KÖŞƏ

Vəli İlyasov

Qarışsın Qazağa Dilican dərəsi…

07 sentyabr 2021 00:47
2484

Qazax mahalı qədim dövrlərdə geniş bir ərazini əhatə edirdi. Bu əraziyə Azərbaycanın indiki Ağstafa, Tovuz, qismən Gədəbəy rayonları, bu gün Ermənistan adlandırılan Qərbi Azərbaycanın Karavansaray (indiki İcevan), Barana (Noyemberyan), Şəmsəddil (Berd), Qaraqoyunlu (Krasnoselsk), Dilican və sonralar Gürcüstana verilən Borçalı bölgələri daxil idi.

 Qədim zamanlardan bəri daim karvan yollarının kəsişdiyi Dilican dərəsi də Karvansaray (indiki İcevan) rayonu ərazisindədir. Qısaca desək, Dilican karvan yollarının kəsişdiyi bir qovşaq idi. Dilican bir tərəfi dağlıq, bir tərəfi hündür ağaclar və giləmeyvə kolları bitən meşələri, buz bulaqları, yamyaşıl düzənlikləri, yayda sərin havası olan bir təbiət möcüzəsidir. Yüz illər boyu Gəncə, Qazax, Şəmkir elləri yayda istirahətə, səyahətə və ova bura gələrdilər. Son illərdə Dilican dərəsində mərkəzi Dilican şəhəri olan ayrıca eyniadlı rayon təşkil edilib. Xatırladaq ki,tanınmış Azərbaycan yazıçısı və dramaturqu Nəcəf bəy Vəzirov Peterburq Kənd Təsərrüfatı Akademiyasını bitirdikdən sonra ilk  illər bu ərazidə meşəbəyilik etmişdi. Çar imperiyasının ədalətsizliklərinə qarşı çıxan məşhur Qaçaq Kərəm dəstəsi ilə Dilican meşələrində gizlənir, məqam düşəndə hücum edərək imperiya cəlladlarlarını cəzalandırır, varlıların əmlakını alıb kasıblara paylayırdı.  Yazıçı Fərman Eyvazlının bunlardan bəhs edən “Qaçaq Kərəm” romanı bu ərazidə baş verən hadisələri bədii surətdə canlandırır.

Müxtəlif tarixi, bədii mətnlərdə adı ilə çox tez-tez rastlaşdığımız Dilican vaxtilə Gəncə quberniyasının Qazax qəzasında şəhər idi. Sonradan Sovet hökumətinin təzyiqi ilə bu ərazi indiki Ermənistan Respublikasının tərkibinə ilhaq edildi.

Görkəmli şairimiz Səməd Vurğun Dilican dərəsinə səyahətə gedər, bu yerlərin gözəlliklərindən vəcdə gələrdi. Onun yazdığı məşhur

Qarışsın Qazağa Dilican dərəsi,

Daha da birləşib olsunlar bir can,-

misraları şairin arzularının ifadəsi idi. Vətənin hər çınqılını belə sevən ölməz şair Dilicanın Qazaxdan ayrı düşməsini ürək ağrısı ilə qeyd edir, onların birləşib bir can olmasını arzulayırdı. Şairin qələmə aldığı:

 Yenə yada düşdü Dilican dərəsi,

Yadıma çox köhnə zamanlar gəlir.

Ömür dedikləri bir karvan yolu,

Nə canlar gedərək nə canlar gəlir,

bəndi də böyük ədibin bu yerə nə qədər bağlı olduğunu göstərir. Digər istedadlı aşıq və şairlərimiz də Dilican dərəsinin gözəlliklərini vəsf edən çoxlu şeirlər yazmışlar.

Tanınmış dilçi alimimiz Mirəli Seyidov “can” sözünün etimologiyasını araşdırarkən onu  “qan” sözünün fonetik baxımdan dəyişmiş forması hesab edərək, “ata, hakim” anlamında olduğunu göstərmişdir. Müəllifə görə, Dilican quruluşca mürəkkəb etnotoponim olaraq (Delican, Delecan) “tele” tayfasından olan hakimin, atanın  yaşayış məskəni mənasını verir.

1924-1930-cu illər ərzində Ermənistanda 80 toponim dəyişdirilib. Tarixi sənədlərdə göstərilir ki, Ermənistandakı türk toponimlərinin dəyişdirilməsi müxtəlif tərəflərdən izah olunsa da, kökü həmin adların türk mənşəli olması idi. Sovet hökumətinin başçıları Vladimir Leninin və İosif Stalinin ermənipərəst siyasəti ilə Azərbaycan toponimlərinin erməniləşdirilməsi daha kütləvi xarakter alırdı. Bildiyimiz kimi, ermənilər Leninin razılığı ilə 1920-ci ildə Azərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirə bildilər. Belə ki, azərbaycanlılar yaşayan Zəngəzur və Göyçə mahalları, Qazax qəzasının Dilican bölgəsi Azərbaycandan qoparılıb Ermənistan Respublikasını təşkil etmək üçün ermənilərə bağışlandı.

Xatırladaq ki, Dilican 1826-cı ilədək Qazax mahalının kəndlərindən biri idi. O, 1919-cu ilədək Azərbaycanın tərkibində Qazax-Dilican qəzası adlanırdı. İyirminci illərdə qəza ləğv edildi, rayon yaradıldı. Sonra da Dilicanın adını dəyişib “Krasnoye selo” (yəni Qırmızı kənd) qoydular. Halbuki, Ermənistanda sovet hakimiyyəti yarananadək Dilican Gəncə quberniyasının Qazax qəzasının tərkibində idi.

Yeri gəlmişkən, Dilican rayonunda 21 azərbaycanlı, 8 erməni kəndi vardı. 1951-ci il martın 19-da verilən fərmanla Dilican rayonu İcevanla, Əzizbəyov rayonu Mikoyan rayonu ilə, Ələyəz rayonu Abaranla, Qarabağlar rayonu Vedi ilə, Qukasyan rayonu Amasiya ilə birləşdirilmişdi. Kadr məsələləri həll edildikdən, yəni azərbaycanlı kadrlar müxtəlif üsullarla vəzifələrdən çıxdaş edildikdən sonra bəzi rayonları sonralar yenidən ayırmışdılar. Yada salaq ki, Azərbaycanlılar yaşamış Qaraqoyunlu mahalının bir hissəsi bu ərazidə yerləşir. Qaraqoyunlu mahalının digər hissəsi isə Göyçə mahalının Çəmbərək rayonu (indiki Krasnoselsk) ərazisində yerləşir.

1995-ci ildən sonra ermənilər tərəfindən tarixi saxtalaşdırmaq üçün Dilicana Tavuş adı verilib. Ərazinin əsl adı isə qədimdə Tavus adlanmışdır. Bu yaşayış məskənimiz adını həmin ərazidə yerləşən Tavus qalanın adından götürmüşdür. Qalanı əraziyə eramızın III əsrində köç edən hunlar tikmişlər. Qala qədim türkcədən tərcümədə dağ üstündə qala mənasını verir: “Tau ust qala” (Tauustkala). Qala yerli əhali tərəfindən yerli ləhçədə Tauusqala adlanır. Rəsmi sənədlərdə də rayon 1965-ci ilədək Tavus adlandırılmışdır. Sonradan yanlış olaraq Tovuz quşu adının təsiri ilə Tovuz adlandırılmışdır. Heç şübhəsizdir ki, ermənilər yerin adını yalnız öz dillərinə çevirərək Tavuş adlandırıblar. Əvvəllər ərazinin erməni mənbələrındə gedən adının Tuzkatak olması da elə bu səbəbdəndir. Ermənilər yüz ildən artıqdır ki, bizim izlərimizi yox etməyə və ya özününküləşdirməyə, özlərini dünyanın qədim milləti kimi təqdim etməyə çalışırlar. Ancaq ağ  şalvara qara yamaq yaraşmadığı kimi, əsli-nəcabəti olmayan vəhşi, köçəri ermənilərə heç nə yaraşmır. Bunu biz yox, dünyanın ən tanınmış və zəkalı adamları demişlər, özü də yüz illər öncə.

Biz tarixi məskənlərimizi heç vaxt unutmamalı, onu öz adı ilə tanımalı, düşmən təbliğatına qarşı əks təbliğat aparmalı, yurd yerlərimizin özünün və adlarının geri qaytarılmasına çalışmalıyıq. Prezident İlham Əliyevin tapşırdığına uyğun olaraq qədim yerlərimizi öz adı ilə adlandırmalı, düşmənlərimizin uydurduqları əcaib adları rədd etməliyik. Prezidentimizin Cəbrayıl rayonu ərazisində ermənilərin qoyduqları ad göstəricisini necə ayaqladığı yadımızdan çıxmamalı, ondan nümunə götürməliyik. Görünür, hətta düşmən ölkənin başçısı da bundan nəticə çıxarıb və son vaxtlar Azərbaycanın yer adlarını azərbaycanca deyir. Nikol Paşinyanın qondarma Ermənistan ərazisindəki yaşayış məntəqələrinin və ərazilərin adlarını azərbaycanca ifadə etməsi bir çox erməniləri təəccübləndirib və çaşdırıb. Onlar düşünüblər ki, Nikol Paşinyan bu jesti ilə Azərbaycanın tələblərini yerinə yetirməyə hazır olduğuna işarə edir. Deməli,  “Dəmir yumruq” öz işini görüb və görməkdədir.