KÖŞƏ

Vəli İlyasov

Möhtəşəm Zəfərə aparan gün

28 sentyabr 2021 00:57
3406

Xalqımızın qüdrətini sübut edən  2020-ci ilin 27 sentyabrı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq, çünki 200 ildə ilk dəfə olaraq işğalçı Ermənistanı onu dəstəkləyən havadarları ilə birlikdə məğlub etdik. Hətta döyüş meydanında Suriyadan, Livandan, Rusiyadan gələn muzdlu qatillərin belə qələbəmizə heç bir təsirləri olmadı. Düşmənlərimiz güclü Azərbaycan Ordusunun qarşısından mətbəx siçovulu kimi qaçırdılar. Bizim müasir silahlarla və yeni taktiki üsullarla apardığımız müharibəni bütün dünya  izləyərək heyrətə gəlirdi. Əslində Azərbaycan bu müharibəyə çoxdan hazır idi. Bu Qələbəni bir neçə il əvvəl də qazana bilərdik. 2016-cı ildə Cəbrayıl rayonu istiqamətindəki Lələtəpə kimi möhkəmləndirilmiş “Ohanyan müdafiə səddi”nin döyüşçülərimiz tərəfindən cəmi 45 dəqiqəyə darmadağın edilərək alınması Ermənistanın başı dumanlı rəhbərlərini dərindən düşündürməli idi. Onlar dərhal öz avantürist siyasətlərində düzəliş etməli, işğal etdikləri Azərbaycan ərazilərini qeydsiz-şərtsiz boşaltmalı idilər. Lakin boylarından çox yuxarı olan boş iddiaları buna imkan vermirdi.

Dediyimiz kimi, Azərbaycan öz ərazilərinin azad olunması naminə müharibəyə hazır idi. Lakin ölkəmizin rəhbərliyi hərbi yola əl atmaq, qan tökülməsini istəmirdi. Güman edirdi ki, Ermənistanın rəhbərləri sağlam düşüncəni əsas tutacaq, başa düşəcəklər ki, özgə ərazilərini işğal altında saxlamaq ağılsızlıq və perspektivsizdir. Amma məlum oldu ki, Ermənistanda hakimiyyət sükanı arxasında olanlar sağlam düşüncəni və praqmatizmi deyil, öz şəxsi ambisiyalarını və mifik təsəvvürlərini üstün tuturlar. Buna baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair danışıqlar illərlə davam edirdi. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan və müdafiə naziri David Tonoyan 2020-ci ilin əvvəllərində daha “uzağa” gedərək həyasızcasına “yeni müharibə, yeni ərazilər” kimi sərsəm bəyanatlar verməyə başladılar. Onlar təhrikçi mövqeləri ilə sülh danışıqlarının dalana dirənməsinə aparıb çıxardılar. Ərazilərimizin azad olunması üçün müharibədən başqa yol qalmadı, “Dəmir yumruq” işə salınmalı oldu.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi kimi qəbul edilən İkinci Qarabağ müharibəsi başladı. Çoxmillətli Azərbaycan xalqı yekdilliklə öz torpaqlarının azad edilməsi uğrunda mübarizəyə qalxdı. Azərbaycan əsgər və zabitlərinin öz Vətəninin azadlığı naminə həlak olmağa hazır olduqları qəhrəmanlıqla keçən 44 gecə və gündüz. Prezident, Ali Baş Komandan İlham Əliyevin 44 gərgin gecəsi və gündüzü. Bu günlər ərzində cənab İlham Əliyev həm döyüş əməliyyatlarına rəhbərlik edir, eyni zamanda, öz xalqı ilə sıx təmasda olur, həm də xarici KİV-lərə çoxsaylı müsahibələr verərək, informasiya mübarizəsinin ön xəttində addımlayır və Azərbaycan xalqının öz torpaqlarını azad etmək hüququnu yorulmadan həm dostlarımıza, həm də düşmənlərimizə izah edirdi. Prezidentimizin ağıllı siyasəti və hərbi qüdrəti dostlarımızı sevindirir, düşmənlərimizi isə xar edirdi.

Prezident İlham Əliyevin yüksək hərbi və diplomatik məharəti öz bəhrəsini verdi. Dünyanın əksər ölkələri bizim beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qərarlarına güvənərək, tarixi torpaqlarımızı öz gücümüz hesabına azad etmək səyimizə anlaşıqlı yanaşdılar. Bizə dost ölkələr yanımızda idilər. Onların arasında Türkiyə və Pakistan xüsusi yer tuturdu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri İmran Xan mütəmadi olaraq çıxışlarında Azərbaycanın yanında olduqlarını bəyan edirdilər. Bu isə həmin gərgin günlərdə bizim üçün böyük mənəvi yardım idi.

Ancaq Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımız savaş meydanında silah gücünə azad olundu. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Azərbaycan Ordusunun Zəfər yürüşünün kulminasiya nöqtəsi oldu. Azərbaycanın aşkar hərbi-siyasi üstünlüyünü görən erməni tərəfi canını tamamilə məhv olmaqdan qurtarmaq üçün Kəlbəcər, Laçın və Ağdam rayonlarını bir güllə atılmadan boşaltmağa məcbur oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli Bəyanat imzaladılar.

İşğaldan azad edilmiş torpaqlara həmin rayonlarda doğulanlar, ictimai xadiər, həmçinin əcnəbilər, ələlxüsus da Ermənistan-Azərbaycan münaqişəsi və İkinci Qarabağ müharibəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı bacaran və bunu ürəkdən istəyən əcnəbilər-jurnalistlər, diplomatlar, mədəniyyət xadimləri və s. səfər edirlər. Azad olunmuş torpaqlardan çəkilən videoçəkilişlər və fotomateriallar yayılmağa başlayıb, dünyaya guya qədim sivilizasiyaya mənsub, “yazıq” və “əzabkeş” olmalarını canfəşanlıqla inandırmağa çalışan ermənilərin əsl sifətlərinin- vəhşiliyinin və vandalizminin şahidinə çevrilir.

Azərbaycan tarixi qələbəsindən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Ermənistan bununla barışmaq istəməsə də başqa yolu da yoxdur. Artıq işğalçı ölkədə başa düşməyə başlayıblar ki, sərsəm ideyalarla yaşamaq olmaz, qonşularla yersiz ərazi iddiaları ilə yaşamaq mümkün deyil. Son günlər mətbuata sızan məlumatlarda bildirilir ki, Ermənistanın baş naziri və dövlət rəhbərliyində mühüm postlar tutan adamlar Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmalı olduğunu etiraf edirlər. Bu isə düşmən üzərində daha bir qələbəmizdir.