KÖŞƏ

Zahid Rza

Yenə də susqunluq, yenə də natamam mövqe...

08 iyun 2021 01:56
1446

Bəzi beynəlxalq təşkilatların Kəlbəcərdəki mina partlayışı nəticəsində baş verən faciəyə “kar”, “kor”, “lal” qalmaları ictimaiyyətimizin qəzəb və hiddətinə səbəb olur

Azərbaycanın “dəmir yumruğu” ilə darmadağın olaraq məğlubiyyətə uğrayan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı cinayətlər törətməkdə davam edir. İyunun 4-də işğaldan azad edilmiş Kəlbəcər rayonunun  Susuzluq kəndində mina partlayışı nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun, AzTV-nin operatoru Sirac Abışovun və yerli icra nümayəndəsinin müavini Arif Əliyevin həlak olması, dörd nəfərin isə yaralanması Ermənistanın terrorçu dövlət olmasını bir daha bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edir. Təcavüzkar ölkə isə bundan israrla imtina edir, hələ də regionda məkrli siyasətini davam etdirir, işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini həyata keçirir. Nəticədə müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub. Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupuna, müxtəlif beynəlxalq təşkilatlara hələ də minalanmış ərazilərin xəritələrini verməkdən imtina edən Ermənistana təzyiq göstərilməsi ilə bağlı dəfələrlə etdiyi çağırışlar da nəticəsiz qalıb.

Azərbaycan hökumətinin Kəlbəcərdəki qanlı hadisəyə çevik münasibəti nəticəsində bir sıra beynəlxalq təşkilatlar məsələyə münasibət bildiriblər. Təəssüf ki, bu dəhşətli faciə ilə əlaqədar beynəlxalq reaksiyaların kifayət qədər obyektiv və tam olmaması ictimaiyyətimizin haqlı narazılığına və məyusluğuna səbəb olub. Məsələn, “Human Rights Watch” başda olmaqla bir çox beynəlxalq təşkilatların bəyanatlarında Azərbaycan ərazilərinə mina basdıran, mülki əhalini hədəfə alan Ermənistanın adı çəkilməyib, bu ölkənin cinayətləri ifşa edilməyib. İnsanlarda haqlı olaraq sual yaranır: Görəsən, beynəlxalq ictimai rəyi formalaşdırmaqda rolu olan bir sıra təşkilatların və KİV-lərin hələ də məsələyə münasibət bildirməmələrinin, yaxud yarımçıq açıqlamalarının səbəbi nədir? Nədən jurnalistlərimizin və mülki insanların minaya düşməsi ilə bağlı açıqlama verən beynəlxalq təşkilatlar minanı basdıran Ermənistanın dövlət səviyyəsində təxribatçı əməlləri haqqında bir kəlmə olsun belə demirlər? 

BMT, AŞ, AŞPA, ATƏT-in Parlament Assambleyası, UNESCO kimi beynəlxalq təşkilatların təmsilçiləri susaraq hələ də Ermənistanın bu cinayətkar əməlləri haqqında bir kəlmə də olsun danışmayıblar. Bir müddət əvvəl Azərbaycan ərazilərində hərbçilərimiz tərəfindən ələ keçirilən erməni təxribatçılarının Ermənistana qaytarılması ilə bağlı bəyanatlar səsləndirən bəzi təşkilatların Kəlbəcərdəki mina partlayışı nəticəsində baş verən faciəyə “kar”, “kor”, “lal” qalmaları ictimaiyyətimizin haqlı narazılığına, qəzəb və hiddətinə səbəb olur.

Göründüyü kimi, bəzi beynəlxalq qurumlar hələ də “erməni sevdasından” əl çəkə bilmirlər. Təəssüf ki, biz əvvəllər də dəfələrlə onların belə məsələlərdə ikili standartlardan çıxış etmələrinin şahidi olmuşuq. Haqdan, ədalətdən, sülh və təhlükəsizlikdən, beynəlxalq hüquqdan  dəm vuranlar  daim terrorçu-təxribatçı Ermənistanın çoxsaylı cinayətləri ilə əlaqədar “dişsiz” bəyanatlar verməklə kifayətləniblər. Halbuki, bu bəyanatlarda Ermənistanın cinayətkar əməlləri ifşa edilməli və rəsmi İrəvandan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi, eləcə də erməni təxribatçı-terrorçuların Azərbaycan ərazilərinə göndərilməsinə son qoyulması qəti şəkildə tələb olunmalı, terrorçunun yox, terrora məruz qalan ölkənin hüquqları müdafiə olunmalıdır.

Nəhayət, bir daha bütün beynəlxalq təşkilatları, insan haqlarını müdafiə edən qurumları faciənin səbəbkarı olan Ermənistanın təxribatçı əməllərini sərt şəkildə qınamağa, bu ölkəyə  öz beynəlxalq öhdəliklərini yerinə yetirərək minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi üçün təcili təzyiqlər göstərmələrini tələb edirik. Eləcə də beynəlxalq jurnalist təşkilatlarını bu qanlı hadisəyə laqeyd qalmamağa çağırırıq. Onlara bir daha xatırladırıq ki, bu minaları basdırmaq, minalanmış ərazilərin xəritəsini verməmək nə qədər ağır cinayətdirsə, bu cinayətləri törədən Ermənistanın antibəşəri əməllərinə susqunluqla yanaşmaq elə dolayısı ilə ona haqq qazandırmaq kimi bir şeydir.

Allah öz peşə borcunu yerinə yetirərkən  terrorçu Ermənistanın minaladığı ərazidə həlak olan həmkarlarımıza və mülki vətəndaşımıza rəhmət eləsin, yaralılara tezliklə şəfa versin.