KÖŞƏ

Elçin Zaman

Antimilli qüvvələrin sosial şəbəkələrdəki xəyanətləri

08 iyun 2021 23:16
2116

Ucundan tutub ucuzluğa gedənlərin mənəviyyat problemləri çox olur

İşğalçı Ermənistanın xüsusi xidmət orqanlarına işləyərək dövlətimizə qarşı açıq düşmənçilik nümayiş etdirən xaricdəki antimilli bloggerlərə Azərbaycan cəmiyyətində sərt münasibət, kəskin etiraz var. Xüsusilə Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin, Tural Sadıqlının, Azər Kazımzadənin, Qənimət Zahidin, Fikrət Hüseynlinin, Süleyman Süleymanlının iyrənc və əxlaqdan uzaq çıxışlarına münasibət bildirən vətəndaşlarımız onlara qarşı kəskin əks-reaksiya verirlər. Şərh bölmələrində bu bloggerlər vətən xaini, satqın, erməni köləsi kimi dəyərləndirilirlər.

Bu, bir müqəddəs gerçəklikdir ki, əgər biz bu gün 44 günlük müharibədəki şanlı Qələbəmizin sevincini yaşayırıqsa, xaricdəki həmin anti-Azərbaycan qüvvələri isə bunun sanki əzabını çəkirlər. Onlara güclü Azərbaycan yox, məğlub edilmiş, zəif, işğalçı Ermənistan qarşısında aciz qala biləcək Azərbaycan daha yaxşı ola bilər.

Təbii ki, belə anti-Azərbaycan qüvvələr heç vaxt cəmiyyət qarşısında hörmət qazana və ictimai rəyə təsir göstərə bilməyəcəklər.  Onların etdikləri isə yalnız xarici anti-Azərbaycanmilli qüvvələrin pullarını yumaq, üzərlərinə götürdükləri çirkli öhdəlikləri yerinə yetirməkdir.
Ən böyük rəzalət isə odur ki, erməni lobbisinin əlaltıları olan xarici bloggerləri müdafiə edənlərin önündə AXCP sədri Əli Kərimli, Müsavat partiyasının başqanı Arif Hacılı, İsa Qəmbər, qondarma «Milli Şura»nın sədri Cəmil Həsənli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev gəlirlər. Halbuki, onlar Azərbaycan xalqının aşağılandığı bir məqamda xalqın və dövlətin yanında olmalı, Avropadakı ermənipərəst mühacirlərə qarşı sərt təpkilər göstərməlidirlər. Bununla onlar vicdan və şərəf  borcunu yerinə yetirməklə bərabər, həm də konstruktiv müxalifətin mövcudluğunu göstərməli idilər.

Burada bir məqama da diqqət yetirmək lazımdır ki, bu antimilli qüvvələrin sosial şəbəkədəki statuslarından da irin-çirk axır. Məsələn, İsveçrədə yaşayan mühacir Elşad Məmmədov videoçıxışında iddia edib ki, İmişli Şəkər Zavodunda narkotik istehsal olunur. Azərbaycana qarşı belə bir iddia ilə ancaq ermənixislətlilər çıxış edə bilərlər.

«Osmanqızı TV» «Youtube» kanalında isə ölkəmizə növbəti böhtan kampaniyası başladılıb. ABŞ-da yaşayan jurnalist Ələkbər Raufoğlu bu kanalda çıxış edərək Azərbaycanın guya Vaşinqtonun insan hüquqları ilə bağlı çağırışlarına cavab vermədiyini deyib. Tamamilə məqsədli və anti-Azərbaycan istiqamətli çıxışdır.

«Obyektiv tv» «Youtube» kanalında isə ( Qeyd edək ki, bu kanal  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən yaradılıb, «Azərbaycan saatı» «Youtube» kanalı ilə sıx əməkdaşlıq edir. RATİ Emin və Mehman Hüseynov qardaşlarının kanalı hesab edilir. Mətbuatda onların analarının erməni olması ilə bağlı faktoloji məlumatlar isə ötən il yayılmışdı) Emin Hüseynov və blogger İmaməddin Nərimanov sosial şəbəkələrdə Kəlbəcərdə şəhid olmuş jurnalistlərlə bağlı qaranlıq və müəmmalı fikirlər bildiriblər. Emin Hüseynov deyib ki, bu hadisədə günah kimdədir, onu demək çətindir. O, əsasən jurnalistləri oraya göndərən şəxsləri ittiham edib. Emin Hüseynovun məntiqindən və iddiasından belə nəticə hasil olur ki,  ərazini minalayan ermənilərin heç günahı yoxdur.

Qondarma «Milli Şura»nın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli Kınık statusunda yazır ki, Azərbaycanın inkişafı yalnız bugünkü hakimiyyətin istefasından sonra mümkün olacaq. Nə qədər tez istefa verib getsələr, bir o qədər tez xalqın güzəranı yaxşılaşar, işsizlik, yoxsulluq, kasıbçılıq aradan qalxar, ölkə sürətlə inkişaf edər. (?) Bu fikir Vahid Məhərrəmlinin tamamilə nankorluğudur, müsbət hadisələri görməzlikdən gəlməsidir. Bəs niyə yaramaz siyasi fəaliyyətlə məşğul olan bu cəbhəçi Qarabağdakı 44 günlük Zəfərimizdən, işğaldan azad olunan  rayonlarımızın bərpasına başlamağımızdan yazmaq istəmir? Görünür, buna onun cəsarəti çatmır və vicdan korluğundan əziyyət çəkir.

Fransada yaşayan blogger, AXCP üzvü Məhəmməd Mirzəli erməni dilli «Azadlıq» radiosu haqqımızda geniş xəbər hazırlayıb deyə statusunda sevincək yazıb. Bu «xoşbəxtlik hissləri» özlərini ermənilərə təslim etmiş birisinin haray-həşiriinə daha çox oxşayır.

 AXCP sədrinin müavini Seymur Həzi də statusunda hakimiyyətə və dövlətimizə qarşı saxta ittihamlar yazır. Xüsusilə onun statuslarında Vətən müharibəsi əlillərini və Qarabağ qazilərini dövlətin üzərinə qaldırmaq cəhdləri var. Eyni məzmunlu videolar və çağırışlar «Kanal 13 TV»  «Youtube» kanalında da səslənib.

«Azadlıq» qəzeti isə «hökumət xalqı çörəklə imtahana çəkir» kimi cəfəngiyyat fikirlər yazıb. Bəs ölkəmizdə hansı çörək qıtlığı mövcuddur? Varsa biz niyə görmürük? Təbii ki, bu kimi fikirlər də ölkədə xaos yaratmağa bir cəhddir.

«Azərbaycan saatı» kanalının aparıcısı Fikrət Hüseynli isə böhtan kampaniyasında daha çox irəli gedərək statusunda yazıb ki, uşaqlar üçün cəhənnəm yaşayış kriteriyasında Azərbaycan ilk onluqdadır. O iddia edir ki, Amerika Birləşmiş Ştatları dünyada uşaq hüquqlarının ən yaxşı qorunduğu ölkədir. Axı Azərbaycan uşaqlarının hansı cəhənnəmdə yaşadığını göstərə bilmirsənsə, niyə ucuzluğa gedirsən? Axı, sizin kimilər onsuz da ucuzlaşmaqda davam edirsiniz və sizin fikirlərinizin, siyasi və ictimai fəaliyyətinizin artıq bir qəpiklik qiyməti də yoxdur.

Fikrət Hüseynlini əsəbləşdirən digər məqam isə işğaldan azad edilən Kəlbəcər yaylaqlarına azərbaycanlıların mal-qarasının sürülməsidir. Torpaq bizim, mal-qara bizim, onu əsəbləşdirən nədir axı? Bir sözlə, hirsini və öfkəsini soyutmaq üçün hər cür böhtan atmağa hazır olan bu ermənixislətlinin səfeh məntiqi adamda əməlli-başlı təəccüb doğurur.