03 may 2021 12:16
859

Hindistanda xəstəxanalar pasiyent qəbulunu dayandırır

Hindistanda bir çox xəstəxana çarpayı və tibbi ləvazimat, o cümlədən ağır xəstələr üçün oksigen ehtiyatı çatışmazlığına görə pasiyent qəbulunu dayandırır.

"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, bu cür hallar daha çox paytaxt Dehlidə müşahidə olunur. Həmin tibb ocaqlarının rəhərbliyi həyəcan təbili çalaraq, tibbi ləvazimat, xüsusən də oksigen ehtiyatının sürətlə azaldığını bəyan ediblər.

Aralarında bir həkim də olmaqla 12 pasiyentin oksigen çatışmazlığı səbəbindən öldüyü paytaxtdakı “Batra”, habelə ötən həftə 20 pasiyentin eyni səbəbdən öldüyü “Jaipur” xəstəxanası da bu cür tibb ocaqlarındandır. “Batra” xəstəxanasının baş həkimi Sudhanşu Bankata jurnalistlərə deyib ki, tibb ocağı yeni xəstə qəbulunu dayandırmaq barədə elan yayıb. Bundan başqa, oksigen ehtiyatının azalması fonunda fəaliyyət göstərməyin mümkünsüz olması barədə hökumətə məlumat verilib. Hazırda 327 COVID-19 pasiyentinin olduğu “Batra” xəstə tutumunu 200-ə endirməyi planlaşdırır. Xəstəxana ancaq o qədər xəstəni müalicə edə biləcəyini bildirib.

Qeyd edək ki, hazırda pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 368 min yoluxma, virus səbəbindən 3417 ölüm qeydə alınıb. Hindistanın Federal Səhiyyə Nazirliyinin məlumatına əsasən, indiyədək ölkədə 19 milyon 992 min yoluxma aşkarlanıb. Pandemiya qurbanlarının sayı 218 min 959, aktiv xəstə sayı 3 milyon 413 min nəfərdir.

Ekspertlər Hindistanda faktiki yoluxma sayının rəsmi rəqəmlərdən daha yüksək olduğunu bildirirlər.