KÖŞƏ

Zahid Rza

Qondarma “erməni soyqımı”: Tarixin total və topal yalanı

23 aprel 2021 22:17
1584

Tarixin topal və total yalanı olan “erməni məsələsi” əslində “Şərq məsələsi”nin tərkib hissəsidir. Rusiya və Avropa dövlətləri tərəfindən ortaya atılan “Şərq məsələsi” 1878-ci ildə San-Stefano müqaviləsi və Berlin Konqresində rəsmiləşdirildi. Məhz bundan sonra Osmanlı dövləti ərazisində, eləcə də kənarda erməni siyasi partiyalarının, terrorçu təşkilatlarının və silahlı dəstələrinin yaradılmasına rəvac verildi. “Şərq məsələsi”nin əsasını Osmanlı dövlətini parçalamaq və onun ərazilərini bölüşdürmək planı təşkil edirdi. Həmin dövrdə Osmanlı imperiyasında siyasi və iqtisadi tənəzzülün güclənməsindən istifadə edən böyük dövlətlər, xüsusilə də İngiltərə və Fransa onu asılı vəziyyətə salmaq üçün Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. “Şərq məsələsi” həmin dövrdə, öz növbəsində, Rusiya imperiyasının xarici siyasətinin əsasını təşkil edirdi.  Hətta rus çarı I Nikolay belə hesab edirdi ki, Türkiyə “xəstə adam”dır və tezliklə “öləcək”. Buna görə də fürsət düşmüşkən Türkiyə imperiyasının ərazisini bölüşdürmək və Qara dəniz planını reallaşdırmaq lazımdır.

Birmənalı demək olar ki, “Şərq məsələsi”ni Rusiya, İngiltərə, Fransa və Avstriya dövlətləri ərsəyə gətirmişdilər. Burada əsas hədəf bir neçə yüz il ərzində üç qitədə-Asiya, Avropa və Afrikada hökmranlıq edən Osmanlı imperiyası idi. Məsələnin həlli üçün ən çirkin vasitələrdən istifadə edən bu dövlətlər “erməni məsələsi”ni ortaya atdılar. Həmin vaxtdan etibarən bu məsələ, necə deyərlər, beynəlxalq problemə çevrildi. Böyük dövlətlərin maraqları əsasında ortaya çıxan “erməni məsələsi”nin başlıca mahiyyəti belədir ki, guya  Türkiyənin Şərqi Anadolu coğrafiyası ermənilərin ana vətənləridir, onlar burada əhalinin çoxluğunu təşkil edirlər, ermənilər bu ərazidə öz dövlətlərini qurmalıdırlar, eləcə də 1915-ci ildə Osmanlı dövlətində ermənilərin köçürülməsi deyil, qətliamı baş verib. Bütün bunlar absurd, ermənilərin topal yalanı və həqiqətdən çox uzaq iddialardır. Məsələnin əsl mahiyyəti isə bundan ibarətdir ki, Qərbi Avropa ölkələri və Rusiya xarici siyasət strategiyasında üstünlüyü ələ keçirmək üçün XIX əsrin sonu, XX əsrin əvvəllərində “erməni məsələsi”dən istifadə edirdilər. Öz növbəsində Rusiya hakim dairələri Balkanlarda və Yaxın Şərqdə üstünlüyü ələ almaq üçün “erməni məsələsi” deyilən kartdan istifadə edir və hətta Türkiyə torpaqlarında “Türkiyə Ermənistanı” yaratmağı vəd edirdilər. Beləliklə, çar II Nikolayın rəhbərliyi ilə ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirakı təmin edildi. Erməni kiləsəsindən təlimat alan daşnaklar günahsız türk-müsəlman əhaliyə qarşı əsl soyqırımı həyata keçirməyə başladılar. Əslində bu gün də türkləri əsassız iddialarla soyqırımda ittiham edən, imperialist dairələrin oyuncağı olan ermənilər özləri soyqırımın təşkilatçısı və icraçıları olmuşlar. Belə ki, o illərdə vəhşiləşmiş erməni quldurları müsəlmanların-türklərin, kürdlərin yaşadıqları kəndləri yandırır, əhalini öldürür, qılıncdan keçirir, süngülərlə dəlik-deşik edir, körpələri oda ataraq yandırır, uşaqları süngülərə taxırdılar. Təpədən-dırnağa qədər silahlanmış ermənilər tərəfindən günahsız türk əhalisinin kütləvi məhv edilməsi, habelə ermənilərin yaşadıqları bu ölkəyə xəyanəti Türkiyə dövlətini ciddi qərarlar qəbul erməyə məcbur etdi. Belə ki, 1915-ci il 24 apreldə Türkiyənin daxili işlər naziri Tələt Paşa İstanbul və digər şəhərlərdə erməni komitələrinin təcili bağlanması və millətçi erməni rəhbərlərinin həbsi və sənədlərinin müsadirəsi haqqında əmr verdi. Bir gün sonra “Daşnaksütyun” və “Qnçaq”-ın üsyançı rəhbərləri ilə yanaşı, 600 nəfər həbs edildi. Bu məqsədlə Tələt Paşa tərəfindən imzalanan sənəddə qeyd olunur ki, erməni komitələrinin rəhbərliyi altında Zeytun, Bitlis, Sivas və Vanda baş vermiş üsyanların təkrarlanmaması üçün üsyan rəhbərlərinə qarşı həbs qətiimkan tədbirinin seçilməsi vacibdir.  Bundan sonra 1915-ci il mayın 30-da döyüş bölgəsində yerləşən ermənilərin daha təhlükəsiz yerlərə köçürülməsi barədə Osmanlı dövləti tərəfindən çox ədalətli və humanist qərarlar qəbul olundu. Van, Bitlis və Ərzurum kimi ərazilərdə erməni əhalisi döyüş meydanından uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Həmçinin Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi qadağan edən göstəriş verdi. 1916-cı ilin aprelinə qədər rusların və ermənilərin birləşmiş ordusu Şərqi Anadolunun böyük bir hissəsini -Trabzonu, Ərzurumu, Muşu, Bitlisi, Vanı ələ keçirdilər. İngilislər Qarsı işğal etmiş, fransızlar isə Adananı və Kilikiyanı tutmuşdular. Osmanlı dövləti 1918-ci ildə Türkiyə üçün ağır nəticələnən Mudros müqaviləsi ilə I Dünya müharibəsindən çıxdı.

Əslində bu gün ermənilərin və onların imperialist ağalarının iddia etdikləri kimi, Birinci Dünya müharibəsi illərində Osmanlı dövlətində ermənilərə qarşı heş bir soyqırımı həyata keçirilməyib. Bu məsələlərlə bağlı ermənilər iddia edirlər ki, guya Birinci Dünya müharibəsinə qədər Osmanlı ərazisində 2.5 milyon erməni yaşayıb. Əslində isə Osmanlı dövlətinin rəsmi məlumatına görə, müharibəyə qədər bu ərazidə 1,3 milyon erməni yaşayırdı. Digər yandan isə əhalinin yalnız yarısı döyüş əməliyyatları gedən ərazidə məskunlaşmışdı. Müharibə dövründə yarım milyon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmişdi. Bütün bunlar onu deməyə əsas verir ki, əslində o dövrdə ermənilərin soyqırımı yox, əksinə türklərin soyqırımı baş verib. Tarixi sənədlər təsdiq edir ki, o illərdə iki milyondan çox türkün həyatına son qoyulub. Həmin hadisələr zamanı isə erməni tərəfdən ölənlərin sayı cəmi 200 min nəfərə yaxın olub. Bunların da əksəriyyəti köçürmə zamanı aclıqdan, xəstəlikdən və soyuqdan ölən və itkin düşənlərdir.

 Qətiyyətlə demək olar ki, qondarma “erməni soyqırımı” iddiası tarixi həqiqətdən uzaq olan topal yalandır. Bütün bunlar ABŞ-dakı erməni lobbisinin liderlərindən olan Ross Vartanyanın yazdıqlarından açıq-aşkar görünür: “Soyqırımı layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik”.

Bu gün də dünya erməniliyi və onların havadarları hələ də avantürist məqsədlərini həyata keçirmək üçün saxta, uydurma, əsassız, yalan və böhtan dolu “erməni soyqırımı”ndan bir vasitə kimi kimi istifadə etməyə çalışsalar da, heç nəyə nail ola bilməyəcəklər. Bütün bunlar 44 günlük müharibədə qəhrəman Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri  üzərindəki tarixi Qələbəsi ilə bir daha öz təsdiqini tapdı.