KÖŞƏ

Zahid Rza

Antimilli avantüristlərin bədnam may tezisləri

27 may 2021 00:59
1744

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tarix yazdı. Ermənistan silahlı qüvvələrinin işğalı altında olan torpaqlarımız azad edildi, respublikamızın ərazi bütövlüyü təmin olundu. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm uğurlarımızın ən başlıca səbəbi dövlətimizin başçısının son 17 ildə həyata keçirdiyi “Güclü dövlət, güclü ordu strategiyası”, sosial-iqtisadi və siyasi uğurlar, xarici siyasətdəki nailiyyətlər, milli birlik və əsgər və zabitlərimizin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəkliyi idi.

Bütün bunlar məğlub Ermənistanın, erməni lobbisinin, onların havadarlarının, anti-Azərbaycan dairələrin və onların muzdlu nökərləri olan antimilli qüvvələrin kürkünə birə salıb. Ona görə də bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün bütün səylərini birləşdirərək ölkəmizin əleyhinə çirkin təbliğat kampaniyası aparırlar. Bu baxımdan son vaxtlar antimilli düşərgənin “liderlər”dən  olan Ə.Kərimlinin C.Həsənlinin, eləcə də onlarla işbirliyində olan S.Osmanqızının, Q.Zahidin, T.Sadıqlının, AXC-Müsavat hakimiyyəti funksionerlərindən olan, hələ o dövrdə ictimaiyyət arasında psixi xəstə kimi tanınan F.Hacıyevin və digərlərinin erməni lobbisinin tezisləri əsasında sosial şəbəkələrdə ölkəmizin əleyhinə apardıqları  “qara piar” kampaniyasının miqyasını daha da genişləndirmələrini təsadüfi hesab etmək olmaz. Belə ki, bu xəyanətkar başıpozuq dəstənin üzvləri məsələlərin əsl mahiyyətini bilərəkdən təhrif edərək Azərbaycana qarşı şər-böhtan yağdırır, ölkə rəhbərliyini sosial şəbəkələrdəki qərəzli, məsuliyətsiz insanların, ən başlıcası isə məlum qaragüruhun əli ilə hədəfə çevirmək üçün ən çirkin vasitələrdən istifadə edirlər. Burada əsas məqsəd ölkəmizdə ictimai rəyi çaşdırmaq, eləcə də beynəlxalq aləmdə Azərbaycana qarşı yanlış təəssürat oyatmaqdır. 44 günlük Vətən müharibəsində Azərbaycanın dəmir yumruğu ilə təcavüzkar Ermənistanın başını əzərək tarixi torpaqlarını 28 illik işğaldan azad etməsindən sonra ölkəmizə qarşı yönəldilən antitəbliğatın rənginin daha da tündləşdirilməsi bir daha təsdiq edir ki, bütün bunlar vahid mərkəzdən idarə olunur. Öz trol ordusu ilə sosial şəbəkələri, “YouTube”u zəbt edən dağıdıcı müxalifət təmsilçiləri, müxtəlif ölkələrdə siyasi mühacir adı ilə məşkunlaşan xəyanətkar “bloger”lər xarici kəşfiyyat orqanlarından aldıqları təlimatlar və göstərişlər əsasında Azərbaycanda xaos, anarxiya, qarşıdurma yaratmaq üçün mitinqlərə, qanunsuz aksiyalara  çağırışlar edirlər. Bütün bunlar anti-Azərbaycan dairələrin, bəzi xarici xüsusi xidmət mərkəzlərinin “sapı özümüzdən olan baltalar”a ötürdükləri tezislər əsasında həyata keçirilir. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın düşmən üzərindəki tarixi Qələbəsi, bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında ilk pillələrdən birini tutması, xalqımızın Ermənistanı, dünya erməniliyini, onların havadarlarını, bütövlükdə Azərbaycana qənim kəsilənləri diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur edən Prezidentinin- Liderinin ətrafında sıx birləşməsi həmin dairələrin və onların lakeyləri olan antimilli ünsürlərin yuxusunu ərşə çəkir. Yeri gəlmişkən, mayın 21-də 28 May metrostansiyasının qarşısındakı maksimum beş-üç nəfərlik “aksiya”nı  və bir müddət əvvəl buna bənzər “mitinq-şoular”ı  da bu kontekstdən dəyərləndirmək lazımdır.

Lakin bu məsələlər üzərindən siyasi dividendlər qazanmağa cəhd edənlər, özləri üçün piar kampaniyası aparanlar unudurlar ki, onların bütün bu cəhdləri əbəsdir. Çünki xalqımız ağı qaradan, yaxşını pisdən, əsl vətənpərvərlərlə, necə deyərlər, bir qaşıq suda fırtına qoparmaq istəyən saxta vətənşüvənləri zərgər dəqiqliyi ilə bir-birindən seçməyi çox yaxşı bacarır. Bu avantüristlərin əsl simaları, çirkin niyyətləri də ölkə ictimaiyyətinə çoxdan bəllidir. Şübhəsiz, antimilli ünsürlərin bu yalanları, əsassız iddiaları və ictimai rəylə uğursuz manipulyasiya cəhdləri nəticəsiz qalacaq və sapun köpüyü kimi dağılıb gedəcək. Çünki xalqımız öz Liderinə böyük etimad göstərir, rəğbət bəsləyir, onun siyasətini birmənalı şəkildə  dəstəkləyir.