədə yaratdığı antidemokratik şərait, diplomatiyada yol verilən səhvlər Azərbaycanı dünya siyasətindən təcrid etmişdi. Bir qiyamçı polkovnikin öhdəsindən gələ bilməyən, çıxış yolunu onun yuvalandığı Gəncə şəhərini bombalamaqda görən, öz əsgərlərini güllələyən, əsir götürən, Ermənistanın təcavüzünün şiddətləndiyi bir vaxtda düşmən ölkəyə benzin satan bu xəyanətkar, başabəla hakimiyyətin antimilli siyasəti nəticəsində Azərbaycanda vətəndaş qarşıdurması pik nöqtəsinə çatmış, respublikamız müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Kreslo, hakimiyyət hərisliyi xəstəliyinə tutulan, şəxsi maraqlarının əsirinə çevrilən “bəylərin” qeyri-peşəkarlığı, səriştəsizliyi, naşılığı üzündən ölkədə yaranan xaos, hərc-mərclik Ermənistana işğalçılıq siyasətini daha da genişləndirmək imkanı yaratmışdı.

Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bir daha bildirdi ki, məhz o dövrdə AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü: “Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. O vaxt müdafiə naziri onların adamı idi, hansı ki, söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq. Bu günə qədər tula kimi orada-burada sülənir. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir”.

Təbii ki, öz antimilli fəaliyyətləri ilə erməni dəyirmanına su tökən, anti-Azərbaycan dairələrin marionetkasına çevrilən, xalqa, dövlətə və dövlətçiliyimizə qənim kəsilən bu qüvvələrin bütün cəhdləri əbəsdir. Çünki cəmiyyətimiz çoxdan onları rədd edib. Təxminən 30 il ərzində müxalifətçilik adı ilə ölkədə qarşıdurma yaratmağa çalışan, sosial şəbəkələr, xaricdən maliyyələşən internet TV-lər vasitəsilə cəmiyyətdə kin, qəzəb, nifrət hissi aşılayan bu mənəviyyatsız marginalların çirkin əməlləri ictimaiyyətimiz tərəfindən etirazla qarşılanır.  Azərbaycan xalqı AXC-Müsavat hakimiyyəti dövründəki o ağır, məşəqqətli, faciəli günlərin təkrarlanmasını istəmədiyindən xaos, anarxiya ilə sabitlik, inkişaf və tərəqqi arasında seçimini 2003-cü ildə edib. Xalqımız düşünülmüş, prinsipial və ağıllı siyasəti ilə respublikamızı inkişaf və tərəqqiyə aparan, qlobal böhran şəraitində uğurlarını təmin edən, fəaliyyətini xalqa və dövlətə sədaqətli xidmət məramı üzərində quran, Azərbaycanı regionun lider dövlətinə çevirən, Qarabağı təcavüzkar Ermənistanın 28 illik işğalından azad edən, işğaldan azad olunmuş ərazilərimizin bərpası üçün Böyük Qayıdış missiyasına uğurla rəhbərlik edən Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Müdrik və uzaqgörən xalqımız ölkəmizin başçısının liderliyi ilə yürüdülən dövlət siyasətini tamamilə dəstəkləyir. Çünki vətəndaşlarımız yaxşı bilirlər ki, onların bütün istək və arzularını gerçəkliyə çevirən, Azərbaycanın indiki və gələcək inkişafının təminatçısı olan Prezidentimizin müəllifi olduğu siyasətin alternativi yoxdur.