KÖŞƏ

Zahid Rza

Ermənistana beynəlxalq təzyiq gücləndikcə…

04 may 2021 01:38
1142

Təcavüzkar Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi cinayətlərin davamı kimi qiymətləndirilməlidir. İşğalçı ölkə minalanmış ərazilərin xəritəsini verməməklə həm mülki şəxslər arasında mina qurbanlarının sayını artırır, həm də bu ərazilərə sakinlərin qayıdışını çətinləşdirir. Həmçinin bu yol ilə onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni infrastruktur layihələrinin reallaşmasını da də gecikdirirlər. Çünki minaların təmizlənməsi külli miqdarda vəsait tələb edir və vaxt aparır. Digər yandan Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir.

Təbii ki, işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində insanlar həlak olur və yaralanır.10 noyabrdan sonra mina partlayışları nəticəsində 22 nəfər həlak olub, 100 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir: “Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Bu istiqamətdə işlər davam etdiriləcək. Yeni avadanlıq alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib. Çalışacağıq, bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin”.

Artıq nüfuzlu beynəlxalq nəşrlər və tanınmış ekspertlər də bildirirlər ki, Ermənistanın işğaldan azad olunmuş ərazilərdən minalanmış sahələrin xəritəsini verməkdən imtinaya son qoymalıdır. Məsələn, bir müddət əvvəl Fransanın “Mediapart” portalında jurnalist Anri Furkadinin müəllifi olduğu “Beynəlxalq hüququn tələbinə baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir” sərlövhəli məqalədə göstərilirdi ki, işğalçı ölkə Azərbaycanın minalanmış ərazilərinin yerini göstərməkdən imtina etməklə beynəlxalq hüququ pozur.

Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib ki, xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir. 

Bundan başqa, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində keçirilən iclaslar zamanı qurumun Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi, Finlandiyadan seçilmiş deputat Kimmo Kilyunen deputatlara Azərbaycanlılar minalanmış və yenidən tikilməyə ehtiyacı olan bir əraziyə necə qayıdacaqlar?” sualı ilə müraciət etmişdi. K.Kilyunen Qarabağ münaqişəsi bitdikdən sonrakı mərhələdə azərbaycanlı köçkünlərin geri qayıtmalarını təmin etmək üçün bu ərazilərin minalardan təmizlənməsi və yenidən qurulmasının ən vacib məsələlərdən olduğunu bildirib: “Bütün hərbi əməliyyatlar siyasətin məğlubiyyəti deməkdir. İndi ki münaqişə bitib, barışıq və inamın yaranması mərhələsi başlayıb. Bu mərhələdə iki problemi diqqətinizə çatdırmaq istəyirəm. İlk növbədə azərbaycanlıların Dağlıq Qarabağa geri dönmələri ilə bağlıdır. Bu insanlar geri torpaqlarına qayıtmağı gözləyirlər. Lakin bu ərazi hansı vəziyyətdədir? Ora minalanmış və yenidən tikilməyə ehtiyacı olan ərazidir. Hər iki ölkə, Azərbaycan və Ermənistan bə ərazilərin beynəlxalq ekspertlərin iştirakı ilə minalardan təmizlənməsi məsələsində razılığa gəlməlidirlər”.

Birmənalı olaraq demək lazımdır ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi beynəlxalq qanunvericiliyə və konvensiyalara əsasən hərbi cinayətdir, beynəlxalq hüquq prinsiplərinə ziddir. Təcavüzkar ölkənin silahlı qüvvələri 28 illik işğal dövründə bu bölgədəki ərzilərimizə kütləvi şəkildə piyada əleyhinə minalar yerləşdirməklə beynəlxalq konvensiyaların bütün prinsiplərini pozaraq ciddi müharibə cinayətlərinə əl atıblar. Ona görə də dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT-in Mİnsk qrupu, Beynəlxalq Qızıl Xaç Komitəsi və sair artıq gözləmə mövqeyindən əl çəkməli, bu məsələlərlə bağlı Ermənistana təzyiqi artırılmalı, təcavüzkar ölkənin bu əməllərinə qarşı səssiz qalmamalıdırlar.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?