KÖŞƏ

Vəli İlyasov

Sivil mübarizənin məğlubları...

02 iyun 2021 00:58
2567

Azərbaycanda müxalifət yoxdur, ancaq bu ada iddia edən bir dəstə antimilli ünsür var, desək daha düzgün olar. Bunlar dəryadakı gəminin divarlarını gəmirib deşməyə çalışan siçovullara bənzəyirlər. Otuz ilə yaxın bir müddətdə keçirilən bütün seçkilərdə biabırçılıqla məğlubiyyətə uğrayan bu adamlar meydanı boşaltmır, əksinə, ölkəmizin düşmənləri ilə əlbir olaraq pozucu işlər görməklə məşğul olurlar. Bunun da alınmadığını gördükcə hakimiyyət nümayəndələrinə qarşı söyüşə, qarğışa və təhqirə rəvac verirlər. Orduxan Teymurxan, Vidadi İsgəndərli və başqaları çirkin təbliğata qurşanıblar. Onlar Avropa şəhərlərinin küçələrində və meydanlarında dayanaraq bar-bar bağırır, Azərbaycan iqtidarı barədə yalan və hədyan yağdırır, arabir nəfəslərini dərib dinləyicilərdən təkidlə səs istəyirlər. Ancaq üfunət yayanlara səs verən yoxdur.

Sivil mübarizədə məğlub olan bu qaragüruhçular xeyli müddətdir ki, sosial şəbəkələrə daraşıblar. Ancaq “Facebook”, “Youtube” kimi sosial şəbəkə administrasiyalarının tətbiq etdiyi yeniliklər Əli Kərimli, Cəmil Həsənli və “Milli Şura”dakı digər radikalların ictimai rəy lideri olmaları haqda uydurulmuş saxta rəqəmlər qat-qat azalma ilə nəticələnib. Bu, həm də o deməkdir ki, Əli Kərimli və radikal antimilli ətrafının sosial şəbəkə üzərindən “inqilab etmək” arzuları da puç olub. İqtidarın milli maraqlara söykənən uğurlu diplomatik həmlələrinin antimilli ünsürlər tərəfindən sabotaj edilmə cəhdləri cəmiyyətdə daha çox marginallaşmalarına səbəb olur. Nəhayət, Avropada başlamış hüquqi araşdırmalar dağıdıcı müxalifətə Qərbdə guya böyük dəstək verilməsi haqda uydurmaların da yalan olduğunu, bu müxalifətin Qərbin ciddi institutları tərəfindən məhz insan alveri ilə məşğul olan mafioz qurumlar kimi qəbul edildiyini aşkarlayır. Bəlli olub ki, Azərbaycan iqtidarının illərlə dedikləri həqiqətdir: xaricdə, Qərbdə bu qüvvələrə yalnız anti-Azərbaycan dairələr, erməni lobbisi dəstək verir. Belə hərtərəfli ifşadan sonra Əli Kərimli və onun antimilli ətrafı nəticə çıxarıb indiyədək dəfələrlə media və informasiya texnologiyaları ekspertlərinin açıqladıqları faktları qəbul edib daha sağlam fəaliyyət metodları seçməli, saxta profillərdən istifadəyə, botlarla izləyici sayı artırmaq cəhdlərinə son qoymalı idilər. Düşmən qüvvələrin əlində alətə çevrildiklərini, müxalifətin yenilənməsi, cəmiyyətdə vətəndaş sülhünün dərinləşməsi önündə əngəl olduqlarını, minlərlə soydaşımızı “liberal cənnət” vədi ilə aldadıb son qəpiklərini də mənimsədiklərini, indi həmin soydaşlarımızın Avropada qaçqın düşərgələrində çox pis vəziyyətdə yaşadıqlarına görə məsuliyyət daşıdıqlarını etiraf etməli idilər. Ancaq onlar nə edirlər? Görünən odur ki, qaragüruhçu Əli Kərimli çevrəsindəki yaxın bir neçə “silahdaşına” maksimum müdafiə olunmaq, heç bir səhvi etiraf etməmək, vətəndaşları aldatmanın kiçik miqyasda olduğunu deməklə ittihamları sovuşdurmaq, ənənəvi qaydada dövlətə, onun rəhbərliyinə qarşı kin- küdurət selini daşdırmaq tapşırığı verib.

Son aylar Qarabağ müharibəsində ermənilərin mövqelərindən çıxış edən nadürüstlər qələbəmizin miqyasını kiçiltməyə, şəhidlərimizin  qanı bahasına qazanılmış qələbəmizi gözdən salmağa çalışırlar. Təbii ki, o da alınmadı. ABŞ-da yuva salmış Sevinc Osmanqızı və Fransada daldalanmış Qənimət Zahid bu məsələdə nə qədər canfəşanlıq etsələr də onların arqumentləri özlərinə qarşı ittihama və qınağa çevrildi. Onların bəziləri müharibədə məğlub olmuş ermənilərə qahmar çıxır, Azərbaycana məsləhət verirlər ki, soydaşlarımızı amansızlıqla qətlə yetirmiş erməni terrorçularını azad buraxsın. Murdar təkliflərini belə əsaslandırırlar ki, gəlin, biz humanizm nümayiş etdirək. Əcaib məntiqdir, deyilmi? Hücum edib günahsız vətəndaşlarımızı öz evində qanına qəltan edənləri bağışlamaq bəyəm humanizmdir? Elə isə vandal ermənilər Xocalıda, Cəmillidə, Başlıbeldə, Qaradağlıda, Bağanis-Ayrımda, Ağdabanda, Kərkicahanda niyə humanizm göstərmədilər? İndi bütün dünya erməni qatillərin Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri görür və dəhşətə gəlir. Qısaca desək, artıq xalqımızın etimad və etibarını çoxdan itirmiş, əvəzində nifrətini qazanmış bu adamlar illərdir ki, pullu satqınçılıqdan başqa məşğuliyyət tapa bilmirlər.