KÖŞƏ

Elçin Zaman

Dağıdıcı düşərgədə diktatura hökm sürür

24 iyun 2021 22:57
1751

Dünyanın inkişaf etmiş ölkələrində hakimiyyət konstruktiv müxalifətin olmasında maraqlıdır. Ona görə ki, müxalifətsiz cəmiyyət inkişafsız cəmiyyətdir . Adətən konstruktiv müxalifət hakimiyyətin qüsurlarını  kənardan aydın görüb onu şərh edir, təkliflər verir, seçkilərdə rəqibinə qarşı bu faktlardan yararlanaraq sivil şəkildə mübarizə aparır.

Təbii ki, Azərbaycanda da belə müxalifətin formalaşması mövcud hakimiyyətin istəyidir. Çünki bu, ölkənin demokratik inkişafı üçün vacib şərtlərdən biridir. Lakin xaricdəki və daxildəki anti-Azərbaycan qüvvələr  ölkəmizdə sivil müxalifətin yaranmasına deyil, dağıdıcı müxalifətin formalaşmasına nail olublar.

Belə ki, AXCP sədri Əli Kərimli və onun inhisarında olan qondarma  «Milli Şura» xarici maliyyə vəsaitləri hesabına dövlətimizə və onun milli mənafelərinə qarşı zərərli addımlarını bu gün də davam etdirirlər. Bu dağıdıcı siyasi təşkilatların fəaliyyəti və xarakteri imkan vermir ki, onlar ciddi sosial baza toplamaqla seçkilərdə müsbət nəticələrə nail olsunlar.

Hətta o qədər rəzil bir xarakterə malikdirlər ki, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki 44 günlük tarixi Qələbəsini hələ də  həzm edə bilmirlər. Eyni zamanda, Azərbaycandakı siyasi partiyalar iyunun 15-də Şuşa şəhərində imzalanan tarixi Şuşa Bəyannaməsinə görə birgə bəyanat qəbul edərək onun əhəmiyyətini yüksək qiymətləndirdilər və buna görə, həm Azərbaycan Prezidenti cənab İlham Əliyevə, həm də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana minnətdarlıqlarını ifadə etdilər. Lakin AXCP və Müsavat Partiyası bu bəyanata nəinki qoşulmadılar, hətta dolayısı ilə Şuşa Bəyannaməsinin əhəmiyyətini azaltmağa çalışdılar.

Bu gün dağıdıcı düşərgənin fəaliyyəti çox iyrənc bir vəziyyətə gəlib çıxıb. Yəni, bu partiyalar demokratiyadan dəm vursalar da əslində, burada çoxluğun azlıq üzərində diktaturası hökm sürür. Ona görə ki, onların liderləri partiyadaxili demokratik islahatları qəbul etmirlər. Fikir verin, Əli Kərimli 20 ildir ki,  AXCP sədridir. Bu dövrdə   onun ideologiyasında, siyasi texnologiyalarında, cəmiyyətə sivil baxışlarında heç proqressiv dəyişiklik yoxdur. 

Eyni zamanda, bu da biabırçı faktdır ki, heç bir sivil cəmiyyətdə siyasi partiyaya bu qədər uzunmüddətli rəhbərlik etmirlər. Xüsusi ilə də bir neçə seçkidə məğlub olan partiya sədri dərhal istefa verərək ya siyasətdən, yada ki, partiya rəhbərliyindən uzaqlaşır.

Digər tərəfdən, dağıdıcı müxalifət partiyalarının kadr potensialı o qədər zəifdir ki, hətta onların funksionerlərini cəmiyyətin böyük qismi tanımır. Çünki dağıdıcı düşərgənin rəhbərləri cəmiyyəti cəlb edəcək alternativ proqramlarla  çıxış etmək gücündə də deyillər. Sanki onların  vəzifələri sadəcə,  hakimiyyətə böhtan atmaq olanları, tənqid və təhdid etməkdir.

Təbii ki, belə siyasətbazların fəaliyyətinin bir gün dalana dirənməsi gözlənilən idi. İndi dağıdıcı düşərgə elə bir iflas mərhələsinə çatıb ki, onları, necə deyərlər,  heç fələk də qurtara bilməz. Hətta xaricdən aldıqları çirkli pullar belə…Çünki bütün hallarda Azərbaycan dövləti  və onun mövcud hakimiyyəti güclüdür və Əli Kərimlinin, onun anti-Azərbaycan dairəsinin çirkli maliyyəsi ancaq stəkanda fırtına effekti yarada bilər. Bəli, onun siyasi fəaliyyəti  ona görə sıfır effekti verir ki, o hələ də təkmilləşə bilmir- avantürayla, qaragüruhçuluqla zamanın arxasınca sürünür .

 

Dağıdıcı müxalifət son bir neçə ildə icazəli və icazəsiz mitinqlər keçirib. Bu mitinqlərə qatılan azsaylı insanlar sonradan anlayırlar ki, Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılı kimi populistlər cəmiyyətə heç nə verə bilmək iqtidarında deyillər. Dağınıq və azsaylı iştirakçıların qatıldığı mitinq şousu onların zəif sosial bazaya malik olduqlarını cəmiyyətə bir daha göstərmiş olur. Xüsusilə dağıdıcı müxalifət partiyalarının rəhbərlərinin və funksionerlərinin çıxışları göstərib ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. Artıq  əsrin dördə biri qədər yaşı olan bu qaragüruhçu təşkilatların nəinki  dövrün hadisələrinə, inkişafa yeni baxışları yoxdur, əksinə. müasir dövrün siyasi tələblərindən çox geridə qalırlar.

Düzdür, dağıdıcılar hər dəfə mitinqləri  az qala qələbə kimi qələmə verirdilər. Ancaq görünən odur ki, onların bu iddiaları populizmdən başqa bir şey deyil. Çünki əvvəla bu mitinqdə yeni, cəmiyyətin diqqətini çəkən ciddi şüarlara rast gəlinmirdi.  Digər tərəfdən, ölkənin ziyalıları bu mitinqdə iştirakdan imtina etməklə Əli Kərimli kimi antimilli və diletant bir partiya sədrinə öz yerini göstərmiş oldular. Burada mitinqləri gözdən salan digər bir məqam isə  onun təşkilatçılarının illərdir eyni və vaxtı keçmiş, boyatlaşmış şüarlarla çıxış etmələri, ən başlıcası isə əsassız ittihamlara geniş yer vermələridir. Xalq artıq onların timsah göz yaşlarına inanmır.

Təbii ki, AXCP sədri Əli Kərimlinin ətrafı, xüsusilə də onun inhisarında olan qondarma «Milli Şura» funksionerləri hələ də revanş götürmək, 27 il əvvəl itirdikləri hakimiyyəti zor gücü ilə geri qaytarmaq iddiasındadırlar. Ancaq xalq onlara dəstək vermirsə bu niyyətləri ömür boyu xülya olaraq qalacaq. Çünki xalqın etimad göstərdiyi mövcud hakimiyyət həm güclüdür, həm də peşəkar.

Bu gun müxalifətin dağıdıcılığının və qaragüruhçuluğunun artması faktoru da cəmiyyət üçün bir problemdir. Ona görə ki, ölkə ictimaiyyəti konstruktiv, siyasi hadisələri daha ciddi təhlil edə bilən və milli mənafelərdən çıxış edən müxalifət arzulayır. Cəmiyyət anlayır ki, dağıdıcılıq və populizm hərəkətləri dağıdıcı təşkilatların ölkəyə və dövlətə vurmaq istədiyi ən ağır zərbədir. O səbəbdəndir ki, xalq bu kimi qaragüruhçulara həmişə «yox» deyib.

Bu da gerçəklikdir ki, ölkəmizdə genişmiqyaslı və səmərəli islahatlar aparılanda, xüsusilə də rüşvətə və korrupsiyaya qarşı mübarizə gücləndirildikdə dağıdıcı müxalifət bu yeniliklərə qarşı mütəşəkkil şəkildə müqavimət göstərməyə cəhd edir. Təbii ki, Prezident İlham Əliyevi bu qətiyyətli mövqeyindən kimsə çəkindirə bilməz. Ona görə ki, ölkəmizin başçısının arxasında müdrik xalq dayanıb.