KÖŞƏ

Vəli İlyasov

Çolaq ayı, dəcəl meymun, çəp keçi: Baş rollarda Robert, Serj və Nikoldur

22 may 2021 00:58
2091

Azərbaycanla Ermənistan arasında sərhəd məsələləri ilə bağlı danışıqlar acı bağırsaq kimi uzanmaqdadır. Bunun sadə bir səbəbi var. O da Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın bu məsələdən vaxt qazanmaq üçün qarşıdakı seçkilərlə əlaqədar sui-istifadə etməsidir. Paşinyan ərazi mübahisələrini iyunun 20-dək, yəni seçkilərin keçiriləcəyi günə qədər uzatmağa çalışır. Ona görə də ermənilər ortalığa hüquqi qiyməti olmayan cızmaqaralar çıxarır, müxtəlif bəhanələr uydurur, KTMT-ni bu işə qatmağa və xarici havadarlarını da  buna qoşmağa can atırlar.

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyanın yaydığı Azərbaycanla Ermənistan arasında sərhəd komissiya quruluşu “sənədi” bu cızma-qaralardan biridir. Təbii ki, o sənəd dəqiq və rəsmi deyil. Heç şübhə ola bilməz ki, Mikayıl Minasyan belə bir iddia ilə seçki öncəsi daxili auditoriyaya təsir etmək istəyir.

O, yaxşı bilir ki, hazırda parlament seçkilərinin nəticələrinə təsir edə biləcək bir sıra spesifik mövzular var. Bunlardan biri də sərhəddə baş verən hadisələrdir. Diqqət etsək aydın görə bilərik ki,  erməni tərəfi məsələni həddən artıq siyasiləşdirmək üçün dəridən-qabıqdan çıxır. Bir ildən artıqdır ki, Ermənistanda siyasi və iqtisadi böhran hökm sürür. Mövcud hakimiyyət isə bunları aradan qaldırmaqda acizdir. İstər Nikol Paşinyanın Qaragöl məsələsindən istifadə etməyə çalışması, istərsə də digər iddiaların ortaya atılması aydın məsələdir ki, rəqiblərin seçki savaşıdır. İndi Ermənistanda “Qarabağ klanı” Paşinyanın hakimiyyət yolunda duran ən ciddi rəqibidir.

Ermənistan erməniləri Qarabağ ermənilərini yenidən hakimiyyətdə görmək istəmirlər. Çünki “Qarabağ klanı” davakar mövqeyindən əl çəkəsi deyil. Ancaq hakimiyyət uğrunda savaşda kimin qalib gəlməsi bir tikə çörək pulunu çətinliklə qazanan sadə ermənilər üçün əhəmiyyət kəsb etmir. Ona görə də bu günə qədər Ermənistanın özündən Paşinyana qarşı ciddi siyasi fiqur çıxmayıb. Onun rəqibləri kütlələr tərəfindən rədd edilən “Qarabağ klanı”na mənsubdur. Ona görə də Nikol Paşinyan seçkilərə qədər bu klanın əlinə bəhanə verməmək üçün yuxarıda barəsində danışdığımız maneələri neytrallaşdırmaq istəyir və nəticədə belə görüntü yaratmağa çalışır ki, guya Ermənistan təslimçi yolda deyil. Halbuki Ermənistan 2020-ci ilin noyabrında kapitulyasiya aktını rəsmən imzalayıb. Ölkədə baş verən həngamələrdən belə çıxır ki, Ermənistanda seçkiqabağı meymun oynadırlar. Bu, bizim folklorumuzdakı çolaq ayı, dəcəl meymun, çəp keçi məzhəkəli tamaşasına bənzəyir. Baş rolların ifaçıları isə Robert Koçaryan, Serj Sarkisyan və Nikol Paşinyandır.

Vəli İlyasov, “İki sahil”