KÖŞƏ

Vəli İlyasov

İlan ulduz görməsə ölməz…

14 avqust 2021 00:26
1790

Müzəffər Azərbaycan Ordusu Ermənistana Ay da göstərdi, ulduz da

Qarabağın da, üstündə yaşadıqları başqa torpaqların da Azərbaycanın əzəli ərazisi olduğunu Ermənistanda bilməyən çətin tapılar. Yaxşı bilirlər, amma etiraf etmək istəmirlər. Himayədarlarının hərtərəfli köməyi ilə torpaqlarımıza yerləşdirildikdən sonra özləri üçün “qədim tarix” də yazıblar. Saxta xəritələr tərtib ediblər və orada Azərbaycanın, Gürcüstanın, Türkiyənin və Rusiyanın bəzi ərazilərini “böyük Ermənistan” ərazisinə aid ediblər. Soyu, kökü və vətəni məlum olmayan ermənilər hiyləgər sifətlərinə “yazıq” və “əzabkeş” maskası taxaraq dörd dövlətin ərazilərinə göz dikiblər. İfrat millətçilər və “erməni xəstəliyi”nə yoluxanlar özləri öz uydurmalarına inandıqları kimi gənc nəslin də beyinini zəhərləyərək azərbaycanlıları və türkləri özlərinin əbədi düşmənləri, onların yaşadıqları bütün əraziləri də “böyük Ermənistan” elan ediblər. Gürzə zəhərindən də kəskin olan bu zərərli təbliğat yüz altmış ildən artıqdır ki, erməni uşaqlarına təlqin olunur. Yaşamağa yer verdiyimiz bu qaniçənlər bizim  qanımıza susayıblar. Onlar “miatsum” xülyasını həyata keçirmək üçün var-dövlətlərini, namus-qeyrətlərini əsirgəmədən “xərcləyirlər.”

Əvvəlki ərazi işğallarından ruhlanan ermənilər otuz üç il əvvəl  onlara verilən əraziləri daha da genişləndirmək üçün ayağa qalxıb silahlanaraq yenə də havadarlarının yardımı ilə Qarabağı və ona bitişik olan rayonlarımızı ələ keçirdilər.  Aradan 30 il keçəndən sonra Ermənistanın bambılı baş naziri Nikol Paşinyan və havalanmış müdafiə naziri David Tonoyan Azərbaycana qarşı təzədən sərsəm “yeni müharibə, yeni ərazilər” ideyasını irəli sürdülər. Paşinyan lovğalanaraq “Qarabağ Azərbaycandır, nöqtə” dedi. Nəticədə yeni müharibə başlandı və Ermənistan ordusu cəmi 44 gün ərzində darmadağın oldu. 2020-ci ilin 10 noyabrında Paşinyan biabırçı kapitulyasiya aktını imzalamalı oldu. Arxasız qalan köpəklər təkbətək müharibədə rüsvayçı şəkildə məğlub olaraq geri çəkildilər. 10 noyabrdan sonra havadarlarının təlimatı ilə guya “kürəyinin yerə dəymədiyini” iddia edən Ermənistan indi hər gün məğlubiyyətin acısını dadmaqdadır. Xaricdəki və daxildəki  revanşistlər  Azərbaycanın öz halal torpaqlarını azad etməsini həzm edə bilmirlər. Ancaq “dəmir yumruğ”un başgicəlləndirən  zərbələrindən “ağıllanan” bəzi ermənilər artıq başa düşüblər ki, Qarabağ Ermənistan deyil, Qarabağ Azərbaycandır. Bu günlərdə Ermənistan parlamentində deputatlara “Qarabağ – Ermənistandır?” sualı verildi və bir nəfərin belə səsi çıxmadı.

Bu barədə Ermənistan mətbuatı yazır. Həmin yazıda göstərilir ki, Ermənistan parlamentində üç gün əvvəl keçirilən qapalı iclas zamanı deputat Tiqran Abramyan xarici əlaqələr komissiyasının rəhbəri vəzifəsinə namizəd, baş nazir aparatının sabiq rəhbəri və Paşinyanın “adamı” sayılan Eduard Ağacanyana üzünü tutaraq sualla müraciət edib: “Bir vaxtlar Nikol Paşinyan “Qarabağ – Ermənistandır, nöqtə” deyirdi. İndi bu sualla qarşınıza çıxıram. Siz necə düşünürsünüz, “Qarabağ – Ermənistandır?” Ümumiyyətlə, hamıya sual verirəm, cavab verin!”

Bu sualdan sonra iclas zalı dərin sükuta qərq olub...Sanki qurbağanın gölünə daş atılıb. Bir vaxt “bülbül” kimi ötən dillər indi lal olub, danışanda ağızlarına “çullu dovşan” sığmayanlar susmalı olublar. Xeyli susqunluqdan sonra “dili açılan” bir-iki nəfər müxalifətçi deputat deyib ki, bütün bunlar kapitulyant Nikol Paşinyanın işləridir, Ermənistanın məğlubiyyətinin günahkarı odur. Üç il əvvəl Ermənistan parlamentinin qadın sədr müavini həmin tribunadan ucadan açıq surətdə demişdi ki, Qarabağ Azərbaycanındır və qan tökülmədən sahibinə qaytarılmalıdır. Onda beyinləri qızmış, yeni qələbə eyforiyasına uymuş bu adamlar eşitmədilər və onu kəskin tənqid və təhqir etdilər.

Düz deyiblər ki, “İlan ulduz görməsə, ölməz.” Müzəffər Azərbaycan Ordusu isə Ermənistana ay da göstərdi, ulduz da…