KÖŞƏ

Zahid Rza

Ermənistan ilk olaraq nə etməlidir?

01 iyul 2021 00:14
1428

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tarixi torpaqları olan Qarabağı işğaldan azad etdi və məğlub Ermənistanı 10 noyabr 2020-ci ildə təslim aktını imzalamağa məcbur etdi. Prezidentimizin dediyi kimi, Azərbaycan güclü iradə göstərdi, milli ruh nümayiş etdirdi və istədiyinə nail oldu. İkinci Qarabağ müharibəsi şanlı Qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb.    

Dövlətimizin başçısının müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib, ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü artıb. Respublikamız beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkəyə çevrilib. Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından kənarda qalıb, işğalçı ölkənin iqtisadiyyatı çöküb, əhalinin sosial durumu ağırlaşdıb. Bu ölkə xarici yardımdan asılı vəziyyətə düşüb.

Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa, erməni yalanlarını ifşa etməyə imkan verdi, Ermənistan beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində əvvəlki dövrdə əldə etdiyi üstünlükləri itirdi. Dövlətimizin başçısı strateji hədəfləri düzgün müəyyənləşdirərək və hədəfə çatmaq üçün zəruri mexanizmləri formalaşdıraraq Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu. Bu gün ölkəmiz üçün yeni səhifə, quruculuq-bərpa dövrü başlanıb. Bundan sonra Azərbaycan müzəffər ölkə kimi yaşayacaq, Ermənistan isə məğlub edilmiş, miskin, aclar və səfillər ölkəsi olacaq.

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində bildirib ki, bütün bunlar Ermənistan üçün dərs olmalıdır: “Çünki onlar nəhayət başa düşməlidirlər ki, bizə qarşı olan bu düşmənçilik onlara çox baha başa gəldi. Onlar nə əldə etdilər? Heç nə. Baxın, görün, 30 il ərzində müstəqil dövlət qura bilmədilər. Bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Onun nəyi müstəqildir, əgər xarici dairələrdən tam asılıdırsa. Xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Onların 30 il vaxtı var idi, nəyə görə müstəqil ölkə qura bilmədilər? İşğala görə. Bu işğal onları bu günə saldı. Bu düşmənçilik, Azərbaycan xalqına nifrət onları bu günə saldı və ədalət özünü göstərdi. Bəzən hər birimiz müxtəlif situasiyalarda fikirləşirik ki, ədalət yoxdur, ədalət niyə bərqərar olunmur? Sadəcə olaraq, dözümlü olmaq lazımdır. Düzgün vaxtı gözləmək lazımdır və məqsədə çatmaq üçün hər gün çalışmaq lazımdır. Hər gün biz bu günü yaxınlaşdırırdıq. Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır. Biz bunu nümayiş etdirdik”.

Bütün bunların fonunda Ermənistan ilk olaraq nə etməlidir? İlk növbədə məğlub, sosial-iqtisadi və siyasi böhran məngənəsində çırpınan Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirməli, artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnməli və dinc həyatını qurmalıdır. Bunun üçün Ermənistan da təşəbbüslərlə çıxış etməlidir. İlk növbədə dayanıqlı sülh təmin olunmalıdır. Kommunikasiyaların açılması, Ermənistanın sülh sazişini imzalaması, erməni yaraqlılarının Qarabağdan tam çıxarılması, minalanmış sahələrin xəritələrinin Azərbaycana verilməsi təmin olunmalıdır. Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə, üçtərəfli Bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməlidir.

 Ümumiyyətlə, bu coğrafiyada sülhün bərqərar olması region ölkələrinin iqtisadi imkanlarını da artıracaq. Bundan ən çox qazanan Ermənistan olacaq. Ölkəmizin başçısının dediyi kimi, ermənilər nəhayət başa düşməlidirlər ki, Azərbaycana qarşı bu düşmənçilik onlara çox baha başa gəldi.  İndi məsələ Ermənistandan, onların davranışının və regional məsələlərə yanaşmasının necə olacağından asılıdır: “Onların davranışı və regional məsələlərə yanaşması necə olacaq. Hər halda, biz Ermənistansız da bölgədə istədiyimizə nail ola bilmişik. Bütün kommunikasiyaları çəkmişik, enerji xətlərimizi çəkmişik, dəmir yollarını, bütün nəqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosesə qoşulmaq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından”.