KÖŞƏ

Zahid Rza

İzzəti-şərəfini ayaqlar altına atanlar…

07 oktyabr 2021 02:14
1386

Dağıdıcı müxalifət, “siyasi münacir” kod adlı antimilli satqınlar, bütövlükdə isə “beşinci kolon” tarixi zərurətin diktəsi ilə iflasa uğrayaraq siyasi səhnədən silinəcəklər

44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz Liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Vətən müharibəsinin Zəfərlə başa çatmasından sonra dövlətimizin qarşısında duran əsas vəzifə azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Artıq bu istiqamətdə müvafiq işlər başlayıb və quruculuq işləri sürətlə davam edir. Bütün bunlar isə başda məğlub Ermənistan olmaqla anti-Azərbaycan dairələrin və onların ruporu olan ölkə daxilindəki “beşinci kolon”nu və “siyasi mühacir” kod adlı xəyanətkar ünsürləri ciddi narahat edir, əsəblərini tarıma, yuxularını ərşə çəkir.

Bu xəyanətkar dəstənin izzəti-şərəflərini ayaqlar altına atan üzvləri- Qabil Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Ruslan Cəlilov, Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İsgəndərli və digərləri bəzi xarici kəşfiyyat, xüsusilə Ermənistan xüsusi xidmət orqanlarının tapşırıq və sifarişlərini yerinə yetirərək ölkəmizdə sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün sosial şəbəkələr vasitəsi ilə çoxsaylı videoçıxışlar yayımlayır əvəzində isə onlardan qrantlar, ianələr alırlar. Son zamanlar anti-Azərbaycan dairələrin maşası olan bu antimilli ünsürlər, muzdlu nökərlər, zombiləşmiş qaragüruhçu dəstənin üzvləri respublikamızın vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etmələri bu marginalların simasızlığını  tam çılpaqlığı ilə ortaya qoydu.

İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanan ölkəmizə qarşı aparılan oyunlarda erməni lobbisi, eyni zamanda, məkrli düşmən qüvvələr kifayət qədər fəallıq nümayiş etdirirlər.  Bir müddət əvvəl “Aznews.az” saytı “Siyasi mühacirlər erməni kəşfiyyatı tərəfindən necə tovlanır?” adlı araşdırma yazısında bəhs etdiyimiz bu məqamlara aydınlıq gətirib. Yazıda Azərbaycana qarşı “etnik separatizm” və qondarma “Dağlıq Qarabağ məsələsi”ndən istifadə etmək cəhdlərinin müşahidə edildiyi diqqətə çatdırılır, qondarma “Dağlıq Qarabağ rejimi” ilə yanaşı, xaricdə saxtakarcasına elan edilmiş “Talış-Muğan Mühacir Hökuməti” (TMMH) adlı qondarma qurumun dövlətimizin əleyhinə çirkin məqsədlərə xidmət edən fəaliyyətindən ətraflı bəhs olunur. Yazıda diqqət çəkilən digər məqam isə radikal müxalifətin dəstəklədiyi şəxslərin, həmçinin saxta yollarla Avropada “siyasi mühacir” statusu almış bəzi şəxslərin erməni maraqlarına xidmət etmələri ilə bağlıdır. Məlum olduğu kimi, qondarma “TMMH”nin başçısı kimi tanınan Əlikram Hümbətovun öncədən hazırladığı xüsusi “arayış”lar sayəsində Avropada “siyasi mühacir” statusu almış bir sıra şəxslər Azərbaycanı, ölkəmizin ərazi bütövlüyünü və konstitusion quruluşunu hədəfə alan çirkin təbliğat aparırlar. Avropanın daxildə bir neçə qrupa bölünən mühacirlər “TMMH”nin təbliğatçısı” statusu ilə çıxış edərək sosial şəbəkələrdə fəallıq göstərməli, qondarma qurumun keçirdiyi bütün tədbirlərdə, aksiyalarda məcburi şəkildə iştirak etməlidirlər və sair.

Şübhəsiz, bu xəyanətkar, düşmənlərimizin maraqlarına xidmət edən qulbeçələrin, sosial şəbəkələrdə informasiya terroru ilə məşğul olan ləyaqətsizlərin, mənəvi-psixi sarsıntılar içində çırpınan əxlaqsız Vətən xainlərinin və onların ipini əlində tutan qüvvələrin bütün cəhdləri fiaskoya uğrayacaq. Azərbaycan öz işıqlı gələcəyinə doğru daha inamlı addımlar atacaq, möhtəşəm qələbələrlə dolu  yeni-yeni zirvələr fəth edəcək.