KÖŞƏ

Vəli İlyasov

Füzulidə “möcüzə” həqiqətə çevrildi

25 avqust 2021 01:33
1369

Burada cəmi dörd aya inşa edilən aeroport istifadəyə hazırdır

2020-ci ilin avqust ayında kim desəydi ki, on ay sonra Füzulidə aeroport inşa ediləcək, yəqin buna çox az adam inanardı.

Keçən il bu vaxt bizə möcüzə kimi gələn arzular və  fikirlər artıq reallığa çevrilib. Hələ də Qələbə sevinci yaşamaqdayıq, şeytanı qınına girməyə məcbur etməkdəyik. Erməni vandalların xarabazara çevirdikləri yerdə cəmi dörd ay müddətində aeroportun istifadəyə hazırlanması isə bizdə ikinci bayram əhval-ruhiyyəsi yaradıb. Bu günlərdə Füzulidə-ermənilərin “gözlərinin içində” yeni tikilib istifadəyə verilmiş hava limanına enən ilk təyyarənin fotoları yayılıb. Sosial şəbəkələrdə bu fotoları paylaşıb, öz sevincini bildirən saysız-hesabsız soydaşımız var.  Hamımız ölkəmizin böyük uğurlarına baxıb fərəhlənir, qürur hissi keçiririk. Böyük Qələbəmizdən cəmi on ay keçsə də inkişaf və yeniliklər Azərbaycan xalqının nəyə qadir olduğunu parlaq surətdə göstərir.

Bir il əvvəli xatırlayaq. Keçən ilin iyul ayında başlanan Tovuz döyüşlərindən sonra soydaşlarımız çox qəzəbli idilər. Düşmənin arasıkəsilməz hücumları nəticəsində şəhidlər vermişdik. Xalq ayağa qalxıb  tələb edirdi ki, Ermənistan yerində oturdulmalıdır. On  minlərlə soydaşımız istər Bakıda, istərsə də bölgələrdə küçələrə axışıb “Cənab Ali Baş Komandan, arxanızda durmuşuq, silah ver bizə, gedək düşmənin başını əzək!” kimi şüarlar səsləndirirdilər. Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar Tovuzun Ağdam kəndinə axın edib, düşmənə nifrətini, Ordumuza öz dəstəyini ifadə edirdi. Hər kəs silaha sarılıb müsəlləh əsgər kimi torpaq uğrunda savaşa getmək istəyirdi. Səfərbərlik və hərbi xidmətə çağırış şöbələrinin qarşısı hər gün izdihamlı olurdu, ordu sıralarına könüllü yazılanların sayı sürətlə  artırdı. İgid generalımız  Polad Həşimovun və silahdaşlarının şəhid olması Azərbaycan xalqının səbrini tükəndirmişdi. Xalq düşmənlə son və böyük hesablaşmaya hazır idi. Nəhayət, sentyabrın 27-də başlanan 44 günlük müharibədə müzəffər Ordumuz düşməni darmadağın edərək diz çökdürdü. Müdrik Prezidentimizin komandanlığı ilə azad olunmuş ərazilərdə dərhal geniş tikinti, abadlıq və yenidənqurma işlərinə başlanıldı. Artıq irəli sürülən təşəbbüslərin və çəkilən zəhmətin şirin bəhrələrini görməkdəyik. Nəzərə alsaq ki, namərd düşmən geri çəkilərkən ərazilərimizə yüz minlərlə mina basdırmışdı və onlar planlaşdırılan işləri bir neçə ay gecikdirdi. Ancaq hünərvər xalqımız sanki möcüzə yaratdı. Füzuli rayonunda inşa edilən aeroport bu “möcüzə”lərdən biridir. Hava limanı saatda 200 nəfərə xidmət edəcək. Buraya döyüş təyyarələri ilə bərabər 400 tonluq yük təyyarələri enə biləcəkdir. Qeyd etməliyik ki, Şuşaya, Laçına, Ağdama və digər azad edilmiş rayonlarımıza gəlmək istəyənlər bu marşrutla öz arzularına çata bilərlər. Yeni aeroport bölgədə turizmin inkişafına da öz töhfəsini verəcəkdir. Sevindiricidir ki, aeroporta sınaq üçün ilk təyyarə müvəffəqiyyətlə eniş edib. Bundan sonra burada son tamamlama işləri həyata keçiriləcəkdir. Aeroport bölgənin iqtisadi inkişafına güclü təkan verəcək.

Qarabağda inşa edilən hava limanları işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyinə etibarlı  təminat yaradacaq. Onların həm də hərbi aerodrom kimi fəaliyyət göstərəcəkləri şübhəsizdir. Bunu Prezident İlham Əliyev bir neçə gün əvvəl Kəlbəcərdə olarkən açıq söylədi. O bildirdi ki, Füzuli, Zəngilan və Laçın aeroportları həm də hərbi təyinatlı olacaq.  Yəni “F-16”-lar vaxtaşırı bu aeroportlara eniş edəcəklər. Türkiyədən havaya qalxan hərbi yük təyyarələri Lənkəran, Qəbələ, Zirə, Gəncə və s. aeroportlara deyil, birbaşa Qarabağdakı hava limanlarına enəcək.

Xatırladaq ki,  Prezident İlham Əliyev keçən ilin oktyabrında xalqa müraciətində bu mövzuya toxunmuşdu. Demişdi ki, Türkiyəyə məxsus “F-16” hərbi təyyarələri Azərbaycan ərazisində qalmaqda davam edəcək. Ali Baş Komandan bunun səbəbini belə izah etmişdi: “Əgər üçüncü ölkədən bizə hərbi aqressiya olarsa, o təyyarələr havaya qalxacaq”.

Bu, Azərbaycan Prezidentinin düşmənlərə verdiyi ən tutarlı cavablardan biridir və ölkəmizin hərbi qüdrətindən xəbər verir. Düşmənlərimiz başa düşürlər ki, Azərbaycan bu bölgədə dörd hərbi təyinatlı aeroport inşa etməklə açıq deyir ki, gözünüzü bizim Qarabağdan birdəfəlik çəkin.

İllərlə arzuladıqlarımız bir-bir həyata keçir, bizlərə isə bu reallıqların müəllifi cənab Prezidentimizə öz layiqli işimizlə kömək etmək qalır.