KÖŞƏ

Vəli İlyasov

İflasa uğrayan qiyam…

05 oktyabr 2021 00:56
1631

Ermənistanla aparılan Birinci Qarabağ müharibəsi illərində-1992-1994-cü illərdə paytaxt Bakı və Gəncə şəhərlərində bir neçə dövlət çevrilişi və ona cəhdlər olmuşdu. Xarici ölkələr tərəfindən silahlandırılan və qızışdırılan bəzi şəxslər, o cümlədən Surət Hüseynov Azərbaycanın baş ağrısına çevrilmişdilər. O, AXC-Müsavat hakimiyyətini tarixin arxivinə göndərəndən sonra ölkənin Baş naziri olsa da iddiaları bitib-tükənmir, sakitləşmirdi. Qarşısındakının  siyasət nəhəngi Heydər Əliyev olduğunu anlamayan bu adam antidövlət əməliyyatlarına davam etməkdə idi. O, Cənub zonasında oyuncaq TMR “quran”, dövlətə qarşı qiyam qaldıran bədnam polkovnik Əlikram Hümbətovla, daxili işlər nazirinin müavini, XTPD-nin komandiri, polkovnik Rövşən Cavadov və digər qüvvələrlə birləşmək, Azərbaycanda hakimiyyəti zəbt etmək planını həyata keçirməyə çalışırdı.

Nəhayət, 1994-cü il oktyabrın 4-də Azərbaycanda Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə növbəti qiyam başladı. Bu, dövlət çevrilişində “təcrübəsi” olan Surət Hüseynovun artıq ikinci qiyamı idi. Onu qızışdıran və arxasında duran qüvvələr inandırmışdılar ki, bu dəfə də qalib gələcək və hakimiyyəti ələ alacaqdır.

Xatırladaq ki, 1993-cü il iyunun 4-də Gəncədə qiyama başlayan polkovnik, Gəncədəki 709 saylı hərbi hissənin komandiri, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, Baş nazirin müavini, Yevlax Yunun İlkin Emalı Fabrikinin direktoru və nəhayət, Milli Qəhrəman Surət Hüseynov Elçibəy hakimiyyətinin süqutuna səbəb olmuşdu. Cəbhə hakimiyyətinə xalq inamsızlığı bu qiyamın hədəfə çatması ilə nəticələnmişdi və Ali Sovetin sədri İsa Qənbərov, Baş nazir Pənah Hüseynov, xarici işlər naziri Tofiq Qasımov, nəhayət, Prezident Əbülfəz Əliyev(Elçibəy) hakimiyyətdən uzaqlaşmışdılar.

Surət Hüseynovun növbəti qiyamını Heydər Əliyevin başçılığı ilə 20 sentyabr 1994-cü ildə imzalanan neft kontraktları – "Əsrin müqaviləsi"ndən dərhal sonra başlamasıbu qiyamın xarici anti-Azərbaycan dairələri tərəfindən hazırlandığını bird aha təsdiq edir.

Sabiq dövlət müşaviri, görkəmli diplomat mərhum Vəfa Quluzadə 1994-cü ildə bağlanan "Əsrin müqaviləsi"nin hansı məxfilik şəraitində aparıldığı və Rusiya KQB-nin necə aldadıldığını 20 illik gizlilikdən sonra  açıqlamışdı Bu açıqlama qiyamın niyə neft kontraktlarından əvvəl deyil, sonraya təsadüf etməsi və qiyamın arxasında dayanan güclər barədə təsəvvür yaratmağa imkan verir…

Heydər Əliyev qiyamla bağlı xalqa müraciət etdi. Ulu Öndərin əhali arasında müstəsna nüfuzu qısa müddətdə bir milyondan çox insanın Prezident Aparatının qarşısına toplanması və hakimiyyətə dəstək nümayiş etdirməsinə səbəb oldu. Beləliklə, Heydər Əliyev 1993-cü il 4 iyun qiyamından fərqli olaraq, bircə güllə belə atılmadan qiyamın qarşısını yalnız siyasi gedişlərilə aldı: Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə Baş nazir vəzifəsindən uzaqlaşdırıldı. Cəmi bir həftə sonra parlament keçmiş Baş nazirə qarşı cinayət işinin qaldırılması, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı fəxri adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul etdi. Oktyabrın 30-da Sürət Hüseynovun əlindən "Azərbaycan Milli Qəhrəmanı" adı alındı.

Həmin dövrlə bağlı maraqlı məqamlardan biri isə Sürət Hüseynovun həbs olunması ilə bağlı idi. Həbs olunan Hüseynov az sonra naməlum şəxslər tərəfindən təcridxanadan qaçırıldı. Tezliklə o, Rusiyada peyda oldu. Lakin az sonra Surət Hüseynov orada həbs edilərək, Bakıya təhvil verildi və qiyamçı polkovnik layiqli cəzasına çatdı.

Qiyamın dinc üsulla yatırılması isə aydın göstərdi ki, bundan sonra Azərbaycanda silahlı çevriliş yolu ilə hakimiyyətə gəlmək daha mümkün deyil. Çünki müstəqil Azərbaycan dövlətinə dünyanın şöhrətli dövlət xadimi, siyasət nəhəngi, dahi Heydər Əliyev rəhbərlik edirdi. Onun gücü xalqın özünün dahi liderinə etibarı, etimadı və sevgisi idi. Bir çağırışı ilə bir saatda bir milyon insanın meydana  gəlməsi və səsinə səs verməsi buna ən bariz sübutdur.