KÖŞƏ

Vəli İlyasov

Tarixi adlar yaşadılmalıdır

18 avqust 2021 23:13
1519

Erməniləri bu yolla başa salmalıyıq ki, həmin yerlərin sahibi bizik

Prezident İlham Əliyev  Birinci vitse-prezident Mehriban Əliyeva ilə Laçın və Kəlbəcər rayonlarına səfərləri zamanı bir sıra vacib məsələlərə toxunub. Prezident toponimlərin ermənicə çağırılmasının yolverilməz olduğunu bildirərək onların öz qədim adları ilə adlandırılmasını və çağırılmasını tapşırıb: “Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır.”

Dövlətimizin başçısı fikrinə davam edərək bildirib: “Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”.

Bəli, biz öz şəhər və kəndlərimizi, toponimlərimizi ermənilərin uydurduqları adlarla tanımalı və çağırmalı deyilik. Əksinə, biz onları əsl adları ilə çağırmalıyıq və erməniləri bu  yolla başa salmalıyıq ki, yerlərimizin adlarını dəyişməyə əbəs cəhd göstərməsinlər, həmin yerlərin sahibi bizik və yaddaşımızda yaşayır.

Mənim sözüm yazarlara və mətbuatda çalışan həmkarlarımadır. Gəlin düşmənin silahını sındıraq, daha yol verməyək ki, heysiyyatımızla oynasınlar. Axı, biz necə yaza bilərik ki, aşıq poeziyamızın qüdrətli yaradıcıları olan Aşıq Alı, Aşıq Ələsgər Vardenis rayonunda anadan olublar. Olmaz. Arazdəyən nə üçün ermənilərin əcaib adı ilə yazılmalıdır? Biz şüurlu və ya şüursuz surətdə ata-babalarımızın izlərini doğma torpağımızdan nə üçün pozmalıyıq? Soyu, kökü məlum olmayan köçəri ermənilər dünyanın uzaq ölkələrindən qaçıb bizim torpaqlarda Ermənistan qondardılar, sonra da utanmadan toponimlərimizin adlarını dəyişdirib erməniləşdirməyə girişdilər. Sonra daha da “irəli” gedərək saxta tarix və xəritələr uydurdular, bu yerləri “böyük Ermənistan” ərazisi hesab etdilər. Təəssüf ki, vaxtilə bəzən sapı özümüzdən olan baltalar da ermənilərə qoşulublar. Yazıçı Əkrəm Əylisli “Daş yuxular” adlı bədnam kitabında hətta iddia edir ki, anadan olduğu Əylis kəndi erməniləri Aqulis kəndi imiş. Düzdür, bu rəzaləti Azərbaycanda hamı lənətlədi və hərtərəfli təmin olunmuş Əkrəm Əylisli illərlə qazandığı hörməti itirdi və xalqın gözündən düşdü. Məlum oldu ki, ermənilər bədnam “Daş yuxular”a görə Əkrəm Əylisliyə Nobel mükafatı vəd ediblər. Bəyəm Vətən torpağı ilə alver etmək, saxta şöhrət qazanmaq olar?! Xeyr, olmaz. Odur ki, ümumxalq dəyərlərinə toxunmaq, ona biganə qalmaq və ya itirmək sonda ağır faciələrə səbəb ola bilər. Bunlar bizə tanış faktlardır.

Yaddan çıxarmayaq ki, ermənilər yüz il və ondan da əvvəlki onilliklərdə işğal etdikləri Azərbaycan ərazilərinin adlarını tamamilə dəyişmişlər. Hətta son otuz ildə quldurcasına soxulduqları kənd və şəhərlərimizi öz aralarında erməni adları ilə adlandırırdılar. Xocalıya, Laçına, Kəlbəcərə, Ağdama, Cəbrayıla və digər rayon mərkəzlərimizə əcaib ad göstəriciləri hazırlamışdılar. Müzəffəz Ordumuz rayonlarımızı azad edəndən sonra həmin ad göstəriciləri qalmaqda idi. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı həmin ad göstəricilərindən birini nifrətlə  tapdaladığı yaddaşımızdadır. Belə ad göstərən lövhələr çox yerdə vardı, onlar da sahiblərinin əməlləri ilə bərabər zibilliyə atıldı.

Unutmayaq ki, biz qanımıza susayan məkrli düşmənlə qarşı-qarşıyayıq. Nəhayət, ermənilərin bütün həyasızlıqları ifşa edilməli və əks tədbirlər həyata keçirilməlidir.