KÖŞƏ

Vəli İlyasov

Ağası gülüm olanın…

10 avqust 2021 21:57
1391

Və yaxud komandanı alverçilik edən ordu məğlubiyyətə məhkumdur

Otuz il müddətində Qarabağı quldur yuvasına çevirən Ermənistanın yüksək vəzifəli şəxsləri yeraltı və yerüstü təbii sərvətlərimizi yağmalamaqla bərabər, burada narkotik bitkilər əkib-becərir, xarici ölkələrə satır və külli miqdarda valyuta qazanırdılar. Plantasiyalarda qul kimi işlədilən adamlar həmişə maaşın azlığından, yəni dilənçi payı olmasından gileylənirdilər. Anadangəlmə şərəfsiz doğulan ermənilərin hətta “istirahət evi” adı altında təşkil etdikləri əxlaqsızlıq yuvalarında öz qız-gəlinlərini işlədir, “istirahətə” gələn xaricilərdən aldıqları pul müqabilində onları hər cür istismara məruz qoyurdular. Hətta bu cür “istirahət evləri”ndə “işləyən” qadınlar məlumat verib deyirdilər ki, onlara cüzi əmək haqqı verilirmiş. Bütün belə çirkin işlərə isə keçmiş “Qarabağ klanı”nın başçıları- Ermənistanın eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyan başçılıq etmişlər. Baş separatçı Araik Arutyunyanın və bir çox generalların da adı bu murdar əməllərdə hallanır. Ancaq təkcə bunlar deyil, ermənilərin bir çox başqa çirkin yollarla da pul qazanmaları haqqında yeni faktlar üzə çıxmaqdadır. Ərazilərimiz işğaldan azad ediləndən sonra yüksək çinli ermənilər əməllərində guya müəyyən qədər “düzəliş” ediblər.

Artıq on aydır ki, Ermənistanın və bütün ermənilərin ictimai-siyasi dairələrində əsas müzakirə mövzusu İkinci Qarabağ müharibəsində işğalçı ordunun uğradığı ən ağır məğlubiyyət və bunun səbəbləridir. Başqasının arxasında gizlənən ermənilər Azərbaycan torpaqlarında yerləşdirildikləri yüz altmış ildə ilk dəfədir ki, belə ağır zərbə alaraq məğlub olublar. Ancaq onlar bununla barışmaq istəmir və fitnə-fəsadlar hazırlamaq niyyətindədirlər. Hazırda Azərbaycan-Ermənistan sərhədlərində baş verən qanlı olaylar da buna bir sübutdur.

Əvvəllər elə təsəvvür yaranırdı ki, 2020-ci il noyabrın 10-dan sonra əsas vəzifələri tutan hərbçilər hətta öz şəxsi mənafelərini və şəxsi ambisiyalarını unudaraq ordunun bərpası və gücləndirilməsi işinə qoşulacaqlar. Lakin reallıq başqadır. Erməni mənbələri Qarabağdakı qanunsuz hərbi birləşmənin komandiri, general-leytenant Mikayel Arzumanyanın  “fəaliyyəti” ilə bağlı maraqlı detallar açıqlayıblar. Beləliklə, məlumat verilir ki, general Arzumanyan darmadağın edilmiş ordusunun möhkəmləndirilməsi işləri ilə məşğul olmaq əvəzinə bu yaxınlardakı təyinatından bir müddət sonra öz biznesinə başlayıb.  O, peşəkar hərbçi olsa da ağlagəlməz bir alver növünə girişib. Arzumanyan öz dostu Artur Avanesyanla tikinti materialları satışı, o cümlədən daş alveri həyata keçirir.

Mətbuata sızan digər məlumatlara görə, alverdə gözüaçıq olan Mikayel Arzumanyan ordudan oğurluq etməkdə, yeni mülklər ələ keçirməkdə də “istedadını” sınayıb və sınaq uğurlu alınıb. O, faktiki olaraq Kolatək kəndində ordu fonduna köçürülmüş evlərdən ikisini mənimsəyib. Görünür, “müdafiə nazirliyi”ndəki generallar Arzumanyanın bu işlərindən xəbərdardırlar və bütün bunlara qəsdən göz yumurlar. Təbii ki, özlərinə çatan haqq qarşılığında, yoxsa yol verməzdilər. Ancaq unudublar ki, komandanı belə işlərlə məşğul olan ordu məğlubiyyətə məhkumdur. Onu da deyək ki, bizneslə məşğul olan təkcə Arzumanyan deyil, başqa generallar da müxtəlif növ alverlə pul qazanmaqdadırlar, Ona görə də orduda nizam- intizam yaradılması, möhkəmləndirilməsi onları maraqlandırmır. Nikol Paşinyan Qarabağda məğlubiyyətin səbəblərindən danışarkən bir kapitanın adını çəkərək bildirdi ki, o, raketin cəmi yüz qramlıq əlvan metaldan olan hissəsini söküb 50 dollara satmış və bununla da döyüş zamanı raket qurğusu sıradan çıxarılmışdı. Ermənistan ordusunda belə biabırçı faktlar istənilən qədərdir və təəccüblü deyil. Bir sözlə, “Ağası gülüm olanın başına külüm olar”-deyirlər.