![]() |
Zahid Rza |
Bir müddət bundan əvvəl AXCP sədrinin sabiq müavini Razi Nurullayev sosial şəbəkələrdəki statuslarında yazmışdı ki, Əli Kərimli ətrafındakı gənclərə ədəbsizlik, tərbiyəsizlik, mənəviyyatsızlıq, söyüş, təhqir, yalançılıq öyrədir. Ə.Kərimlinin bu cür “siyasi” mübarizə “metodlarını” az da olsa siyasətlə maraqlananlar yaxşı bilir. Öz mənəviyyatını korlayan şəxs digərlərinə mənəviyyatlı siyasət öyrədə bilməz. Çünki belə vərdiş edib. Siyasətə satqınlıq, mənəviyyatsızlıq, liderinə qarşı “işverən”liklə gəlib. Ə.Kərimli siyasətə ilk dəfə liderinə xəyanət məfhumunu gətirib. Siyasi opponentlərinə qarşı ağıla gəlməyən mənəviyyatsız metodlardan istifadə edib. Onların arvad-uşağını belə söydürüb. Ən yaxın ətrafı, müavinləri və müşavirləri yüzlərlə saxta profillərdən istifadə edərək, insanlara qarşı mənəvi terror düzənləyiblər.
Danılmaz həqiqətdir ki, xəyanətin, satqınlığın bir bumeranq effekti var. Yəni, xəyanət edən özü də nə vaxtsa xəyanət edilənin taleyini yaşayır.
AXCP-nin mətbəxinə daha yaxından bələd olan Böyük Quruluş Partiyasının sədri ( BQP) Fazil Mustafanın açıqlaması bu baxımdan maraqlıdır. F.Mustafa bu məsələ ilə bağlı bir müddət bundan əvvəl mətbuat orqanlarından birinə verdiyi müsahibədə bildirmişdi ki, bütün bunlar ona 16-18 il əvvəli xatırladır. BQP sədri AXCP-nin tarixinə ekskursiya edərək bildirmişdi ki, rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, Əli Kərimli müəyyən qüvvələrdən sifariş alaraq, ona qarşı iyrənc vasitələrdən istifadə edir, onun mövqeyini zəiflətmək istəyir. Ümumiyyətlə, onun siyasətdə olmasına müəyyən dərəcədə maneəçiliklər yaratmaq istəyir. Onun hər hansı şəkildə yenidən dirçəlməsinə imkan verməmək barədə müəyyən öhdəlikləri var. Bütün işlərini də buna doğru yönəldib.
BQP sədrinin sözlərinə görə, 17-18 il sonra Əli Kərimlinin etdiyi namərdlik bumeranq kimi özünə doğru geri qayıdır. İndi o, başqalarını hakimiyyətə işləməkdə, hakimiyyətdən sifariş almaqda ittiham edir. İstənilən sahədə dürüst, haqqı tanıyan xarakterdə olmadınsa, bu nankorluğun cavabı özünə qayıdacaq. Əslində, bu gün AXCP-də baş verənlər Əli Kərimlinin xarakterinə görə özünə qayıdan cavablardır. Bu cavablarda söhbət hakimiyyətə müxaliflikdən getmir, ayrılıqda xarakterdən, dürüstlükdən, insani dəyərlərə sayğıdan gedir. Siyasət o demək deyil ki, insani dəyərlərə qarşı siyasət naminə istənilən addımı ata bilərsən. Amma elə bir zaman gəlir ki, məhz qiymətləndirilən meyar insani dəyərlər olur: “Ona görə də AXCP-də baş verənləri əvvəllər edilmiş nankorluğun başqa formada qayıdışı kimi qiymətləndirirəm. Ola bilsin ki, Ə. Elçibəyin hansısa xüsusiyyətləri var idi ki, kimisə qane eləmirdi, lakin Elçibəy həm də bizlərə - 25-27 yaşlarındakı gənclərə siyasətdə qısqanmadan, narahat olmadan düz yolu təqdim edən, verən insan idi. Bu gün mən də hansısa fikirlərini tənqid edə bilirəm, amma bir şeyi tənqid edə bilmirəm, o, heç vaxt özündən fərqli fikir deyən, yaxın çevrəsi olmayanları rəqib bilməyən adam idi. Paxıllıq duyğusu olmadan yaşamaq, siyasətdə mövcud olmaq böyük xüsusiyyətdir. Bu adamlar isə belə duyğuya sahib olmadıqlarına görə, özlərinin nə vaxtsa etdikləri qeyri-insani davranışların cavabını alırlar”.
Bu gün AXCP sədri Ə.Kərimlinin ətrafında baş verənləri müşahidə edərkən belə bir müdrik kəlamı xatırlamamaq olmur: “ Külək əkən fırtına biçər”.