KÖŞƏ

Mahir Rəsuloğlu

Dalan...

28 sentyabr 2021 23:17
1390

Məğlub Ermənistan müharibədən bir il sonra necə görünür?

Azərbaycan şanlı Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman oğullarının xatirəsini andığı bugünlərdə düşmən ölkənin hərbi və siyasi kluarlarında gündəm mövzusu acı məğlubiyyətdir.

Öncə qeyd edək ki, müharibənin başladığı gün – 27 sentyabr işğalçı ölkədə baş nazir Nikol Paşinyan tərəfindən “Yerablur” hərbi panteonunun ziyarət edilməsi, döyüşlərdə əlil olmuş əsgərlərlə görüşü, rəşadətli ordumuz tərəfindən məhv edilmiş hərbçilərin Ermənistanda və Qarabağdakı ermənilər tərəfindən bir dəqiqəlik sükutla yad edilməsi ilə qeyd olundu. Bazar ertəsi həm də Ermənistan İstintaq Komitəsi tərəfindən itkilərin yeni statistikası da açıqlandı. Son rəsmi rəqəmlərə görə, düşmən 3781 nəfər itki verib, 231 hərbçi və 22 mülki şəxs itkin sayılır. Yeri gəlmişkən, bu haqda rəsmi məlumatların dəqiqliyi yerli ictimaiyyət tərəfindən şübhə ilə qarşılanır və bəzi kütləvi informasiya vasitələri faktiki itkilərin daha çox olduğunu, hələ də soyuducularda yüzlərlə əsgər meyitinin saxlanıldığını iddia edirlər.

Müharibənin başlamasının birinci ildönümü günlərində yenə də məğlubiyyətin səbəbləri haqqında müxtəlif fikirlər, qarşılıqlı ittihamlar səsləndirilsə də nəticə və Ermənistanın düşdüyü vəziyyət barədə hərbi ekspertlərin və siyasi analitiklərin rəyləri təxminən üst-üstə düşür – ölkədə hərbi-strateji şərait kəskin pisləşib. Bu rəylərdən bir neçəsinə nəzər yetirmək Ermənistanın çıxılmaz vəziyyəti ilə bağlı mənzərəni təsəvvür etmək üçün kifayət edir.

Hərbi ekspert David Arutyunov yerli mətbuata açıqlamasında müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin hərbi-texniki heyəti ilə bağlı vəziyyətin acınacaqlı duruma düşdüyünü bildirib. Erməni ekspertin fikrincə, ölkəsi, ehtimal ki, yeni sərhəd xəttini əhatə edəcək hərbi hissələrin yaradılması məcburiyyətində qalacaq. Bu da öz növbəsində əsaslı tikinti xərcləri deməkdir. Üstəlik, təmas xəttinin kəskin şəkildə uzanması onu əhatə etmək üçün daha çox sayda canlı qüvvə tələb edir və bu, ciddi problemdir: “Müharibə Ermənistanın həm pilotlu, həm də pilotsuz hərbi aviasiya sahəsində, o cümlədən təyyarələrin yüksək dəqiqlikli silahlarla, müasir kəşfiyyat və hədəf təyinetmə vasitələri ilə təminatı baxımından Azərbaycandan kritik bir fərqlə geridə olduğunu göstərdi. Həll yolu böyük xərclər tələb edən bu problemə, zirehli texnika və artilleriya donanmasının qocalması və resurslarının tükənməsi ilə bağlı uzun müddət davam edən digər problemləri də əlavə etsək vəziyyətin nə yerdə olduğunu başa düşmək olar. Bundan əlavə, müharibə ordunun döyüş hazırlığı və nizam-intizam, habelə münaqişə vəziyyətində Silahlı Qüvvələrin təminatı sahəsindəki çatışmazlıqları ortaya qoydu.” Arutyunov ölkənin silahlı qüvvələrinin texnoloji geriliyini və insan potensialının aşağı keyfiyyətini sosial-iqtisadi siyasətin xüsusiyyətləri ilə əlaqələndirir.

Azərbaycan Ordusunun zərbələri nəticəsində hərbi arsenalı demək olar ki tamamilə məhv edilmiş Ermənistan faktiki olaraq yenidən silahlanmaq iqtidarında deyil və düşmən ölkədə bunu yaxşı başa düşürlər. Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin “Sputnik Armeniya”ya bildirib ki, baş verənləri anlamaq üçün bir il kifayət qədər vaxtdır. Ermənistan hakimiyyəti bu müddət ərzində nəticə çıxara və silahlı qüvvələrin inkişafı üçün yeni strategiya qura bilərdi: “Lakin son bir il ərzində heç bir, ən azından kiçik silahların alışı haqqında hər hansı bir məlumatım yoxdur. Məncə, hələlik əhəmiyyətli bir şey olmayıb.”

Müharibədən bir il sonra da nəticələr Ermənistan üçün çox ağır görünür. Ölkə özünü dövlətçiliyini, suverenliyini itirmək ərəfəsində tapdı. Bunu isə yerli mətbuata açıqlamasında Milli Məclisin “Ermənistan” blokundan olan deputatı Andranik Tevanyan bildirib. A.Tevanyanın fikrincə, müharibədə məğlubiyyət və “Dağlıq Qarabağ” (Qarabağ iqtisadi rayonu) ərazilərinin itirilməsi dövlətçiliyi şübhə altına aldı: “Ermənistan bu gün bir dövlət olaraq böyük ölçüdə Rusiyanın hərbi-siyasi faktoruna görə mövcuddur.”

Siyasi strateq Vigen Akopyanın fikrincə, müharibədən sonra Ermənistanın statusu, dünyada və regionda nüfuzu kəskin şəkildə aşağı düşüb, hakimiyyət isə bundan heç bir dərs çıxarmağa çalışmır. Müxtəlif manipulyativ və texnoloji üsullardan istifadə edərək məğlubiyyətin nəticələrini “rəngləndirmək” üçün çalışırlar.

Ermənistanın müharibədən bir il sonrakı vəziyyəti haqqında digər erməni ekspertlərin fikirləri də düşmən ölkədə davam edən hərbi və siyasi böhranın tezliklə həll edilməsinin mümkün olmayacağı qənaətini yaradır. Sosial şəbəkələrin erməni seqmentində də içtimai rəylərdə ümidsizlik və ciddi fikir ayrılığı müşahidə olunur. Hətta qanunvericilik səviyyəsində qadağa və məsuliyyət tətbiq edilməsinə baxmayaraq, rəsmi sosial şəbəkə hesablarında baş nazir Nikol Paşinyanı təhqir edənlər, söyənlər elə tərəfdarları kimi kifayət qədərdir. Görünən odur ki, Ermənistanın “başına dəymiş yumruqdan” özünə gələrək normal qonşuluq, sülh və inkişaf yolunda addımlar atması elə də sadə proses deyil və onun baş verənlərdən nəticə çıxarması üçün aldığı zərbədən tam ayılmasına ehtiyac var…