KÖŞƏ

Vəli İlyasov

 “Cırtdan Ermənistan” öz yerini bilməsə...

29 sentyabr 2021 02:15
1138

Yalanlar və xəyanətlər üzərində qurulan Ermənistanda hətta dövlət başçılarının belə “xəmirləri” bu nəsnələrlə mayalanıb. Təkcə Nikol Paşinyan deyil, beyinləri daşnak ideyaları ilə zəhərlənmiş bütün ermənilər belədir. İşğalçı ölkədə İkinci Qarabağ müharibəsinin başlanmasının bir illiyinin acı nəticələrini  “qeyd” edən bir çox yüksək rütbəli hərbçilər və vəzifəli şəxslər bildirirlər ki, müharibəni ilk günlərdə uduzduğumuzu hiss etsək də informasiya vasitələri bizə guya döyüş meydanındakı üstünlüyümüz və qələbə xəbərləri verərək aldadırdılar. Səhra komandirləri Azərbaycan Ordusunun azad etdiyi şəhər və kəndləri, strateji mövqeləri geri qaytarmaları barədə yalanlar uydururdular. Ancaq sonradan generalların, polkovniklərin, mayorların döyüş meydanlarından hətta öz əsgərlərindən də qabaq qaçmalarını öyrəndik.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin məşhur Anadolu Agentliyinə müsahibəsində bu məsələləri diqqət mərkəzinə çəkib: “Müharibədən əvvəl və müharibə dövründə Ermənistan rəhbərləri tərəfindən o qədər təzadlı, yanlış və yalan bəyanatlar oldu ki, həddi-hesabı yoxdur. Bu cür nümunələri saatlarla göstərə bilərik. Biz şəhərləri, kəndləri azad edərkən, onlar isə bizim şəhərlərimizi yenidən işğal etdiklərini bildirirdilər. Biz azad edilən şəhərlərimizdə bayraqlarımızı qaldıranda onlar bunu inkar edirdilər. Yəni ağa qara, qaraya ağ demək onların xarakteridir. Odur ki, onlar hər hansı bir açıqlama verəndə düzünü desək, biz bunu ciddi qəbul etmirik”.

Prezident qeyd edib ki, bu, psixoloji xəstəliyə bənzər bir şeydir. Odur ki, Ermənistan rəhbərləri gec də olsa, nəhayət, bundan imtina etməlidirlər. Azərbaycana qarşı ərazi iddialarından imtina etməli, ağıllarını başlarına yığmalıdırlar. İlk növbədə yeni reallıqları qəbul edib Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmalıdırlar.

Lakin belə görünür ki,  əsrlər boyu qanına zəhər yeridilmiş ermənilər öz xeyirlərini belə başa düşməkdə çətinlik çəkirlər. Təəssüf ki, İkinci Qarabağ müharibəsindən əvvəlki iki illik dövrdə Azərbaycan tərəfindən verilmiş müsbət siqnallar da orada yanlış anlaşıldı. Zəiflik və gücsüzlük kimi qəbul edildi. Halbuki biz güclü idik və yalnız qan tökülməsini istəmirdik. Biz  son məqamda problemi güc yolu ilə həll edə biləcəyimizi dəqiq bilirdik. Ermənistan isə buna inanmırdı. İndi də gec deyil. Yeni yaranmış reallığı düzgün qavrasın, bu reallığa uyğun addımlar atsın, xəritəyə baxaraq öz yerini orada tapsın, ona diqqətlə baxsın, çünki ərazisi  bir nöqtə miqyasındadır. Ona görə də “cırtdan Ermənistan” ağır durumuna uyğun addımlar atmalıdır. Ora-bura vurnuxmaqla,  vaxtı uzatmaqla sülhün bağlanmasına mane olmaq yalnız özlərinin ziyanınadır.

Bu günlərdə Ermənistan parlamentində sərhədlərin demarkasiyası və delimitasiyasından söhbət gedərkən orada bir deputat iddia edib ki, biz Azərbaycanla sərhədlərimizi öz xəritəmizlə müəyyən etməliyik. Deputatalardan biri isə istehza ilə ona belə cavab verib: -Hansı xəritə ilə? II Tiqranın xəritəsi ilə?  

Bu faktın özü göstərir ki, yalanlar üzərində qurulmuş və ərazisi olmayan dövlətciyin xəritəsi necə ola bilər? Ona görə də sərsəm iddialardan əl çəkmək, Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək və normal əlaqələr yaratmaq, qonşu ölkələrlə münasibətləri yumşaltmaq ermənilərə hava-su kimi lazımdır. Yalnız belə olduğu təqdirdə regionda sülh və genişmiqyaslı əməkdaşlıq mümkün ola bilər. Bu, böyük Azərbaycan xalqının və həm də hazırda ağır iqtisadi, siyasi və hərbi böhran vəziyyətində çabalayan kiçik erməni toplumunun xeyrinə olardı. Əgər Ermənistan bu şərtlərə əməl etməsə, onda onun dövlətçiliyini sonu xoş olmayan bir aqibət gözləyir. Özü seçsin: Ölüm, yoxsa qalım?