KÖŞƏ

Zahid Rza

Ermənistanı daha ağır günlər gözləyir

11 iyun 2021 00:58
1586

Əvvəlki illərin təcrübəsi göstərir ki, növbədənkənar parlament seçkiləri ərəfəsində qaynar qazana dönən Ermənistanda davam edən siyasi gərginlik iyunun 20-nə qədər daha da artaraq işğalçı ölkəni vətəndaş müharibəsi həddinə çatdıracaq

Məğlub, sosial-iqtisadi, demoqrafik böhran içində çabalayan, ağır sosial-psixoji durumda olan Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində mövcud siyasi gərginlik pik nöqtəsinə gəlib çatıb. Müharibədən ağır məğlubiyyətlərlə çıxan, ictimai-siyasi həyatın bütün sahələrində xaosun, anarxiyanın, qarşıdurmanın, hərc-mərcliyin, mütəşəkkil cinayətkarlığın hökm sürdüyü təcavüzkar ölkə demək olar ki, faciəvi vəziyyətlə üz-üzə qalıb. Erməni ekspertlər hərtərəfli təhlillərə əsaslanaraq ciddi risklərlə qarşılaşan Ermənistan dövlətçiliyinin varlığının təhlükə altında olduğunu bildirir, mövcud problemlərin həlli yollarına aydınlıq gətirə bilmirlər.

Xroniki stress, iqtisadiyyatın tənəzzülü, getdikcə dərinləşən sosial problemlər, əhalinin maddi rifah halının pisləşməsi, işsizlik və kəskin demoqrafik problemlər fonunda artan gərginlik Ermənistanda sosial partlayışı hər gün daha bir addım yaxınlaşdırır. Təkcə bu ilin aprel ayında 74 min 197 nəfər bu ölkəni tərk edib. Bu ölkənin “Qraparak” qəzeti məsələ ilə bağlı həyəcan təbili çalaraq belə bir sual edir ki, Ermənistandan və Qarabağdan ermənilər digər ölkələrə köç edərsə onların yerini kim tutacaq? Ölkəni böhrandan xilas etmək üçün hakimiyyətin konkret proqramı olmadığından N.Paşinyan və komandası çıxış yolu üçün heç bir addım ata bilmir.

Məsələ burasındadır ki, Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı proseslər ölkədəki gərginliyi daha da artırır. Ölkə demək olar ki,  baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanla əsas rəqibləri arasında iki düşmən cəbhəyə bölünüb. Tərəflər sivil seçki təbliğatı aparmaq əvəzinə  demək olar ki, bir-birilərini söyür, təhqir edir, hətta öldürməklə təhdid edirlər.

Məsələn, hazırda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın keçmiş prezident S.Sarkisyanı Monte-Karlodakı kazinolarda büdcənin milyonlarla dollar pulunu uduzduğunu bildirməsi Serji və tərəfdarlarını necə deyərlər, cin atına mindirib. Paşinyana cavab verən keşmiş prezident ona dediklərini sübut etmək üçün 24 saat vaxt verdiyini bildirib. Sarkisyan bildirib ki, Paşinyan dediklərini sübut edə bilməzsə onun ailəsinə aid biabırçı faktları ictimaiyyət qarşısında açıqlayacaq: “Ya o, faktları təqdim edəcək, ya da özü, ailəsi haqqında elə faktlar dərc edəcəyəm ki, cəmiyyət onun üzünə tüpürəcək.” S. Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan da Paşinyanın ailəsini təhqir edərək, onun oğlu Aşotun narkoman olduğunu iddia edib. Paşinyanın rəqiblərindən daha biri, vaxtilə onunla bir yerdə işləmiş, Ermənistan xüsusi xidmətinə rəhbərlik etmiş Artur Vanetsyan da sabiq şefini ağır formada təhqir edib. Paşinyanı fərari və kapitulyant adlandıran Vanetsyan deyib: “Mən səninlə işləyirdim, indi isə Serj Sarkisyanla işləyirəm. Və məndə belə təəssürat yaranıb ki, tövlədən akademiyaya keçmişəm. Sən rəzil kapitulyantsan. Sən öz günahların səbəbindən elə əyilmisən, piylənmisən, tərləmisən ki, pis qoxun hər tərəfə yayılır. Çıx get, sadəcə qaç. Bu, mənim sənə son dost məsləhətimdir.”

Ermənistan ordusunun sabiq Baş Qərargah rəisi Norat Ter-Qriqoryants isə Nikol Paşinyanı sabiq ölkə rəhbərlərini ittiham etdiyinə görə “siyasi fahişə” adlandırıb. N.Paşinyanın əsas rəqiblərindən hesab olunan  keçmiş prezident Robert Koçaryan da  N.Paşinyan haqqında kəskin ifadələr işlətməkdə nəinki S.Sarkisyandan geri qalmır, hətta bütün çərçivələri aşaraq hakimiyyətə gələcəyi təqdirdə ondan qisas alacağını söyləməkdən belə çəkinmir.

Əslində heç N.Paşinyan  onlardan geri qalmır. Rəqiblərinin ünvanına söyüş belə söyməkdən çəkinməyən Paşinyan “vətəndaş intiqamı”, “siyasi vendetta” kimi çağırışlar edir. Vətəndaşları “intiqam almağa” hazır olmağa səsləyir. Opponentlərinə küçə leksikonu ilə cavab verən Nikol S.Sarkisyanı və P.Koçaryanı, eləcə də onlarla eyni seçki blokunda təmsil olunanları demək olar ki, hər addımbaşı ən ağır sözlərlə təhqir edir. Onların ünvanına söyüş söyməkdən belə çəkinməyən N.Paşinyan “vətəndaş intiqamı”, “siyasi vendetta” kimi çağırışlar edir. Vətəndaşları “intiqam almağa” hazır olmağa səsləyir.

“Qraparak” qəzeti yazır ki, N.Paşinyan siyasi rəqiblərini, xüsusilə də keçmiş hərbi xuntanın başbilənlərini-R.Koçaryanı və S.Sarkisyanı daha çox inzibati metodlarla sıradan çıxarmağa cəhd edir. Tərəflər arasında söyüş, təhqir, qarşılıqlı ittihamlar əndazəsini o qədər aşıb ki, hətta erməni ictimaiyyətində əxlaqsız kimi tanınan  Ermənistanın ombudsmanı Arman Tatoyan belə, tərəfləri etika normalarına riayət etməyə çağırıb: “Belə davam edə bilməz. Bütün siyasi qüvvələr istənilən təhqir, söyüş, nifrət, zorakılıq ifadələrindən imtina etməlidirlər”.

Beləliklə, müşahidələr və aparılan təhllilər bir daha deməyə əsas verir ki, növbədənkənar parlament seçkiləri ərəfəsində qaynar qazana dönən Ermənistanda davam edən siyasi gərginlik iyunun 20-nə qədər daha da artaraq bu ölkəni vətəndaş müharibəsi həddinə çatdıracaq. Ötən illərin  təcrübəsinə əsaslanaraq deyə bilərik ki, ölkədə növbəti seçkilərdən sonra vəziyyət daha da dramatikləşəcək.Yəni Ermənistanı daha ağır günlər gözləyir...