KÖŞƏ

Elçin Zaman

Ermənistan ordusunda fərarilik və əxlaqsızlıq pik həddə çatıb

16 sentyabr 2021 21:57
2408

Ermənistan ordusu tam iflas durumundadır. Hətta erməni gənclər öz ordularına inamlarını o dərəcədə itiriblər ki, hərbi xidmətə çağrışdan imtina edirlər. Eyni zamanda, Ermənistan ordusunda fərarilik, əsgərlərin intiharı halları da durmadan artır. Ən başlıcası isə odur ki, bu məğlub orduda ciddi əxlaqsız hərəkətlər- zabitin əsgərlərinə təcavüz halları da çoxalıb.

Erməni ordusundan fərarilik etmiş bir erməni əsgər ona qurulan məhkəmədə etiraf edibdir ki, hərbi hissədə əvvəlcə iki aylıq təlim elan etdilər, sonra bu müddəti üç ay da uzatdılar: «Ancaq ortada ciddi məsələ var. Çoxları Ermənistan ordusunda xidmət etməkdən yayınır. Yeni gələn əsgərlər həm özləri, həm də digərlərinin əvəzinə bəzi işləri yerinə yetirməyə məcbur olurlar. Bu da onların arasında nizamnamədən kənar münasibətlərin yaranmasına səbəb olur. Ona görə də bir-birinə qarşı zorakılığa yol verir, silah istifadə edirlər.»

Erməni saytlarının məlumatına görə, məhz ötən həftə gənc bir əsgər 3 nəfər xidmət yoldaşını güllələmişdir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 3 əsgər həmin gəncə qarşı seksual hərəkətə yol verdiyi üçün o, silahdan istifadə edib.
Ermənistan ordusunun gücsüzlüyünü etiraf edən erməni hərbçilərin də sayı durmadan artır. Onlardan biri «monax» ləqəbli keçmiş erməni zabiti Artur Ayvazyan deyib ki, Ermənistan ordusu Azərbaycanla təkbətək döyüşməyə qadir deyildir. Ona görə də bizim yeganə çıxış yolumuz var- Azərbaycana qarşı mübarizədə terrorçu-diversiya qrupları yaratmaq.

Daha sonra bildirir ki,  tarixə nəzər salsaq, bunun ermənilərin son ümidi olduğunu görərik: «Biz sonradan PKK ilə də hər hansı bir yolla razılaşa bilərik. Vəziyyət çox ciddidir, hər gün bir addım geri çəkilirik. Zəngəzuru, ümumiyyətlə, yaddan çıxarın, o, əlimizdən getdi. İndi İrəvanda hamı bir-birini ittiham etməklə məşğuldur». 

Təbii ki, bu terrorçu ölkənin zabitinin dediyində həqiqət  var. Çünki Ermənistan dövlətinin milli təhlükəsizlik konsepsiyasında qardaş Türkiyəyə və ölkəmizə qarşı mübarizədə özlərinin qurduqları çoxsaylı terorrçu təşkilatlardan istifadə və hətta xaricdəki terrorçu qruplarla əməkdaşlıq da mühüm yer tutur. Hətta ötən dövrlərdə Ermənistana rəhbərlik etmiş Robert Koçaryan, Serj Sarkisyan kimi qatillər azərbaycanlılara qarşı terror aktlarının, qanlı cinayətlərin, kütləvi qırğınların başında dayanıblar. Ayvazyan kimilərin sözündə reallıq odur ki, ermənilər hər fürsətdə terrora baş vuracaqlar və bundan vaz keçməyəcəklər.

Heç şübhə yoxdur ki, ermənilər terrora əl atacağı təqdirdə, Azərbaycan həm öz Konstitusiyasına, həm də beynəlxalq hüquqa söykənərək Qarabağda yenidən antiterror əməliyyatına başlayacaq.