KÖŞƏ

Zahid Rza

Almaniya mətbuatında Azərbaycana qarşı hücumlar niyə səngimir?

06 iyul 2021 20:37
1409

Son günlər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar aşkara çıxıb. Həmçinin Zəngilan rayonu ərazisindən keçən Oxuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans və ictimai narazılıq doğurub. Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb. Bu prosesdə Almaniyanın CRONIMET Holding GmbH şirkəti yaxından iştirak edib. Azərbaycan mediasının Almaniya səfirliyinə müraciətinə səfirin cavabı məsələni ört-basdır etmək və diqqəti şirkətin üzərindən yayındırmaq məqsədi daşıyıb. Bu ölkənin Yaşıllar partiyası rəhbərliyi isə müraciətə saymazyana cavab verərək Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını bildiriblər.

Maraqlı orasıdır ki, Alman mediası da Azərbaycana qarşı qara piar kampaniyası aparır. Əslində bu ölkənin mətbuatı müxtəlif illərdə ölkəmizə qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib. Çünki Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi, ölkəmizin öz tərəfdaşları ilə uğurlu enerji layihələrini reallaşdırması, müstəqil və qətiyyətli siyasəti bu dairələri həmişə narahat edib, yuxusunu ərşə çəkib. Almaniya mətbuatında Azərbaycanla bağlı qərəzli informasiyaların verilməsinin və bunun davam etdirməsinin arxasında də əsasən bu qüvvələr dayanır. Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı Almaniyanın Azərbaycana münasibətdə fərqli yanaşmasının şahidi olduq. Bundan başqa, hələ Eurovision-2012 ərəfəsində, eləcə də Bakıda Birinci Avropa Oyunları keçirilən zaman Almaniya mediası öz “ənənələrinə” sadiq qalaraq Azərbaycanı qaralamaq üçün dəridən-qabıqdan çıxırdı. O günlərdə Almaniya mediası dalanlarda problem axtarışında və küçəyə döşənmiş daşların yalnış düzülüşünü belə siyasiləşdirməkdə idi. Ümumiyyətlə, Almaniya bizə Azərbaycana qarşı “Attacke” taktikasına əl atan ölkə kimi tanışdır. Təkcə  onu demək kifayətdir ki, həmin il iyunun 1-dən 15-dək bu ölkənin mediası Azərbaycanla bağlı 30-a yaxın tənqidi material vermişdi. Guya onlar Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmadığından narahatdırlar. Xüsusilə qeyd edilməlidir ki, müxtəlif dairələrə bağlı olan Almaniya siyasətçiləri və mediası zaman-zaman Azərbaycana qarşı sərt mövqe sərgiləyiblər. Yeri gəlmişkən, Almaniyadan təşkil olunan kampaniyaların davamlı xarakter daşıması bu prosesdə Almaniya hökumətinin bilavasitə iştirak etdiyini göstərir. Ekspertlərin fikrincə, Almaniyanın Azərbaycana qarşı belə münasibətinin ilk, lakin yeganə olmayan səbəbidir. Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bir müddət əvvəl mətbuata verdiyi açıqlamada bildrmişdi ki, “Bu həm də antitürk əhval-ruhiyyə ilə əlaqədardır. Həm Fransada, həm də Almaniyada “anti-Ərdoğan” siyasəti mövcuddur, bu, bəzən “anti-İslam” siyasətinə də çevrilir”.

Bir məqama da diqqət yetirmək lazımdır ki, Almaniya təkcə qərəzli münasibəti ilə deyil, həm də “söyüş müxalifəti”nin Avropadakı yuvası ilə tanınır. Söhbətin kimlərdən getdiyini Azərbaycan cəmiyyəti yaxşı bilir. “Söyüş müxalifəti”nin 2018-ci ildən başlanan mənəvi terroruna Almaniyanın niyə ev sahibliyi etməsinin səbəbini də yaxşı bilirik, amma burada məsələnin tamam fərqli tərəfi də gündəmə gəlir. Sosial şəbəkələrdə mənəvi terror əsdirən “söyüş müxalifəti”nə ev sahibliyini üzərinə götürmüş Almaniya Avropada sosial şəbəkələr üzərində ən sərt məhdudiyyətlər tətbiq edən ölkədir. Necə olur, alman məmurlarına qarşı yüngül tənqidə görə sosial şəbəkə istifadəçilərini təqib edən Almaniya hökuməti Azərbaycan hökumətinə qarşı təhqir, söyüş, bir sözlə mənəvi terror əsdirənləri öz qoynunda bəsləyir?!
2017-ci il iyunun 30-da qəbul olunan, eləcə də 2018-ci ilin 1 yanvar tarixində Almaniyada qüvvəyə minən Sosial Media Fəaliyyəti Qanununa görə (qısa olaraq NetzDG adlanır) Facebook, İnstagram, Twitter və Youtube də daxil olmaqla böyük sosial şəbəkə platformalarında fəaliyyətə görə Cinayət Məcəlləsinin 22 adda maddəsini tətbiq edir, adıçəkilən şəbəkələr alman hökumətinin “qanunsuz məzmun” olduğunu hesab etdiyi paylaşımları silməyəcəyi təqdirdə 50 milyon avroya qədər cərimə ödəməlidir. Beynəlxalq media ekspertlərinə görə, bu söz azadlığının pozulmasıdır.

Yeri gəlmişkən, Ermənistanda Nikol Paşinyanı da hakimiyyətə məhz Soros fondu və bu fonda yaxın olan dairələr gətirib. Bu qüvvələrin Ermənistanda öz maraqları var. Ekspertlər qeyd edirlər ki, Soros fondu Ermənistan vasitəsilə onun qonşularına təsir etməyə çalışır və Cənubi Qafqaz regionunda öz maraqlarını güdür. Yəni, Ermənistan Qərbin əlində həmin ölkələrə qarşı alətə çevrilib.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən sonra Almaniya hökuməti problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı  kampaniya təşkil etdi. Bu, həm də seçkilər ərəfəsində Almaniya hökumətinin ciddi ittihamlardan yaxa qurtarmaq cəhdidir.

 Şübhəsiz, baş verənlər onu deməyə əsas verir ki, alman mediasının Azərbaycana qarşı qərəzli, heç bir dəyərlərə uyğun olmayan kampaniya aparması heç bir nəticə verməyəcək və tezliklə iflasa uğraycaq.  Çünki Azərbaycanın müstəqil, prinsipial və milli maraqlarının təmin olunmasına yönəlik siyasətinin qarşısında heç bir qüvvə dayana bilməz.